Kamo Akvariumu

Kamo Akvariumu (加茂水族館, Kamo Suizokukan?)Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərində yerləşən akvarium. Dünyada ən böyük meduzariumudur.[1] Dünyanın ən zəngin meduza kolleksiyasına malik yer kimi 2012-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdür.[2]

Kamo Akvariumu
Akvarium 2018-ci ildə.
Açılma tarixi1930
YerTsuruoka, Yamaqata, Yaponiya
Saytkamo-kurage.jp
Akvariumda satılan meduzalı dondurma.

1930-cu ildə Yamaqata Prefektura Akvariumu kimi açılmışdır.[3] Populyar yerlərdən birinə çevrilən akvarium ildə 200 mindən çox ziyarətçi cəlb edirdi.[3] 1960-cı illərin ikinci yarısında akvarium yeni binaya köçürülmüş və Kamo Akvariumu adı ilə yenidən açılmışdır.[3] Lakin 1990-cı illərin ikinci yarısında ziyarətçi sayı 100 minə düşmüşdür.[3] Asiya dırnaqsız samuru və digər populyar dəniz canlılarının sərgilənməsi əvvəlki populyarlığı qaytara bilmirdi.[3]

2000-ci illərdə akvarium meduzaların sərgilənməsinə əhəmiyyət verməyə başladıqdan sonra yenidən tanınmağa başlanmışdır.[3] 2003-cü ildə meduzaların çoxaldılması üçün Tsuruoka Meduza Laboratoriyası yaradılmışdır.[3] 2014-cü ildə akvariumun yeni binası istifadəyə verilmiş, meduzalar üçün ayrılan sərgi hissəsinin ölçüsü iki dəfə artmışdır.[3]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Akvariumun əsas görməli yeri burada fəaliyyət göstərən Kuraqe Arzu Teatrıdır.[2] Burada 5 metr diametrə malik su çənində saxlanılan, Aurelia aurita növündən olan 10.000-dən çox meduzanın mənzərəsinə tamaşa etmək mümkündür.[2] Akvariumun restoranında isə meduzadan hazırlanmış ramen təqdim olunur.[2] Yapon dilində meduzaya "kuraqe" deyildiyi üçün akvarium Kuraqe muzeyi adı ilə də tanınır.[2] Hər il 500 mindən çox insan akvariumu ziyarət edir.[3]

Akvariumda 50-dən çox meduza növü saxlanılır və bu xüsusiyyətinə görə dünyada birincidir.[2] Saxlanılan meduza növlərinə Olindias formosus, Parumbrosa polylobata, Cyanea capillata, Turritopsis dohrnii kimi növlər daxildir.[2] Bəzi meduza növləri daim yox, sadəcə xüsusi vaxtlarda sərgilənir.[2] Burada meduzaların çoxaldılması ilə də məşğul olurlar.[2] "Hər şey meduza haqqında" adlı sərgidə meduzaların inkişafı və böyüməsindən bəhs olunur.[2] Ziyarətçilər bir günlük meduzaları müşahidə edə bilərlər.[2] Akvariumun işçiləri meduzaların qidalanmasını və həyat tsikllarını başa salmaq üçün gündə 4 dəfə təqdimat verirlər.[2] Akvariumda Şonay regionunun çay və göllərində yaşayan balıqlar, eləcə də, dəniz şirləri saxlanılır.[2]

  1. "World's largest Jellyfish aquarium!" (ingiliscə). City of Tsuruoka. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "The Kamo Aquarium: A Yamagata Destination for Jellyfish Lovers". Nippon.com (ingiliscə). 20 may 2018. 23 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  3. 1 2 3 4 5 6 7 8 9 "The Jellyfish that Saved an Aquarium" (ingiliscə). İctimai Əlaqələr Ofisi (Yaponiya). aprel 2020. 28 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]