Kanada Xristian Əmək Assosiasiyası (ing. Christian Labour Association of Canada – CLAC) — Kanadanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Assosiasiyanın baş qərargahı Ontario əyalətinin Mississauqa şəhərində yerləşir.
İkinci dünya müharibəsindən sonra Kanadaya üz tutan alman miqrantlar kommunizm və sosializm prinsiplərindən uzaq olan ədalətli siyasət yürüdən vahid bir təşkilata ehtiyac duyurlar. Ona görə də müəyyən qrup işçilər birləşərək xırda təşkilatlar yaradırlar. 20 fevral 1952-ci ildə isə həmin birliklər birləşərək Kanada Xristian Əmək Assosiasiyasını təsis edirlər.[1]
Assosiasiya bu günə kimi fəaliyyətini davam etdirir və əmək münasibətlərinin düzgün tənzimlənməsində böyük rol oynayır. Yarandığı ilk gündən assosiasiya Avropa həmkarlar ittifaqlarının təcrübəsindən istifadə edib. Bu isə təşkilatın ədalətli prinsiplər üzərində formalaşmasına böyük köməklik göstərib.
Assosiasiya 1974-cü ildən başlayaraq iki pensiya əmanəti proqramına başçılıq edir. Bu proqrama əsasən, hər ay işçilərin əməkhaqqından müəyyən faiz həcmində məbləğ fonda köçürülür. Təqaüdə çıxdıqda isə işçilər bu vəsaiti aybaay alırlar. Sahibkarların fondla heç bir əlaqəsi yoxdur. Bütün bu prosedura nəzarət etmək üçün isə xüsusi Müşahidə Şurası yaradılıb.
Assosiasiyanın 51,238 üzvü var.[2] Assosiasiya özündə tikinti, səhiyyə və qida məhsullarının istehsalı sahəsində işləyən işçiləri cəmləşdirir.
Qurumun prezidenti Dik Haynendir.
Təşkilat 1,3 milyondan çox işçinin maraqlarını qoruyan Ümumdünya Əməkçilər Birliyinin üzvüdür.