Kankaku Muzeyi (感覚ミュージアム, Kankaku Myuciamu?) – Yaponiyanın Miyaqi prefekturasının Osaki şəhərində yerləşən incəsənət muzeyi. Duyğu üzvlərinə (görmə, eşitmə, qoxu, dadbilmə, toxunma) həsr olunmuş ilk və yeganə Yaponiya muzeyidir.
Kankaku Muzeyi | |
---|---|
Açılış tarixi | 4 avqust 2000 |
Mövzu | duyğu üzvləri |
Ölkə | |
38°39′23″ şm. e. 140°52′14″ ş. u.HGYO | |
kankaku.org |
Muzey binasının tikintisi 2000-ci ilin iyununda tamamlanmışdır. Muzeyin açılışı 4 avqust 2000-ci ildə Miyaqi prefekturasının şimal-qərbində baş tutmuşdur.[1] Muzeyin memarı Kico Rokkaku olmuşdur.[2]
"Kankaku" (感覚?) söz yapon dilindən tərcümədə "duyğu" deməkdir. Muzeyin məqsədi duyğu üzvləri vasitəsilə insanlarda xəyal gücünü və həssaslığı inkişaf etdirməkdir. Ziyarətçilər muzeydə eşitmə, iyləmə, toxunma kimi təcrübələr yaşayaraq duyğu üzvləri haqqında maariflənə bilirlər.[3]
Binanın sahəsi 1952,3 m², muzeyin ümumi döşəmə sahəsi 1981,7 m² təşkil edir.[1] Birmərtəbəli muzey iki bölmədən ibarətdir: Dialoq bölməsi (fiziki duyğular) və Monoloq bölməsi (meditasiya). Dialoq zonasında duyğu üzvləri stimulasiya edilir. "Qaranlıq meşə" guşəsində ziyarətçi qaranlıq otağa daxil olaraq əli ilə əşyaları axtarır. "Məkan və səs" guşəsində isə ziyarətçilər "səsin hərəkətini" hiss edə bilər. Monoloq zonası zehni duyğulara fokuslanıb. Buradakı "Ətir meşəsi" guşəsinə daxil olan ziyarətçilər müxtəlif formalı oriqamilərlə və İvadeyama ətirləri ilə əhatə olunurlar.[1]
Muzeydə müxtəlif sənətçilər tərəfindən hazırlanmış, duyğu üzvlərinə xitab edən müxtəlif işlər sərgilənir: yaradıcı musiqi alətləri, 3D işıq heykəlləri, eşitmə cisimləri.[4] Ürək formasında olan "Ürək günbəzi" guşəsi muzeyin simvolu hesab olunur.[5]