Karelin tıs-tısı

Karelin tıs-tısı (lat. Acantholimon karelinii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.

Karelin tıs-tısı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, Anadolunun şimal-şərqi, İranda yayılmışdır. Naxçıvan MR ərazisindən toplanan nümunələrə əsasən təsvir olunmuşdur.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

8-20 sm hündürlüyündə, 30-35 sm diametrində, seyrək yastığı olan kolcuqdur. Xarici çiçəkaltlığı daxili çiçəkaltlığından bir qədər qısadır. Daxili çiçəkaltlıqları kasacığın yarısının uzunluğundan bir qədər artıqdır. Kasacıq büküyünün pərdələri iti və ya azacıq iti sonluqludur. Onların mərkəzi boyunca paylanmış damarcıqları kasacığın büküyünün kənarına çatır və ya ondan uzundur. Çiçək saplaqları süpürgəvari-sünbülcüklü və yarpaqlardan xeyli hündürdür. Sünbülün oxu çılpaq olub, tez qırılandır. Sünbülcüklər ensiz və nazik olub, 10 mm uzunluqdadır. Kasacığı 10 mm-ə qədər uzunluqda olub, çılpaq və narın qırışıqlı, 2 mm enində büküyə malikdir. Tacı parlaq çəhrayıdır. May-iyun ayında çiçəkləyir, iyulda toxumları yetişir.

Kserofitdir. İran-Turan coğrafi elementinə daxildir. Növ aşağı dağlıq qurşaqda, dəniz səviyyəsindən 800–1400 m hündürlükdə, friqanoid bitkiliyində rast gəlinir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikası ərazisində, daşlı və çınqıllı yamaclarda, bəzən əhəngli torpaqlarda yayılmışdır. İlk dəfə Naxçıvan MR ərazisindən toplanıldığı qeyd edilmişdir (Assadi, 2005). Torpağa tələbkar olmayan, işıqsevən, quraqlığa, istiyə dözümlü, həmçinin şaxtaya davamlı bitkidir.

Yastıqvari formasına, bol çiçəkləməsinə və çiçəklərini uzun müddət saxlamasına, çox əlvan, parlaq, çəhrayı rəngdə olmasına görə dekorativ bitkilər kimi xüsusi əhəmiyyət kəsb edir.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.