Karlos Roberto Forbs Borxeş (19 mart 2004, Portuqaliya) — Erediviziya təmsilçilərindən olan "Ayaks" klubunda hücumçu kimi çıxış edən peşəkar Portuqaliya futbolçusu.
Lissabon bölgəsinin Sintra şəhərində anadan olan Karlos elə orada futbol oynamağa başlamışdır. Bir mövsüm "Sportinq Lissabon" klubunda çıxış etdikdən sonra "Mançester Siti" akademiyasına qəbul olmuşdur.[1][2][3]
Mançester klubunda Borxeş bütün yaş qrupu kateqoriyalarında irəliləyiş göstərərək, 18 yaşadək və 23 yaşadək komandalarında müntəzəm qol və assist təminatçısı olmuşdur. Bunun nəticəsi kimi "Mançester Siti" 2020 və 2022-ci illər aralığında hər iki milli turnirin qalibi olmuşdur.[1][2][4][5] 2021-ci ilin may ayında oyunçu "Mançester Siti" klubunda mövsümün ən yaxşı U-18 futbolçusu seçilmişdir.[6]
2021-ci ilin sonunda Karlos UEFA Gənclər Liqasında debüt etmişdir. "RB Leipsiq" ilə səfər görüşündə o, oyunda yeganə qolun müəllifi olmuş və komandası rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.[7]
2022-ci ilin sentyabr ayında UEFA Gənclər Liqasında Karlos "Sevilya" klubuna qarşı görüşdə het-trik və assistlə yadda qalmışdır. Həmin görüşdə klub rəqibinə səfərdə 5-1 hesabı ilə qalib gəlmişdir.[1][3][7][8] O, həmçinin bir ay sonra "Kopenhagen" klubu ilə görüşdə bir qol və bir assistlə yadda qalaraq, komandasının 3-1 hesablı qələbəsində böyük pay sahibi olmuşdur.[9] 2022-23 mövsümünün sonunda oyunçu "Mançester Siti U-21" komandasında bütün turnirlər daxil olmaqla, 25 qol və 13 məhsuldar ötürmə ilə yadda qalmışdır.[10]
3 avqust 2023-cü ildə Borxeş 14 milyon avro qarşılığında Erediviziya təmsilçilərindən olan "Ayaks" klubu ilə beş illik müqavilə imzalamışdır.[11][12]
Karlos Portuqaliyada anadan olmuşdur. Valideynləri isə Qvineya-Bisau vətəndaşlarıdır.[13] O, Portuqaliyanın müxtəlif yaş qruplarında çıxış etmişdir. 2022-ci ildən U-19 millisinin əsas heyət oyunçularından biridir.[3][14]