Keniya Əmək Federasiyası və ya qısaca KƏF (ing. Kenya Federation of Labor) — Keniyanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri.
Keniyada həmkarlar ittifaqları İkinci Dünya müharibəsindən sonra formalaşmağa başlamışdır. Bir sıra təşkilatlar bu istiqamətdə bir müddət müstəqil fəaliyyət göstərdikdən sonra, 1952-ci ildə birləşərək Keniya Həmkarlar İttifaqları Federasiyasını yaradırlar. Təşkilatın rəhbəri o illərdə ölkənin həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən Aqrey Minya seçilir. 1955-ci ildə təşkilatın adı dəyişdirilərək Keniya Əmək Federasiyası adlanır.
Ölkədə siyasi vəziyyət çox gərgin olduğu 1963-cü ildə daxili qalmaqallar çevrilişə gətirib çıxardır. Ölkədə bütün idarələr dağıldığı halda, yalnız KƏF salamat qalaraq, işçilər qarşısında vəzifəsini tam olaraq yerinə yetirirdi. Hətta deyilənlərə görə, Keniyada daxili qarışıqlığın sakitləşməsində və hökumətin fəaliyyətinin yenidən bərpa olunmasında federasiyanın böyük rolu olub. Bundan sonra federasiyanın nüfuzu daha da artır. 1965-ci ildə Federasiyanın Afrika Əməkçilərinin Konqresi ilə birləşməsi nəticəsində Keniya Həmkarlar İttifaqları Mərkəzi yaranmışdır.