Kiçik güllücə

Kiçik güllücə (lat. Lathyrus miniatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.

Kiçik güllücə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Türkiyədən İrana qədər ərazilərdə yayılmışdır.

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Gövdəsi düz və ya qalxan, ilişən, əsasından budaqlanmış, şırımlı, 2 enli yaşıl qanadları olan çoxillik çılpaq ot bitkisidir. Yalançı zoğları yarımoxşəkillidir, uzunsovneştərvari və yaxud neştərvaridir, qısa sivriləşmişdir, saplaqdan 2-3 dəfə qısadır, bəzən isə ona bərabər olur. Saplaq ensiz qanadlı olub, uzunluğu 3 (4) sm-ə qədərdir, sonu sadə və ya budaqlanmış bığcıqlarla qurtarır. Yarpaqları bir cütdür; yarpaqcıqlarının uzunluğu 3-6 (7) sm, eni (1,5) 2-3 (4) sm-dir, düzgün ellipsvaridir, təpə hissəsinə və qaidə hissəsinə doğru bir ölçüdə daralandır, təpə hissədə dəyirmi, küt və ya sivridir, qısa sonluqludur, nadir hallarda uzunsov-ellipsvaridir, uzunluğu enini 2-3 dəfə üstələyir, yumurtavari, enli yumurtavari və ya əksinəyumurtaşəkillidir. Salxımlar birtərəflidir. Çiçək saplağı yarpaqlardan biraz və yaxud iki dəfə uzundur, 3-10 ədəd çiçəyi vardır. Tacın uzunluğu 15–20 mm, çəhrayıdır; yelkən köndələn dəyirmi-ovaldır, təpə hissədə girintili-çıxıntılıdır, qanadlardan qısadır; qanadlar qayıqcıqdan uzundur. Paxlameyvələr xətvaridir, düz, sıxılmış və çılpaqdır, uzununa torvari-damarvaridir, qəhvəyi rəngdədir, uzunluğu 5-7 sm, eni 6-9 (10) mm-dir. Toxumlar 8-10 ədəddir, dəyirmitillidir, tünd qonur rəngli və az qabarıqdır, uzunluğu 4–5 mm-dir. May-iyul aylarında çiçəkləyir, (iyul)-avqust aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın meşəli rayonlarının hər yerində. Aşağı və əsasən orta dağ qurşağında (1800 m-ə qədər d.s.y.- də), bəzən ovalıqlarda.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə, kolluqlarda, meşənin kənarlarında, talalarda, dağ çəmənlərində çınqıl çaqıl daşlı çayların yataqlarında əkin sahələrində, dincə qoyulmuş torpaqlarda alaq kimi rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Yem bitkisidir, yarpaqlarında 131,9 mq % C vitamini vardır, balverən bitkidir.