Bu məqalə qaralama halındadır. |
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli 511 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə" təsdiq edilmiş və həmin tarixdən etibarən Müfəttişlik fəaliyyətə başlamışdır.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 7 noyabr 2016-cı il |
Ünvan | Bakı şəhəri |
Rəhbərlik | |
Rəhbər | Rüfət Fəradov |
Müavin | Fəxrəddin Məmmədov, Kamal Xanlarov, Araz Eyvazov |
|
|
Rəsmi saytı | khg.fhn.gov.az |
Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamə" təsdiq edilmişdir.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarda kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin təhlükəsiz istismarına texniki nəzarəti, həmçinin çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kiçikhəcmli gəmilərə nəzarət üzrə 5 region şöbəsi var:
Bu region şöbələri kiçik həcmli gəmilərə texniki nəzarət, qeydiyyatdan yayınan kiçik həcmli gəmilərin qeydiyyata cəlb olunması, gəmilər üzərində seriya və bort nömrəsinin yazılmasına nəzarət, əhali arasında maarifləndirmə işinin aparılması və sair bu kimi funksiyaları həyata keçirirlər.
Kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə ölkə ərazisindəki fiziki və hüquqi şəxslərə məxsus kiçik həcmli gəmilərə texniki nəzarəti həyata keçirir. Texniki baxış zamanı gəminin texniki sənədləri yoxlanılaraq gəminin tutumu, onun yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, gəmidə xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı yoxlanılır. Texniki baxışdan keçirilmiş kiçik həcmli gəmilər Xidmət tərəfindən dövlət qeydiyyatına alınaraq müvafiq bort və seriya nömrələri, gəmi bileti və texniki talonlarla təmin edilirlər. Eyni zamanda Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Azərbaycan Respublikasının ərazisində kiçik həcmli gəmilərin idarə edilməsi hüququnun verilməsini həyata keçirir. Kiçik həcmli gəmilərin idarə edilməsi hüququnu verən sürücülük vəsiqəsi Xidmətin bazasında keçirilən nəzəri və təcrübi imtahanların nəticəsinə əsasən verilir.
Xidmətin sularda xilasetmə və dalğıc-axtarış qruplarının daxil olduğu 40-dan çox məntəqəsi fəaliyyət göstərir. Ölkə ərazisi boyu yerləşən məntəqələrdə yüksək peşəkarlığa malik matros-xilasedicilər, dalğıclar, motorçu-sükançılar daim xidmət aparırlar. Çimərliklərdə əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə Xidmətin Çimərliklərin İstismarına Nəzarət şöbəsi ölkənin daxili dəniz və ərazi sularında, çaylarda, su anbarlarında və digər su tutarlarda çimərliklərin təşkili, istismara buraxılması, onların idarə olunması üçün texniki talon verir; çimərliklərin təhlükəsiz istismarına, insanların suda təhlükəsizliyinə dair tələblərə əməl olunmasına nəzarət edir; mütəmadi olaraq yoxlamalar və monitorinqlər keçirir; kütləvi istirahət yerlərinin və çimərliklərin uçotunu aparır.
Xidmətin üzərinə düşən vəzifələrdən biri də çimərliklərdə təhlükəsizlik tədbirlərini həyata keçirməkdən ibarətdir. Belə ki, çimərlik mövsümü başlamazdan əvvəl xidməti ərazilərə daxil olan çimmək üçün ayrılmış sahələrdə sualtı təmizləmə işləri aparılır, çimərlikdə təhlükəsizlik və davranış qaydalarını özündə əks etdirən xəbərdaredici lövhələr quraşdırılır, təhlükəsiz ərazi məhdudlaşdırıcı şarlar – buylar vasitəsi ilə çəpərə alınır və insanların buylardan dənizə doğru üzmələri qadağan edilir. Qeyd edək ki, sualtı təmizləmə işləri özəl çimərliklərdə ikitərəfli müqavilə əsasında ödənişli əsaslarla həyata keçirilir.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kadr hazırlığını və əməkdaşlarının peşəkarlığının artırılmasını daim diqqət mərkəzində saxlayır. Belə ki, təcrübəli mütəxəssislər cəlb olunmaqla, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının metodiki köməkliyi ilə Xidmətin bazasında 3-cü qrup 3-cü dərəcəli dalğıc, motorçu-sükançı, matros-xilasedici və mövsümi işə götürülən, özəl çimərlik operatorları üçün ödənişli olan sularda-xilasedici ixtisası üzrə hazırlıq kursları təşkil olunur. Burada yüksək ixtisaslı mütəxəssislər hazırlanır.