Kimiko Tsumura (津村紀三子, Tsumura Kimiko?, 16 avqust 1902, Akaşi – 12 aprel 1974) – Yaponiya no aktrisası və dramaturqu. O, no tamaşalarında çıxış edən ilk qadınlardan biridir.[1]
Kimiko Tsumura | |
---|---|
yap. 津村紀三子 | |
Doğum tarixi | 16 avqust 1902 |
Doğum yeri | Akaşi, Hyoqo prefekturası, Yaponiya |
Vəfat tarixi | 12 aprel 1974 (72 yaşında) |
Fəaliyyəti | aktrisa, dramaturq |
Kimiko Tsumura 16 avqust 1902-ci ildə Yaponiyanın Akaşi şəhərində doğulmuşdur.[1] O, üç qızdan və bir oğuldan ibarət ailənin ən gənc üzvü idi.[2] Kimiko doğulduqdan dərhal sonra ailə işlə əlaqədar olaraq Tokioya köçmüşdür.[2] Kimikonun atası Masumi biznesmen idi və uşaqlarının sənət təhsilinə böyük önəm verirdi.[2] Kimikonun böyük bacısı Şizuko no nəğmələrini və rəqslərini öyrənmiş, digər bacısı Çiyo isə peşəkar rəssamdan ənənəvi rəssamlıq dərsləri almışdır.[2]
Kimiko əvvəlcə Çiyo kimi rəssamlıqla məşğul olsa da, 13 yaşından etibarən ənənəvi teatr sənətinə maraq göstərməyə başlamışdır.[2] Həmin dövrdə Tokioda qızlar üçün no dərsləri təşkil olunsa da, onların no tamaşalarında çıxış etmələrinə icazə verilmirdi.[1]
Tsumura 17 yaşında aktyor Kanze Kasetsunun tələbəsi olmuşdur.[1] Təhsili zamanı 200-ə qədər ənənəvi no tamaşasını öyrənmiş və əzbərləmişdir.[1] Koreyanın Busan şəhərinə səyahət edərək müəllimlik etmiş və təlimçi kimi tanınmağa başlamışdır.[1] 19 yaşında Koreyada səhnəyə çıxaraq ilk ictimai tamaşasını gerçəkləşdirmişdir.[1]
Tsumuranın no tamaşasında çıxış etməsi xəbəri Yaponiyaya çatmış və ölkədə keçirilən no tamaşalarından məsul olan Noqaku Assosiasiyasını şoka salmışdır.[1] Tsumuranın assosiasiya ilə əlaqə qurması qadağan edilmiş və Kasetsu ilə olan müəllim-şagird əlaqələri bitmişdir.[1] Bu baxmayaraq, no sənətindən əl çəkməmiş və 1925-ci ildə Yaponiyaya qayıdanda Ryokusen-Kay adlı məktəb yaratmışdır.[1] Növbəti 50 il ərzində bir çox no tamaşası yazaraq səhnələşdirmiş, tez-tez Koreyaya səyahət etmişdir.[1] Bir çox tələbəsi tanınmış no sənətçisi olmuşdur.[1]
Google 2022-ci ildə onun 120 illiyi münasibətilə dudl təqdim etmişdir.[1]