Klovis Akosta Fernandes (port. Clovis Acosta Fernandes; 4 oktyabr 1955 – 16 sentyabr 2015, Portu-Aleqri) — 1990-cı ildən Braziliya futbol yığmasının ən sadiq azarkeşi.[1] "Gaúcho da Copa" ləqəbi ilə tanınırdı.
1954-cü ildə Braziliyada doğulub və kiçik yaşlarından Braziliya futbol yığmasının ən sadiq azarkeşi idi. 1990-cı ildən bəri Braziliyanın iştirak etdiyi turnirlərdə azarkeşlik etmişdir.
2014-cü ildə Braziliyada keçirilən mundialın yarımfinalında doğma komandasının Almaniyaya 1:7 hesablı məğlubiyyəti zamanı dünya kubokunun maketini qucaqlayaraq ağlayan bığlı və böyük şlyapalı qocanın videogörüntüləri "Youtube"da cəmi 3 gün ərzində 4 milyondan çox baxış toplamışdı.
Akostanın 4 övladı var. O, lap uşaq vaxtından Braziliya millisinə azarkeşlik edirdi. Özünün dediyinə görə, uşaqlıqda milli komandasının 1958 və 62-ci illərdə dünya çempionatlarında qalibiyyəti zamanı atası fişənglər atar, bütün fernandeslər ailəsi sevinərmiş. Akosta ilk dəfə milli komandasının dünya çempionatındakı oyununu televizordan 1970-ci ildə izləyib. Həmin vaxtdan o, Braziliya millisinin oyunlarını stadiondan canlı izləmək arzusu ilə alışıb-yanıb.
- Bu arzusuna uzun illər sonra, 1990-cı ildə çatır. Akosta bir aylıq mundialın keçirildiyi uzaq İtaliyaya getmək istəyir. Lakin həyat yoldaşı onun qarşısına sərt şərt qoyur: Akosta arvadına yeni alman pianosu almamış, Avropaya yollana bilməyəcəkdi. Arvadının arzusunu qısa müddətdə reallaşdıran Klovis Fernandes artıq bir neçə gündən sonra Roma hava limanında olur və həyatının ilk dünya çempionatında sevimli komandasına stadiondan dəstək vermək şansını əldə edir.
- İtaliyada yaşamaq üçün Akosta hətta bir müddət bütün dünyaya məşhur olan italyan piroqu və pizzası hazırlanan firmaya işə də düzəlir. Bu müddətdə o, həm Braziliya millisinə dəstək olmaq üçün Cənubi Amerikadan gələn həmvətənləri ilə dostlaşır, həm də dünyanın bir çox ölkələrindən özünə yeni tanışlar tapır.
- 1994-cü ildən onun bu işdə ilk şəriki doğma oğlu olur. ABŞ-də keçirilən və Braziliya millisinin qələbəsilə bitən turnir zamanı Frenk Deniel atasına ingiliscə danışmaqda kömək edirdi. Mundial zamanı Klovis Fernandesin əhatəsi xeyli böyüyür. Həm Braziliyadan, həm də dünyanın müxtəlif yerlərindən "sambaçılar"a azarkeşlik eləməyə gələnlər onun ətrafında toplaşır və bir azad azarkeş qrupu əmələ gəlir. Onlar hətta özlərinə ad da seçirlər – "Copa da Gaucho", yəni "Dünya Kubokunun Kovboyları". Bununla da Klovis həmin fanat birliyinin "baş kovboy"u seçilir.
- "Hamı deyir ki, Braziliya millisində oyun sayına görə rekordçu müdafiəçi Kafudur. O, 142 dəfə yığmanın formasını geyinib. Lakin bu mövzuda hər kəslə mübahisə edə bilərəm. Çünki Braziliya millisinin görüşlərində mən ondan daha çox iştirak eləmişəm" – deyə, 2014-cü il mundialından əvvəl Akosta zarafatlaşmışdı.
- Klovis Fernandes bütün fanatlıq karyerası ərzində dünyanın 60-dan çox ölkəsində olub və bu ölkələrdə Braziliya yığmasının 150-dən çox matçını stadiondan izləyib. "Dünya Kubokları Kovboy"u 6 mundialda, eyni sayda Amerika Kubokunda, 4 Konfederasiyalar Kubokunda və bir Olimpiya Oyunlarında iştirak edib, sevimli komandasına dəstək olub. 2008-ci ildə Avstriya və İsveçrədə keçirilən Avropa Çempionatı zamanı isə o, 2014-cü ildə vətənində təşkil olunacaq mundialın piarı ilə məşğul olub və kifayət qədər insanı bu işə cəlb edib.
- Hər dünya çempionatına səfəri zamanı Klovis bir-birindən maraqlı macəralarla qarşılaşır. 2002-ci ildə o, dostları ilə turnirə gəlir və adəti üzrə Braziliya millisinin oynadığı şəhərlər arasındakı məsafəni qət etmək üçün maşın icarəyə götürmək istəyir. Lakin o və "Dünya Kubokunun Kovboyları"ndan olan dostlarına heç bir şirkət icarəyə avtomobil vermir. Bu səbəbdən fanatlar turnirin keçirildiyi Yaponiya və Cənubi Koreya arasında ictimai nəqliyyatdan istifadə eləməyə və kifayət qədər böyük məbləğdə vəsait xərcləməyə məcbur olur. Asiya ölkələrində isə dil problemində ona mundiala cəlb olunmuş könüllülər kömək edir. Lakin bütün yaşanan çətinliklərə baxmayaraq Klovis xoşbəxtlik uduşunu qazana bilir. Onun sevimli komandası həmin mundialın finalında Almaniyanı 2:0 hesabı ilə məğlub edərək tarixində 5-ci dəfə dünya kubokuna sahib çıxır. Bu kubok həmçinin Klovisin canlı gördüyü son trofey olur.
- 2002-ci il mundialından bəri Klovis Fernandes bütün dünya çempionatlarına öz şəxsi talismanı – dünya kubokunun kiçildilmiş surəti ilə getməyə başlamışdı. Hansı ki, mundiallarda Braziliya millisinin oyunlarından əvvəl həmin kubokun surəti matçların yayımlandığı televiziyaların ekranlarında canlanırdı.
2004-cü ildən böyrək xərçəngilə mübarizə aparan Fernandes 2015-ci ilin 16 sentyabrında Portu-Aleqri hospitalında dünyasını dəyişib.
2018-ci ildə onun övladları Dünya Kubokunu izləmək üçün Rusiyaya gedərək, Klovis Fernandesin azarkeşlik ənənələrini davam etdiriblər[2].