Koçi birəotu - (lat. Pyrethrum kotschyi Boiss.) Asterkimilər - (Asteraceae Dumort.) fəsiəsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.[1][2]
Əsasında çoxbudaqlı, 15-25 (30) sm hündürlükdə, alçaqboylu yarımkolcuqdur. Yarpaqları barsız zoğlarda və aşağıdakı uzun saplaqlarda, demək olar yarpaq ayası ilə bərabərdir, saplaqlarla bir yerdə 1,5–3 mm uzunluğunda; orta gövdə yarpaqları lələk və ya üç yerə bölünmüş şəkildə, yuxarı yarpaqları bütöv, xətlidir. Səbətləri tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10 mm uzunluğunda, 4 mm enindədir. Toxumcuqların diş tacı uzun, çəp şəkildə kəsilib və ya qulaqvari formadadır.[3]
Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir. Toxumla çoxalır. Alp qurşağındakı qayalıqlarda rast gəlinir, quraqlığa davamlı (kserofit), işıqsevən bitkidir (heliofit).[4][5]
Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu – Keçəldağ və Naxçıvançay ilə Arpaçay arasında).
Populyasiyanın ehtiyatı azdır. Yeganə lokalitetində mənfi təsirlərə həssaslıq müşahidə olunur.
Məhdud halda yayılması, populyasiyanın zəif təkrar edilməsi, antropogen və zoogen təsirlərdir.[6]
Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələrin xüsusi nəzarət altına alınması[6], növün müasir vəziyyətinin öyrənilməsi, yeni yayılma sahələrinin aşkar ediməsi, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.
Tanacetum kotschyi (Boiss.) Grierson