Kolasu yaşayış yeri — Culfa rayonunun Ləkətağ kəndindən şimal-şərqdə Kolanısu və Dəmirlisu çaylarının qovşağında İlk Orta əsrlərə aid yaşayış yeri.
Bu yaşayış yerinin sahəsi 2500 kvadrat metrdir. 1991-ci ildə qeydə alınmış və kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Abidə bir-birindən üstdə yerləşən üç terrası əhatə edir. Üzəri uçub tökülmüş inşaat qalıqları ilə örtülmüş, tikintilər tamamilə dağılmışdır. Mədəni təbəqə saxlanmamışdır. Yerüstü materiallar qırılmış dən daşlarından, çəhrayı rəngli bişirilmiş gil qab sınıqlarından və s.ibarətdir. Abidənin VI-VIII əsrlərə aid olduğu ehtimal edilir.[1]