Komendant idarə sistemi

Komendant idarə sistemi - XVIII əsrin I yarısında Rusiya tərəfindən işğal olunan Azərbaycanda mövcud olmuş idarə sistemi.

Şimali Azərbaycanın Rusiya tərəfindən istila edilməsinin gedişində yeni inzibati sistemi yaradılmağa başladı. Rus qoşunlarına müqavimət göstərən xanlar hakimiyyətdən məhrum edilir, xanlıqlar isə başda komendant olmaqla dairə və əyalətlərə çevrilirdilər. Komendantlar Qafqazdakı rus ordusunun baş komandanı tərəfindən mayor və daha yüksək rütbəli rus zabitlərindən təyin olunurdu.İlk növbədə, GəncəBakı xanlıqları hərbi cəhətdən tabe edilən kimi, ləğv edildi; onların yerində başında rus zabiti dayanan hərbi dairə yaradıldı.

Bəzi hallarda komendant idarə sistemi tətbiq edilməzdən əvvəl qısa müddətə keçid sistemi yaradıldı. Quba xanlığı 1806-cı ildə işğal edildikdən sonra rus hərbi dairələrinin nəzarəti altında yerli bəylərdən – naiblərdən təşkil olunmuş müvəqqəti orqan tərəfindən idarə olunan əyalətə çevrildi. Yalnız 1810-cu ildə hakimiyyət komendanta verildi.

Ölkənin yerdə qalan hissəsində - Qarabağ, Şəki, ŞirvanLənkəran xanlıqlarında işğalın birinci mərhələsində əvvəlki sistemi və idarə aparatı saxlanılmışdı. Bu xanlıqlar Rusiyaya ikitərəfli (dövlətlərarası) müqavilə əsasında, silahlı qüvvə tətbiq edilmədən ilhaq edilmişdi. Məhz buna görə də onlar özlərinin siyasi statusları ilə fərqlənirdilər: adları çəkilən xanlıqlar Rusiya imperiyası sistemində asılı dövlət qurumları vəziyyətində idilər. Xanların daxili idarəçilikdə hüquqları əvvəlki həcmdə saxlanılsa da, onların səlahiyyət və hakimiyyətləri xeyli dəyişikliyə məruz qalmaqla məhdudlaşdırıldı. Belə ki, xanlıqlarınm ərazisində rus hərbi qüvvələri yerləşdirilir, hakim vassaların özləri isə çar generalları siyahısına daxil edilir və Qafqazdakı hərbi məsələlər üzrə baş komandanın tapşırıqlarını yerinə yetirirdilər. Bununla belə, XIX əsrin 20-ci illərinə yaxın çarizm öz vassalarının xidmətin dən imtina etməyi lazım bildi və bütün xanlıqlar ləğv edildi. Şəki xanlığında 1819-cu ildə, Şamaxı xanlığında 1820-ci ildə, Qarabağ xanlığında 1822-ci ildə, Talış xanlığında 1826-cı ildə köhnə idarəçilik ləğv edilərək, komendantlıqlarla əvəz edildi.

Şimali Azərbaycan ərazisində altı əyalət – Lənkəran, Şirvan, Şəki, Qarabağ, BakıQuba əyalətləri, Yelizavetpol dairəsi, Car-Balakən əyaləti (1830-cu ildə yaradılmışdı) və iki distansiya: QazaxŞəmşəddil distansiyaları yaradıldı. Naxçıvanİrəvan torpaqlarını rus çarizmi "Erməni vilayəti"nin tərkibinə daxil etdi.

Əyalətlər iki dairədə birləşdirildi. Şəki, Şirvan, QarabağLənkəran əyalətləri Şuşada yerləşən hərbi dairəyə tabe olan, ―Müsəlman dairəsi‖ adlandırılan dairəyə daxil idilər.

Komendantların qeyri-məhdud səlahiyyətləri

[redaktə | mənbəni redaktə et]

Faktiki olaraq əyalətlərdə bütün hakimiyyət komendantların əlində cəmlənmişdi. Onun ən mühüm vəzifələrindən biri dövlət əmlakına rəhbərlik etmək idi. Xan hakimiyyəti ləğv edildikcə, xanların və düşmən əhvali-ruhiyyəli bəylərin bütün əmlakı-məskunlaşmış və məskunlaşmamış torpaqlar, otlaqlar, bağlar, balıq vətəgələri, duz mədənləri, neft quyuları və s. dövlətin ixtiyarına keçirdi. Bu əmlakın bir hissəsini dövlətin özü istismar edir, digər hissəsini isə iltizama verirdi. Hər iki halda komendant təsərrüfat hissəsinin başçısı kimi çıxış edirdi. Dövlətə məxsus əmlakı yoxlamaq və dəqiq müəyyənləşdirmək, dövlətin gəlirini artırmaq üçün vasitələr axtarmaq onun vəzifəsinə daxil idi. Komendant xəzinə torpaqlarından vergilərin vaxtında toplanmasına, həmçinin sahibkar kəndlilərinin dövlət mükəlləfiyyətlərini yerinə yetirməsinə göz qoyurdu. Gömrük pulu (rəhdari) və qapan pulu (mizan) vergilərin verilməsinə nəzarət və komendantın səlahiyyətinə daxil idi.

Komendant cəza orqanlarının – polisin və məhkəmənin də fəaliyyətinə rəhbərlik edirdi. O, hərbi nökərlərə və yerli atlı polisə (çaparlara) başçılıq edir, mülki və əhəmiyyətli cinayət işlərinə baxan şəhər və yaxud əyalət məhkəmələrinə sədrlik edirdi. Məhkəmə kollegial orqan olsa da (belə ki, onun tərkibinə yerli əyanların nümayəndələrindən seçilən daha dörd üzv daxil olurdu), əslində iş komendant tərəfindən təkbaşına həll edirdi. O, adətən heç bir qanuna əsaslanmadan qərar çıxarır və bu da hökm üçün əsas olurdu.

Ağır cinayətlərinə hərbi məhkəmə və yaxud hərbi məhkəmə komissiyası baxırdı. Hərbi məhkəmə prosesləri qısamüddətli olması ilə fərqlənirdi. Məhkəmə üç gün ərzində qərar çıxarır, sonra baxılmaq və təsdiq edilmək üçün Qafqazdakı baş komandana göndərilirdi. Hərbi məhkəmə çar müstəmləkələrinin əlində sosial və müstəmləkə zülmünə qarşı çıxış edənlərə divan tutmaq üçün əlverişli cəza orqanı idi.

Nəhayət, komendant həmçinin hərbi qarnizonun rəisi idi. Beləliklə, onun əlində çox böyük hakimiyyət-icraedici, məhkəmə və hərbi hakimiyyət toplanmışdı. Yüz minlərlə əhalinin hüququ, namusu və əmlakı komendantın özbaşınalığından asılıdır.[1] XIX əsrin 20-ci illərin sonu 30-cu illərinin əvvəllərində Cənubi Qafqaz diyarını təftiş edən senatorlar Meçnikov və Kutaytsev belə nəticəyə gəlmişdilər.

  • Azərbaycan tarixi. XIX əsr 7 cilddə, IV cild, Bakı.2007
  • Хаджи Мурад Ибрагимбейли. Россия и Азербайджан в первой трети XIX века. Москва, 1969.
  • Колониальная политика Российского царизма в Азербайджане. Т.I, М.-Л., 1936,
  1. И.П.Петрушевский. Колониальная политика. Ч. II, стр. 10.