Konişi Masutaro

Konişi Masutaro (小西増太郎?, 4 aprel 1862, Okayama10 dekabr 1940, Okayama prefekturası) və ya vəftiz adı ilə Daniil Pavloviç[a] (rus. Даниил Павлович) – Yaponiya rusşünası, psixoloqu, tərcüməçisi və tolstoyçusu. O, Lev Tolstoyun əsərlərini yapon dilinə tərcümə etməsinə görə tanınır. Şərq fəlsəfəsinin fraqmentlərini (Lao-tszıKonfusinin əsərlərini) rus dilinə tərcümə edən ilk şəxslərdən biridir.

Konişi Masutaro
yap. 小西増太郎
Doğum tarixi 4 aprel 1862(1862-04-04)
Doğum yeri
Vəfat tarixi 10 dekabr 1940(1940-12-10) (78 yaşında)
Vəfat yeri
Uşağı
  • Tokuro Konişi[d]
Təhsili
Fəaliyyəti tərcüməçi, yazıçı, filoloq, rusşünas

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Konişi Masutaro 4 aprel 1862-ci ildə Yaponiyanın Bizen vilayətinin Okayama şəhərində doğulmuşdur. Onun atası ticarətlə məşğul olurdu və Bizenin feodal hakiminin tədarükçüsü idi. Masutaro təhsilinə Sazan məktəbində başlamış və burada beşillik təhsil almışdır.[2] 1879-cu ildə provaslavlığa keçmiş[3] və vəftiz olunaraq Daniil Pavloviç adını götürmüşdür. O, Yaponiyalı Nikolay tərəfindən Tokioda əsası qoyulmuş ilahiyyat seminariyasında 7 illik təhsil almış və burada rus dilini öyrənmişdir. Məzun olduqdan sonra Yaponiyanı tərk edərək 1886-cı ildə Kiyev Teologiya Seminariyasına daxil olmuşdur. Seminariyanı bitirdikdən sonra psixoloq Nikolay Yakovleviç Qrotun məsləhəti ilə Moksva Universitetinə qəbul olunmuş[4] və burada Lev Lopatinin tələbəsi olmuşdur.[5] Masutaro ümumilikdə Rusiyada 9 il yaşamışdır.[4]

1893-cü ildə Masutaronun Lao-tszı fəlsəfəsi haqqındakı ilk rusdilli essesi "Voprosy Filosofii i Psikhologii" jurnalında nəşr olunmuşdur. İkinci esse isə jurnalın 1894-cü ildəki buraxılışında yayımlanmışdır. 1894-cü ildə Lao-tszının "Dao de tszin" mətnini çin dilindən rus dilinə tərcümə etmiş və onun fəlsəfəsini rus oxuculara izah etməyə çalışmışdır. Masutaronun "Dao de tszin" tərcüməsi bu əsərin rus dilindəki ilk tərcümə olmuşdur[6] və 1913-cü ildə ayrıca bir kitab kimi nəşr olunmuşdur.[7] Masutaro 1893-cü ildə konfusiçiliyin Dörd kitabından biri olan "Böyük öyrənmə" əsərini rus dilinə tərcümə etmiş ilk şəxs olmuşdur.[6]

Masutaro 1892-ci ildə Moskva Psixologiya Cəmiyyətinin üzvlüyünə qəbul edilmişdir. Cəmiyyətin 1893-cü ilin yanvarında baş tutmuş görüşündə Lao-tszı fəlsəfəsi haqqında danışmış, Lao-tszı və Konfusi arasındakı fərqləri izah etməyə çalışmışdır. Masutaro cəmiyyətin 21 fevral 1893-cü ildə baş tutmuş fəxri 100-cü görüşünün iştirakçısı olmuşdur.[8] O, 1916-cı ilə qədər cəmiyyətin fəaliyyətlərində iştirak etmişdir.[7] 1910-cu ildə Sankt-Peterburqda keçirilmiş III Təcrübi Pedaqoqika Konqresində nitqlə çıxış etmişdir.[9]

Masutaro 1895–1896-cı illərdə Çin fəlsəfəsinin digər əsərlərini – "Çjun yun""Syaotszin" əsərlərini rus dilinə tərcümə etmişdir. O, "Syaotszin"i tərcümə etmək üçün Moskva Universitetindəki əlyazmadan istifadə etmişdir.[10] Yaponiyaya qayıtdıqdan sonra 1896-cı ildə bitirdiyi ilahiyyat seminariyasında işləmiş,[2] daha sonra KiotoDoşişa universitetlərinin professoru olmuşdur.[7] Tokioda "Rusiya" adlı kitabını nəşr etdirmişdir.[2]

Tolstoy və Masutaro

[redaktə | mənbəni redaktə et]

1892-ci ildə Masutaro Qrot vasitəsilə Lev Tolstoy ilə tanış olmuşdur. Tolstoyun Yaponiyaya, xüsusilə də, yapon mədəniyyətinə xüsusi marağı var idi və Masutaro onun tanış olduğu ilk yapon şəxs olmuşdur.[4] Konişi Tolstoyun Şərq, xüsusilə də, Çin fəlsəfəsi araşdırmalarında ona kömək etmiş və onun əsərlərini yapon dilinə tərcümə etməyə başlamışdır. Tolstoyun "Kreyser sonatası" (1895, Ozaki Koyo ilə birlikdə)[4] və "Uşaqlıq" povestlərini, "İki qoca" hekayəsini yapon dilinə tərcümə etmişdir.[11] Matsuro "Dao de tszin"i rus dilinə tərcümə edərkən Tolstoyun köməyindən yararlanmışdır.[7] O, Tolstoyu bir sıra yapon şəxslə tanış etmişdir. Bunlardan biri Tolstoy haqqında yapon dilində məqalə yazmış ilk şəxs olan Roka Tokutomi olmuşdur.[12]

1896-cı ildə Tolstoy Masutaroya öz yazdığı qeydlərlə dolu olan Bibliya hədiyyə etmişdir. Bu, Masutaro üçün çox dəyərli bir hədiyyə olmuş və onu həmişə evində saxlamışdır. Masutaro öləndən sonra oğlu hədiyyəni qorumağa davam etmişdir: İkinci Dünya müharibəsi zamanı Masutaronun evinə bomba düşəndə oğlu Bibliyanı yanğından xilas etmişdir.[8]

Masutaro Tolstoyun 1910-cu ildəki dəfn mərasimində iştirak etmiş yeganə yapon şəxs olmuşdur.[4] Onun Tolstoy ilə son görüşü həmin ilin iyun ayında baş vermişdir: Tolstoyun Yasnaya Polyanadakı evində 3 gün keçirmişdir.[4] Tolstoyun qızı Aleksandra Lvovna Tolstaya 1929-cu ildə Yaponiyaya gələndə Masutaro onu qarşılamış və ona kömək etmişdir. O, 1936-cı ildə "Tolstoy ilə söhbətlər" əsərini nəşr etdirəndə Tolstaya kitabın giriş hissəsini yazmışdır.[12] Masutaro Tolstoy xatirələri haqqında bir neçə əsər yazmışdır: "Tolstoy müəllim sizin itaətkar qulluqçunuz obrazında" (1912), "Tolstoy müəllimə birinci ziyarət" (1913), "Tolstoy müəllimlə 3 saatlıq qatar səyahəti" (1913), "Qarşısında baş əydiyim qocanın görünüşü", "Tolstoy – Rusiyanın oğlu".[5]

  1. Masutaronun rus adı mübahisəli mövzudur. Masutaronun rus dilindəki işlərinin nəşr olunduğu "Voprosy Filosofii i Psikhologii" jurnalı onu Daniil Petroviç Konisi (bəzən Konissi) adlandırmışdır. Lakin bəzi mənbələr Daniil Pavloviç adını göstərmişdir.[1]
  1. Maslov. səh. 218
  2. 1 2 3 Ulyanovski. səh. 93
  3. Maslov. səh. 217
  4. 1 2 3 4 5 6 Maslov. səh. 219
  5. 1 2 İvanova. səh. 82
  6. 1 2 Maslov. səh. 220
  7. 1 2 3 4 Maslov. səh. 224
  8. 1 2 Maslov. səh. 221
  9. Maslov. səh. 223
  10. Maslov. səh. 222
  11. İvanova. səh. 83
  12. 1 2 Maslov. səh. 225
  • Maslov, Kirill. "Between Literature and Psychology: Konishi Masutaro (1862–1940) in the History of Russo–Japanese Scientific Connections". Japanese Psychological Research (ingiliscə). 62 (4). oktyabr 2020: 217–226. doi:10.1111/jpr.12270. İstifadə tarixi: 25 avqust 2023.
  • İvanova, Qalina Dmitriyevna. Русские в Японии XIX — начала XX в. Несколько портретов (rusca). Moskva: Nauka. 1993. 82–83. ISBN 5-02-017715-6. İstifadə tarixi: 26 avqust 2023.
  • Ulyanovski, Vasil İrinarxoviç. Биографический словарь выпускников Киевской духовной академии. 1819-1920-е (II cild) (rusca). Kiyev. 2015. 93. ISBN 978–966–2371–35-2. İstifadə tarixi: 27 avqust 2023.