Konsertmeyster(alm. Konzertmeister) — orkestrdə hər hansı alətlər qrupunun başçısı olub, həmin qrupun musiqiçilərini öz ardınca apararaq, onlara ifaçılıq üsullarını göstərir. Məsələn, birinci skripkaların, violonçel qrupunun konsertmeysteri. Məsuliyyətli solo epizodlarının ifası da onlara tapşırılır.[1][2]
Simfonik orkestrdə birinci skripkaların konsertmeysteri, eyni zamanda bütün orkestrin konsertmeysteri hesab olunur.
Müğənniləri və çalğıçıları müşayiət edərək, onlarla məşq edən və konsertlərdə çıxış edən pianoçuya da konsertmeyster deyirlər.[1]
Opera konsertmeysteri sadəcə pianoçu müşayiətçisi deyil, həm də dirijorun baş köməkçisidir. Tamaşanın hazırlanmasında və onun gələcəkdə (premyeradan sonra) lazımi səviyyədə dəstəklənməsində onun sağ əlidir. Səhnə konsertmeysteri quruluşçu dirijorun konsepsiyasını ifaçılara çatdırır və ona uyğun olaraq solistlərlə vokal hissələri hazırlayır ki, bu da opera tamaşası üzərində işləyərkən çox vacibdir. Konsertmeysteri daha çox dirijorun köməkçisi adlandırmaq olardı. Konsertmeyster dirijorun istəyi ilə (yoxluğunda) dirijor konsepsiyasını qoruyaraq opera tamaşasının iştirakçıları ilə məşqlər aparır.[3]