Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi.[1] Elmi fantastikanın mövzularından biridir.[1] Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır.[1] Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər.[1] Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür.
Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur.[1]
Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir.[1] Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır.[1] Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir.[1]
Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır.[1] Bu əsərdə Marsın bir peykindən Yerə qədər uzanan, asteroid qurşağındakı materiallardan hazırlanmış kosmik lift vasitəsilə mallar və insanlar daşınır.[1] Bu, daha ucuz və asan nəqliyyat sistemi kimi tanıdılır.[1] Lakin Yerlə Mars koloniyaçıları arasında baş verən müharibə nəticəsində bu kosmik lift məhv olur.[1]
İen Benksin "Feersum Endjinn" (1994) və İen Makdonaldın "Kirinya" (1998) romanlarında da kosmik lift konsepsiyasından istifadə olunmuşdur.[1] Makdonaldın əsərində kosmik lift Afrika qitəsindən başladığı üçün Afrika bəşəriyyətin gələcək inkişafı üçün əhəmiyyətli yerə çevrilir.[1] Con Skaltsinin "Qoca adamın müharibəsi" (2005) əsərində də bu cür cihazdan istifadə olunur.[1]