Kouz teoremi — transaksiya xərcləri sıfıra bərabər olduqda bazarın istənilən xarici effektin öhdəsindən gəldiyi yeni institusional iqtisadiyyatın mövqeyi.
Bu teorem ilk dəfə 1966-cı ildə Corc Stiqler tərəfindən aşağıdakı şəkildə ifadə olunmuşdur:
Əgər mülkiyyət hüquqları dəqiq müəyyən edilibsə və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda resursların ayrılması (istehsal strukturu) mülkiyyət hüquqlarının bölüşdürülməsindəki dəyişikliklərdən asılı olmayaraq dəyişilməz və effektiv qalacaqdır. |
Stiqler tərəfindən teoremin bu cür ifadə olunması Ronald Kouzun 1960-cı ildə çap olunmuş “Sosial xərclər problemi” (ing. "The Problem of Social Cost" ) adlı məqaləyə əsaslanmışdır.[1]
Kouz bu nəzəriyyəni istənilən fəaliyyətin bilavasitə öz iştirakçılarına deyil, üçüncü şəxslərə aid olan kənar nəticələri – eksternalların nəzərdən keçirilməsi nümunəsində sübut etmişdir.
Daha əvvəl bu problemi iqtisadçı Artur Piqu “Rifah halının iqtisadi nəzəriyyəsi” (ing. "The Economics of Welfare") kitabında nəzərdən keçirmişdir. Piquya görə, eksternallar maddi nemətlərin mənfi eksternallı təkrar istehsalına və müsbət eksternallı istehsal kəsirinə səbəb olur. O, “bazarın fiaskosu” adlandırdığı bu effektlərin neytrallaşdırılması üçün belə hallarda dövlətin iqtisadiyyata müdaxiləsini tövsiyə edirdi.[2]
Kouz eksternalların mütləq “bazarın fiaskosu”na səbəb olması fikrini təkzib edirdi. Onun fikrinə görə, eksternallarla bağlı problemləri neytrallaşdırmaq üçün resurslara mülkiyyət hüququnun dəqiq bölgüsü və transaksiya xərclərinin mnimuma endirilməsi vacibdir. Kouz teoremi mülkiyyət hüquqlarının iqtisadi mənasını ortaya qoyur. Kouza görə, mülkiyyət hüququ nə qədər dəqiq müəyyənləşirsə, xarici xərclər bir o qədər çox daxili xərclərə çevrilirlər.
İslandiyalı iqtisadçı Trayn Eqqertson "Ümumiləşdirilmiş Kouz teoremi"ni belə ifadə etmişdir:
Əgər iqtisadi və siyasi sahələrdə transaksiya xərcləri sıfıra bərabərdirsə, ölkənin iqtisadi yüksəlişi və inkişafı, əsasən, mövcud hökumətin tipindən asılı olmur. Lakin transaksiya xərcləri müsbət olduqda, ölkə daxilindəki hakimiyyət bölgüsü və normativ müəssisələrin institusional strukturu onun inkişafının vacib amilləri hesab edilirlər. Eggertsson, Thrainn. Economic behavior and institutions (Cambridge: Cambridge University Press, 1990)
|
İnstitusional xərclər olmadıqda “oyun qaydalarının” optimal dəsti hər yerdə və hər zaman meydana gələrdi, belə olduğu halda istənilən köhnəlmiş institutu yenisi və daha səmərəlisi ilə əvəz etməyin heç bir faydası olmazdı. Bu cür vəziyyətlərdə, yeni institusionalistlərin göstərdiyi kimi, texniki tərəqqi və kapital (fiziki və insani) yığımı avtomatik və hərtərəfli olaraq iqtisadi artımı təmin edə bilərdi.
Qeyd etmək lazımdır ki, Kouz teoreminin tətbiq edilə bilməyəcəyi bir çox hallar mövcuddur. Bu, danışıqlar mümkün olmadıqda, yaxud bahalı olduqda (məsələn, müqavilə və ya disputda çoxlu sayda tərəflər iştirak etdikdə) baş verir. Transaksiya xərcləri terminindən əvəllər Kouzun “Firmaların təbiəti”[3] əsərində istifadə edilmişdir və müqavilələrin bağlanmasına dair yaranan xərcləri, yəni informasiyanın yığılması və emalına, danışıqların aparılmasına və qərarların qəbul olunmasına, müqavilələrin yerinə yetirilməsinə edilən nəzarətə və onların hüquqi müdafiəsinə sərf olunan xərcləri bildirir.