Kredit müqaviləsi

Kredit müqaviləsi — Kommersiya bankı və ssuda alan arasında imzalanan saziş. Həmin sazişə əsasən, bank müddətlilik, qaytarılma və ödəmə şərtləri ilə borc alana razılaşdırılmış məbləğdə kredit təqdim etməyi öhdəsinə götürür, borc alan isə alınmış məbləği təyinatı üzrə istifadə etməyi və müəyyən edilmiş müddətdə qaytarmağı (şərtləşdirilmiş faizləri ödəməklə) öhdəsinə götürür.

Adətən, kredit müqaviləsi aşağıdakı əsas bölmələrdən ibarət olur:

  1. Razılığa gələn tərəflərin adlarının olduğu preambula
  2. Kreditin məqsədi, həcmi, istifadə olunma müddəti və ödəniş tarixi.

Bu bölmədə istənilən kreditin dəqiq məqsədi qeyd edilir, çünki Rusiya qanunvericiliyinə əsasən, kreditin məqsədli istifadəsinə nəzarət bütünlüklə kommersiya bankına həvalə olunur, kreditin müəyyən məqsəd üçün istifadə olunmaması kredit müqaviləsinin qüvvəsinin dayanması və bankın kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı tələbi üçün əsas kimi çıxış edir. Bundan əlavə, bu bölmədə kreditin istifadə müddəti və dəqiq ödəniş tarixi göstərilir, çünki borc alan krediti müəyyən edilmiş tarixdə ödəmədikdə bankın ona qarşı tətbiq edəcəyi cərimə sanksiyaları qüvvəyə minir.

  1. Kreditdən istifadəyə görə ssuda faizi, həmin faizin ödənilməsinin qaydası və müddəti və faiz dərəcəsinin dəyişmə qaydası.

Kredit müqaviləsinin bu bölməsi bankın ssuda alanla qarşılıqlı münasibətlərində ən mühüm bölmədir, əsas fikir ayrılıqları adətən bu bölmə ilə əlaqədar yaranır. Banklar tez-tez kredit müqaviləsinə dəyişiklik etmək zərurəti ilə üzləşir, bu dəyişikliklər kreditdən istifadəyə görə faiz dərəcəsinin artması ilə bağlıdır. Bəzən banklar öz müştərilərinə faiz dərəcəsinin dəyişməsi haqqında yazılı bildiriş göndərməklə kifayətlənirlər. Nəzərə almaq lazımdır ki, müqavilədə nəzərdə tutulmuş hallar istisna olunmaqla, müqavilənin şərtlərinin birtərəfli dəyişdirilməsi yolverilməzdir. Ona görə də kredit müqaviləsində kreditdən istifadəyə görə faiz dərəcəsinin birtərəfli dəyişməsinin (bankın təşəbbüsü ilə) və ya müştərinin yuxarıda qeyd edilən bildirişə müsbət cavab verməsinin mümkünlüyü barədə qeyd-şərt olmadıqda müqaviləni dəyişdirilmiş hesab etmək olmaz.

  1. Hesabat və təminatlar . Müqavilənin bu bölməsində borc alan öz maliyyə vəziyyətini xarakterizə edir və kredit müqaviləsinin əsasını təşkil edən maliyyə hesabatının həqiqətə uyğun olduğuna dair təminat verir. Bundan əlavə, bu bölmədə borc alanın bank nəzarətindən yayınmamaqla bağlı öhdəliyi öz əksini tapır. Bu öhdəliyin gerçəkləşməsi banka müştərinin gözlənilən müflisliyi zamanı itkiləri azaltmaq imkanı verir. Bank borc alanın maliyyətəsərrüfat vəziyyəti ilə yanaşı kreditin təmin olunmasına da nəzarət edir. Girov alan bank girov predmetinin mövcudluğunu və bütövlüyünü yoxlayır. Nəzarətin həyata keçirilməsi prosesində bank borc alandan mühasibat balansını, müxtəlif arayışları təqdim etməyi tələb etmək, borc alanın məqsədli yoxlamalarını aparmaq və müqavilədə göstərilmiş digər tədbirləri görmək hüququna malikdir.
  2. Kreditləşmə dövrü ərzində kredit təminatının təqdimetmə qaydası. Kredit təminatsız da verilə bilər, lakin kredit müqavilələrinin əksəriyyətində belə bir fəsil nəzərdə tutulur. Əgər kreditin verilməsi onun təminatının təqdim olunmasından asılıdırsa, o zaman bank borc alanın kreditləşməsi dövrü ərzində kreditin qüvvədə olmasında maraqlı olacaq. Girov qoyulmuş əmlakın mövcudluğu və bütövlüyü, həmçinin girov qoyulmuş hüququn qüvvədə olması kreditləşmə prosesində bank tərəfindən yoxlanılır.
  3. Kredit müqaviləsinin məcbur edən, qadağan edən və məhdudlaşdıran şərtləri. Bu fəsil kredit müqaviləsi qüvvədə olduğu müddətdə bankın borc alana irəli sürdüyü məcburi, qadağanedici və məhdudlaşdırıcı şərtlərin siyahısını nəzərdə tutur.
  4. Kredit müqaviləsinin yerinə yetirilməməsinin şərtləri. Bu fəsildə kredit müqaviləsinin yerinə yetirilməməsinə səbəb olan şərtlərin tam və müfəssəl siyahısı verilir. Bu şərtlərin səsərbəst izahına yol verilmir.

Kredit müqaviləsinin şəkli sadə yazılıdır. Bir qayda olaraq, bu, hər iki tərəfin imzaladığı yeganə sənəddir. Təcrübədə kredit müqaviləsinin məktub və ya teleqram mübadiləsi yolu ilə rəsmiləşdirilməsi hallarına təsadüf edilməsə də, bu, nəzəri cəhətdən mümkündür.

Müqavilə