Kriminologiya

Kriminologiya ("cinayət" haqqında elm, lat. crimen — cinayət və q.yun. λογος — öyrənmək sözlərindən yaranmışdır) — individual və cəmiyyət səviyyəsində cinayətin səbəblərini, nəticəsini, dərəcəsini və onun həll yollarını öyrənən humanitar elmdir.

Kriminologiya sözünün özü isə 1885-ci ildə italyan hüquq professoru *Raffaele Garofalo tərəfindən yaradılıb. Kriminologiya elmi ayrıca elm kimi mövcud olsa və tədris edilsə də, inkişaf etmiş ölkələrin ali tədris və təhsil müəssisələrində sosiologiya elminin bir qolu kimi də tədris olunur. Təsadüfi deyil ki, bir çox sosioloqlar kriminoloji mövzular barədə də genişmiqyaslı tədqiqatlar aparır və bu barədə dərs deyir. Kriminologiya elminin özü isə müxtəlif sahələrin nümayəndələrinin apardığı tədqiqatları da özündə cəmləşdirir. Bu digər sahələrə əsasən sosiologiya, psixologiya və davranış elmlərinin tədqiqatları aiddir. Məhz bu səbəbə görə də kriminologiya multi-dissiplin elm adlanır. Həqiqətən də, cinayəti və onun növlərini, nəticələrini və cinayətə qarşı aparılan mübarizəni, habelə cinayət məsələsi ilə məşğul sosial və leqal institutları öyrənmək və onları tam dərk etmək üçün təkcə sosiologiya və kriminologiya yox, qanunvericilik, hüquq, təşkilati davranış, sahibkarlıq, tarix və coğrafiya və digər bənzər sahələri az da olsa öyrənmək gərəkdir.

Tarix boyu hər bir cəmiyyətdə müxtəlif miqyasda və formada mövcud olan cinayət halları toplumu narahat etmiş və öndə gedən şəxslərin və alimlərin diqqət mərkəzində olubdur. Bir çox sosial sahələrdəki kimi cinayət məsələsinə də filosofik və dini prizmadan baxılırdı, çünki bu məsələni tədqiq edəcək elmi sahə mövcud deyildi. Cinayətkarlığın başlıca səbəbləri olaraq bioloji, psixoloji problemlər və dinsizlik göstərilirdi. Bernard (1983) qeyd edir ki, o dövrlərdəki din adamlarına görə, cinayətkar şəxs şeytan və qara qüvvələr tərəfindən idarə olunur və şeytanın istəyi ilə şəxs günah əməl sayılan cinayət törədirdi. Cinayət törətməklə o təkcə zərərçəkən şəxsə deyil, həm də özünə ziyan vururdu, çünki cinayət onu insanlıqdan daha da uzaqlaşdırır və şeytana yaxınlaşdırırdı. Lakin, bütün bu açıqlamalar və yanaşmalar elmin inkişafı, dinin zəifləməsi və məntiqi düşüncənin xürafatı üstələməsi ilə dəyişməyə başladı.

Cesare Beccaria, Cesare Lombroso və Jeremy Bentham kimi mütəfəkkirlərin sayəsində 18-ci əsrdən etibarən yeni nəzəriyyələr ortaya çıxmağa başladı. Dünya miqyasında cinayətin səbəblərinin öyrənilməsində və dərəcəsinin azaldılmasında müstəsna rolu olan kriminologiyada müxtəlif cərəyanlar var, hansılar ki cinayətin səbəblərini izah etmək müstəvisində birbirindən fərqlənirlər, baxmayaraq ki ortaq cəhətləri də mövcuddur. Cinayətin növləri olduqca çox olsa da, kriminologiya sahəsində bu cinayətlər iki qrup altında cəmlənib; küçə cinayəti və ağ-yaxalı yaxud korporat cinayət. Küçə cinayətləri bəzən adi cinayətlər də adlanır. Onlar təkcə küçədə yox, eləcə də məişətdə, ictimai yerlərdə və bir sözlə, bir neçə şəxs arasında baş verir. Bıçaqlamaq, döymək, bilərəkdən öldürmək və oğurluq etmək bu səpkidən olan cinayət əməlləridir. Ağ-yaxalı cinayətlər isə toplumda yüksək nüfuza və siyasi-maddi gücə sahib olanlar tərəfindən törədilən cinayətdir (Punch 1996). Buna iqtisadi bazara qeyri-qanuni müdaxilə, müştəri haqqlarının pozulması, müştərilərin aldadılması, rüşvət, fırıldaqçılıq, səriştəsiz davranaraq cəmiyyətə ziyan vurmaq, ətraf mühiti bilərəkdən çirkləndirmək və ona ziyan vurmaq və işçilərin haqqlarını tapdalamaq və onlara hörmət etməmək kimi cinayətlər daxildir. Bu cinayəti törədənlərin ağ-yaxalı adlanmağının səbəbi isə cinayətkarların tutduğu vəzifədən qaynaqlanır, çünki müasir dövrdə xidmət sahəsində yüksək pillələrdə çalışanlar ağ-yaxalı adlanır. Lakin, kriminologiya adı altında aparılan tədqiqatların tərkibinə nəzər yetirsək, görərik ki əksər tədqiqatlar küçə yaxud sadə cinayətləri araşdırmışlar. Yalnız 1939-cu ildən bəri korporat cinayətlər araşdırılmağa başlanılıb. O dövrdən bu günümüzə kimi bu sahədə olan araşdırmaların sayı sürətlə artmaqdadır və əminliklə demək olar ki, küçə və ağ-yaxalı cinayətlər arasındakı kəskin tədqiqat uçurumu artıq daha balanslı durumdadır, ancaq hələ də ağ-yaxalı cinayətlərlə bağlı tədqiq edilməli olan bir çox sahə var.

Kriminologiya yalnız cinayətin təbiəti, səbəbi və təsirini yox, eyni zamanda cinayət məsələsi ilə bağlı olan sosial institutları və onların fəaliyyətini də öyrənir. Polis və hüquq mühafizə orqanları və qanunu yazan, tətbiq edən dövlət orqanları və həmçinin cinayətə qarşı mübarizə siyasəti hazırlayan dövlət qurumları kriminoloqların diqqət mərkəzində olan institutlardan bir neçəsidir. Kriminologiyanın ayrılmaz hissəsi olan penologiya elmi isə cəzaların seçimini, tətbiqini və dərəcəsini öyrənən elm sahəsidir, hansı ki özündə müxtəlif nəzəriyyələri cəmləyir. Kriminologiyanın son zamanlar aktual olan mövzusu isə təhlükəsizlik kameraları, onların sosial təsiri və cəmiyyətin nəzarətdə saxlanılmasındakı roludur.

Cinayət və anormallıq

[redaktə | mənbəni redaktə et]

Qanunla cəzalandırıla bilən hər bir hərəkət cinayət adlanır. Anormallıq isə daha böyük və abstrakt məfhumdur, çünki anormallıq ümumi normalara və dəyərlərə zidd olan və əksəriyyət tərəfindən qəbul edilməyən hərəkətlərdən savayı, cinayəti də özündə cəmləyir. Nəzərə alsaq ki qanun toplusunu da, norma və dəyərləri də insanlar özü yaradır, onlar stabil və universal deyil. Əksinə, topluma, kontekstə və zamana görə dəyişir. Buna görə də, interaktionistlərin dediyi kimi, heç bir hərəkət təbiətən cinayət və anormal deyil. Hərəkətin cinayət yaxud anormal olduğunu cəmiyyət və bəzi hallarda isə, yalnız güclü qüvvələr müəyyən edir. Məsəlçün, İspaniyada keçirilən Tomatina festivalı hər il böyük sayda insan toplusunu özünə çəkir. İştirakçılar birbirinə pomidor atırlar. Festivalda iştirak edən heç kəs qanunla cəzalandırılıb cinayətkar sayılmır, çünki onlar heç bir qanunu pozmurlar. İlk baxışda olduqca mənasız və yanlış festival kimi görsənən bu tədbir ispan toplumunda normal qəbul edilir, və festivalın mövcudluğu bu növ hərəkətin nə dərəcədə normal qəbul edilən olduğunu göstərən bariz nümunədir.

Cinayət və anormallığın mövcudluğu, Emile Durkheim-a görə, toplum üçün müəyyən mənada müsbət haldır, çünki onlar mövcud olduqda insanlar nəyin düzgün və nəyin yanlış olduğunu anlayırlar. Bu da nəticədə qanun-qaydaya tabelik və nizam-intizam yaradır. Digər funktionalist olan Robert Merton isə qeyd etmişdir ki, cinayət və anormallığın və onlara qarşı həm qanuni, həm də ictimai mübarizənin olmağı toplum üçün müəyyən mənada arzu ediləndir, lakin əgər cinayət və anormallıq halları artan tempdə çoxalsa, o zaman toplum artıq normal funksiya göstərə və yaşaya bilməz. Buna görə də, cinayətə qarşı daim mübarizə aparılmalıdır və bu mübarizədə yalnız hüquq-mühafizə orqanları iştirak etməli deyil. Əksər sosial problemlər kimi bu problemin də həlli üçün bir çox sosial institutlar və akademiklər birgə işləməlidirlər. Səbəb isə odur ki, akademik və tədqiqatçılar cinayətin və anormallığın səbəb və motivlərini öyrənən şəxslərdir. Onların tədqiqatlarının üzə çıxartdığı tapıntılar sosial institutlar və hüquq-mühafizə orqanları tərəfindən analiz edilməli və müvafiq siyasət yeridilməlidir. Nəzərə alanda ki sosial-iqtisadi çətinliklər, təhsilsizlik və savadsızlıq kimi faktorlar cinayətin törədilməsindəki önəmli amillərdəndir, bu o deməkdir ki iqtisadi sistem, sosial müdafiə sistemi və təhsil sistemi də cinayətkarlığa qarşı mübarizə aparmalıdır. Hüquq-mühafizə orqanlarının işi isə əsasən qanunu tətbiq etmək, cinayətkarları məsuliyyətə cəlb etmək və nizam-intizamı qorumaqdan ibarətdir.

Kriminoloji nəzəriyyələr

[redaktə | mənbəni redaktə et]

Kriminoloji nəzəriyyələr 18-ci əsrdən etibarən çoxalmaqdadır, lakin, ilk elmi nəzəriyyə ortaya çıxana kimi cinayət mövzusuna yanaşma mövcud idi. Bu məsələ ilə əsasən sosial filosoflar və fəlsəfə elminin nümayəndələri məşğul idilər. Zaman keçdikcə isə, xüsusən də sosiologiya və psixologiya elmləri nüfuz qazandıqca yeni kriminoloji nəzəriyyələr də meydana gəlməyə başladı, çünki bu üç sahə birbiri ilə olduqca sıxdır. Cinayətin səbəblərini individual (Bioloji pozitivist nəzəriyyə), mədəni (subkultural nəzəriyyə) və struktural (radikal nəzəriyyə) amillərə bölmək olar, hansıları ki nəzəriyyələri oxuyanda görəcəksiniz.

Nəzarət və idarəetmə nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]

Bu nəzəriyyənin kökləri *Emil Durkhaym-ın fikirlərinə dayanır. Belə ki, Durkhaym iddia etmişdir ki, insan mənfi əməllər törətməyə meyil edir, qadağa edilmiş məsələləri reallaşdırmağa daim cəhd göstərir. Lakin, onun üzərində olan sosial və ailə nəzarəti bunun qarşısını almaqda vacib rollardan birini oynayır. Hər bir toplumun özünə məxsus dəyərləri var və bu dəyərlər toplumun nümayəndələrinin həyat tərzini böyük ölçüdə müəyyən edir. Bu çərçivədən kənara çıxmaq pozğunluq, ədəbsizlik, qanunsuzluq və digər bu səpkili stiqmalarla nəticələnə bilir. Bu stiqmalara məruz qalmamaq üçün isə şəxs öz hərəkətlərinə daim diqqət yetirir. Bu idealar zaman keçdikcə inkişaf etdirilmişdir. Nəzarət nəzəriyyəsinin banilərindən sayılan İvan Nye (1958) apardığı empirik araşdırmalardan sonra belə qənaətə gəlmişdir ki, şəxsin cinayət törətməsində onun necə böyüdüldüyü və ailədə yaşadığı başlıca amildir. Əgər o düzgün böyüdülmüyübsə, yanlış dəyərlər ona aşılanıbsa və yaşadığı ailədə daim problemlər və gərginlik mövcud olubsa, onun xoşagəlməz işlərlə məşğul olması və hətta cinayət törətməsi olduqca böyük ehtimaldır. Həqiqətdə də biz bunu görə bilərik ki, dünyanın əksər ölkələrində, kasıbçılığın, qeyri-stabil təbiətə malik ailələrin yaşadığı diqqətdən kənarda qalmış ərazilərdə cinayət hadisələri adətən daha çox olur. Nye-ın ideaları məşhur cütlük Travis Hirschi və Michael Gottfredson (1983) tərəfindən inkişaf etdirilmişdir. Hirschi və Gottfredson inkişafdan başqa, öz idealarını da irəli sürmüşlər. Onlara görə, Nye-ın dediyi kimi insanın necə yetişdirilməsi vacib amildir, lakin tək amil deyil. Hirschi və Michael Gottfredson-un irəli sürdüyü digər 4 amil dəyərlərə bağlılıq, məqsədə bağlılıq, ailə bağlılığı və məşğulluqdur. Şəxsin inandığı dəyərlər (məsəlçün dini dəyərlər) cinayəti pisləyirsə, şəxsin cinayət etmə ehtimalı aşağı olur. Əgər törədəcəyi cinayət şəxsi öz məqsədinə çatmaqdan uzaqlaşdıracaqsa, bu da cinayətə meyilliliyi azalda bilir. Stabil, sakit həyat sürən və mehriban ailə şəraitində yaşayan şəxslər də cinayətə elə də meyil etmirlər, çünki bu tip ailələrdə şəxsin düzgün yetişdirilməsi üçün kifayət qədər maddi-mənəvi imkanlar var. Eyni zamanda, valideynin övlad və övladın valideyn üzərində nəzarəti də adətən güclü olduğundan heç bir tərəf cinayət törətsə belə öz əməlini gizlətməkdə olduqca çətinlik çəkər. Məşğulluq faktoru deyərkən Hirschi və Gottfredson-un nəzərdə tutduğu məfhum şəxsin müxtəlif işlərlə daim məşğul olduğundan başqa heç bir məsələyə ayırmağa vaxtı olmamasıdır. Başqa sözlə, əgər şəxs işləyirsə yaxud gününün böyük hissəsini aktiv keçirirsə, onun cinayəti planlamaq və həyata keçirmək üçün vaxtı və imkanı elə də olmur. Bu nəzəriyyə bir çox cinayət növlərinin motivlərini anlamaqda xeyli yardımçı olur. Məsəlçün, avtoritar rejimlərdə və hətta bir çox demokratik sayılan ölkələrdə yüksək təbəqə şəxslərin etdikləri cinayətlərin nəzərə çarpacaq dərəcədə qisminin başlıca səbəblərindən biri ciddi nəzarətin olmamasıdır. Bu nəzarət həm dövlət səviyyəsində, həm də cəmiyyət tərəfindən aparılan sosial nəzarəti özündə cəmləşdirir. İntihar hadisələri, qaranlıq küçələrdə törədilən cinayətlər və nəzarətsiz qalmış ərazilərdə yaşayan gənclərin törətdikləri cinayətlərin də çoxunda nəzarətsizlik mühüm rol oynayır.

Radikal kriminologiya

[redaktə | mənbəni redaktə et]

Adından da göründüyü kimi bu nəzəriyyənin tərəfdarları radikal dəyişikliyin tərəfdarıdırlar, çünki onlar bütün növ cinayətlərin səbəbini dünyanın hazırkı quruluşunda görürlər (Burke 2011). Dünyanın hazırkı vəziyyəti deyildikdə radikal kriminoloqlar xüsusən kapitalist sisteminin yaratdığı mənfilikləri nəzərdə tuturlar. Onlar iddia edirlər ki, kapitalist quruluşu insanları cinayətə əl atmağa daim təhrik edir, çünki bu quruluş sosial bərabərsizliyi böyüdür və maddiyyətə olduqca böyük önəm verir. Kapitalist cəmiyyətlərində maddi varlıq uğurun göstəricisidir; nə qədər çox maddiyyətə maliksənsə, bir o qədər uğurlu, güclü və hörmətlisən (Merton 1938). Bu düşüncə bütün sosial təbəqələrin nümayəndələrini cinayətə təhriq etməyə qadirdir. Hətta ən zəngin şəxslər də öz həmkarları ilə rəqabətdə qalib gəlmək üçün çirkin cinayət əməllərinə əl atmaqdan belə çəkinmirlər (Bonger 1916). İstər inkişaf, istər inkişaf etməmiş bütün dövlətlərdə zəngin şəxslərin törətdiyi cinayətlərə rast gəlmək olar, bu o cinayətdir ki kriminologiyada ağ-yaxalı şəxslərin cinayətləri adlanır, çünki bu cinayətkarların vəzifələri maddi və nüfuz cəhətdən ağ-yaxalı peşə adlanır (Sutherland 1949). Bu cinayətlərin təsiri gündəlik həyatda küçə cinayəti qədər bariz görünməsə də, olduqca ağır və uzun-müddətlidir (bu barədə daha geniş olaraq "Korporat və ağ-yaxalı şəxslərin cinayəti" bölməsində oxuya bilərsiniz). Radikallar küçə cinayətlərini də cəmiyyətin kapitalist quruluşu ilə əlaqələndirirlər. Onlara görə, kapitalist cəmiyyətinin təbəqələşmiş struktura malik olması və bu sistemdə gücün disproporsional paylanması bir tərəfdə bütün resurslara sahib, bir tərəfdə isə bu resurslardan ya tamamilə, ya da böyük ölçüdə məhrum olan şəxslərin yaşadığı toplum yaradir (Bonger 1916). Bu yoxsulluqdan ən çox əziyyət çəkənlər eyni zamanda öz səslərini eşitdirə bilmirlər, çünki bunun üçün ən önəmli olan media qrupları kapitalistlər tərəfindən idarə olunur və onlar da kapitalizmin mənfi tərəflərini göstərmək istəmirlər. Belə bir durumla qarşılaşan insanlar sistemə qarşı etiraz əlaməti olaraq cinayətə əl atırlar. Zənginlər tərəfindən idarə olunan əmlaklara ziyan vurmaqdan tutmuş onların satdıqları məhsulları oğurlamağa kimi çoxsaylı cinayət üsulları bu növ insanlar tərəfindən icra olunur. Təbii ki, bu o demək deyil ki bütün bu tip cinayətlər birbaşa sistemə etiraz əlaməti olaraq həyata keçirilir. Kasıbçılıq, absolut və nisbi yoxsulluq da cinayətlərə qığılcım verən amillərdir. Radikallar gözlənildiyi kimi bütün günahı strukturların üzərinə atmağa görə tənqid olunurlar. Bu növ prizmadan çıxış edən radikallar qeyri-maddi səbəblərdən və kapitalizmlə heç əlaqəsi olmayan səbəblərdən törəyən cinayətləri də sistemin günahı adlandırırlar, halbuki bir çox cinayət növləri (ailə problemlərindən, psixoloji durumdan, mentalitetin səbəb olduğu) tamamilə fərqli səbəblərdən törəyir.

Bioloji Positivist nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]

Bu nəzəriyyənin yaradıcısı italyan *Cesare Lombroso olub. O, o dövrün dominant cərəyanı olan Klassik Məktəbin kriminoloji nəzəriyyəsini rədd edərək cinayətin insanın təbiətindən və cəzaların yüngüllüyündən yox, insanın bioloji quruluşundan qaynaqlandığını irəli sürmüşdür (Burke 2011). Lombroso, apardığı antropoloji, psixoloji, bioloji və sosioloji araşdırmalardan sonra fərqinə varmışdır ki, cinayətkarlar cinayət törətməyən insanlardan zahiri görünüşdən xeyli fərqlənirlər. Cinayətkarların böyük qulaqları, önə doğru çıxan alın nahiyələri, qeyri-adi dərəcədə uzun olan qolları olur. Onlar ağrı və qəmginliyə qarşı hissiyyatsız və mənəvi dəyərlərdən məhrum olurlar. Lombrozo nəzəriyyəsini təsdiqləmək üçün cinayətkar olmayan və olan şəxslərin şəkillərini yanaşı çəkmiş və bir yerə kimi dediklərini vizual faktlarla dəstəkləyə bilmişdi. Lakin, bu nəzəriyyədə çatışmayan önəmli bir amil var idi. Lombrozo cinayətin səbəbini yalnız bioloji və fizioloji quruluşda görürdü, halbuki cinayəti müxtəlif amillər tətikləyə bilir.

Sosial Pozitivist nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]

Bundan öncə haqqında danışılan nəzəriyyədən sonra yaranan bu yanaşma cinayətin səbəbini elmi üsullarla açıqlamağa cəhd göstərən yanaşmadır (Newburn 2007). Onlar bioloj pozitivistlər kimi fərdi istək konsepsiyasını qəbul etsə də, cinayətin səbəbini fərdin yaşadığını cəmiyyətin durumunda görürlər. Daha doğrusu, fərdi əhatə edən sosio-iqtisadi vəziyyətdir. Əgər toplumun durumu qeyri-stabil, yoxsul və qeyri-humanistdirsə, fərdlərin cinayətə meyilliliyi artır. Sosial pozitivist nəzəriyyəsi elmi üsullara dayanaraq tədqiqat aparan ilk kriminoloji nəzəriyyədir ki, cinayətin səbəbini cəmiyyətdə görüb. Sosial pozitivistlərin dövlət siyasətinə önəmli təsiri olmuşdur. Belə ki, cinayətin səbəbini toplumda görən və bu fikirlərini təsdiqləyə bilən pozitivistlər dövləti cəmiyyətin sosio-iqtisadi durumu ilə kriminogen vəziyyət arasındakı əlaqəyə daha da çox diqqət ayırmağa vadar edir. Buna görə də sosial pozitivistlərin əməyi dövlətin cinayət məsələsinə müdaxilə etməyə başlamasında əsas faktorlardan biri sayılır. Sosial pozitivistlərin zəif nöqtəsi isə onların zəngin şəxslərin və ciddi sosio-ekonomik problemi olmayanların cinayət motivlərini açıqlaya bilməməsidir. Əgər cinayətin əsas səbəbi yoxsulluq, aşağı maddi rifah və problemli həyatdırsa, bəs niyə bu xüsusiyyətlərin heç birini özündə cəmləməyən şəxslər cinayətə əl atırlar?. Bu suala ən ətraflı cavabı isə Marksist və tənqidi kriminoloqların ifasında görmək olar, hansılar ki əsasən güclü şəxslərin cinayətlərini tədqiq etmişlər və edirlər.

Merton və onun gərginlik nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]

Robert King Merton-a (1938) əsasən, hər bir cəmiyyətin özünə məxsus məqsəd və o məqsədlərə çatmaq üçün müəyyən edilmiş üsulları mövcuddur. Kapitalist sisteminin mövcud olduğu cəmiyyətlərdə, yəni ki müasir dövrün əksər cəmiyyətlərində, toplumun əsas məqsədi maddiyyət əldə etməkdir, çünki maddiyyət insana sosial nüfuz, iqtisadi və siyasi güc və bir çox imkanlar verir. Bu məqsədə çatanlar uğurlu, çatmayanlar isə uğursuz şəxslər adlanır. Qeyd edildiyi kimi, hər cəmiyyətin özünə məxsus məqsəd və məqsədə çatmaq üçün qəbul edilmiş üsulları var. Yəni ki, üsul ilə məqsəd arasında əlaqə mövcuddur. Mertona görə, bu əlaqədə gərginlik yaranan zaman şəxs cinayətə əl atır. Gərginlik deyərkən Mertonun nəzərdə tutduğu məsələ normal üsullarla məqsədə çatmağın mümkünsüzlüyüdür. Başqa sözlə desək, qəbul edilmiş yollarla məqsədə çata bilməyənlər fərqli üsullara əl ataraq məqsədə çatmağa çalışırlar. Bu məqsədə çatmaq üçün insanların istifadə etdiyi üsulları tədqiq edərkən Merton 5 növ fərqli insan qrupu görür və onları belə adlandırır.

  • Konformist yaxud qayda-qanuna tabe olanlar= Bu növ insanlar toplumun qoyduğu normal və qanuni yollarla əsas məqsədə çatmağa çalışırlar. Qanuni işlərdə çalışaraq pul qazanır və öz həyatlarını qururlar.
  • İnnovativ yola əl atanlar= Qəbul edilmiş yollarla məqsədə çatmayacağını görüb qeyri-qanuni üsullara əl atan şəxslər bu qrupa aiddir. Cinayətkarlar bu qrupa aid ən bariz nümunədir. Onlar ya yoxsulluqdan, savadsızlıqdan, tənbəllikdən və işsizlikdən, yaxud da ki kapitalist sisteminin yaratdığı rəqabət mühitindən təsirlənərək bu üsula əl atırlar. Məsəlçün, heç bir savadı və bacarığı olmayan və kriminal mühitdə yaşayan yoxsul bir şəxs maddiyyət əldə etmək üçün cinayət törədəndə innovativ üsul qrupuna daxil edilir. Ondan tamamilə fərqli həyat tərzi sürən zəngin şirkət rəsmiləri də qeyri-leqal yollarla (fırıldaqçılıq, rüşvət, qanun pozuntusu) öz maddiyyətlərini zənginləşdirəndə də onlar innovativ qrupa düşürlər.
  • Cəmiyyətdən özünü geri çəkənlər= Bu növ insanlar cəmiyyətin qoyduğu dəyər və müəyyən etdiyi məqsədlərə heç bir dəyər vermirlər və ondan imtina edərək öz həyatlarını sürürlər. Onlar yalnız bu gününü düşünür və gələcəyə dair heç nə etmirlər. Narkomanlar, qeyri-adi həyat tərzi sürənlər bu qrupa aiddir. Onlar tamamilə başqa fəaliyyətlərdən və həyat tərzindən zövq alırlar və bütün həyatlarını da o zövqü yaşamaq üçün qururlar. İnnovativlərdən fərqli olaraq onların cəmiyyətə elə də ciddi ziyanları yoxdur.
  • Üsyankarlar= Bu kateqoriyaya aid edilənlər o kəslərdir ki, onlar cəmiyyətin qoyduğu məqsədləri, dəyərləri və qəbul edilmiş üsulları inkar və yanlış qəbul edərək tamamilə yeni məqsəd və üsullar ərsəyə gətirməyə çalışırlar. Onlar radikal şəkildə cəmiyyəti dəyişmək istəyirlər. Radikal sosial-siyasi qruplar bu qəbildən olan şəxslərin toplaşdığı qruplardır. Məsəlçün, fundamentalist din adamları sekulyar dünya strukturunu yıxmaq və onun yerində dini dəyərlərlə idarə olunan cəmiyyət qurmaq istəyirlər.
  • Ritualistlər yaxud gündəlik həyatı düşünənlər= Bu növ insanlar cəmiyyətin qoyduğu məqsədlərə çatmağı özləri üçün önəmli saymırlar. Onlar üçün prioritet olan məsələ gündəlik dolanışı təmin etməkdir. Onların çalışdıqları iş də gələcəyə dair elə də perspektivli olmadığından onlar məqsədə çatmağın mümkünsüz olduğunu düşünürlər. Bu qrupa orta əmək haqqını qazanan və minimum dolanışığı təmin edənlər aiddir.

Mertonun nəzəriyyəsi Marksist nəzəriyyəsinin məruz qaldığı tənqidlərə məruz qalıb, çünki hər iki nəzəriyyə də ifrat dərəcədə materialistdir və qeyri-maddi səbəblər üzündən törəyən cinayətləri tədqiq etməyərək bütün cinayətlərin maddi maraqlar ucbatından baş verdiyini iddia etmişlər. Məsəlçün, dini, məişət, namus və mənəvi zəmində baş vermiş cinayətləri Merton nəzəriyyəsi ilə tədqiq etmək və anlamaq imkansızdır.

Gündəlik fəaliyyətlər nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]

Felson və Cohen (1979) tərəfindən yaradılan bu nəzəriyyə məntiqi seçim nəzəriyyəsinin nisbətən dəyişdirilmiş formasıdır. Belə ki, hər iki nəzəriyyənin də vurğuladığı məsələ eynidir; əgər imkan varsa və törədilən cinayət şəxsin ağır şəkildə cəzalandırılması ilə nəticələnməyəcəksə, o zaman şəxsin cinayət törətmə ehtimalı olduqca yüksəlir. Lakin, gündəlik fəaliyyətlər nəzəriyyəsi cinayəti nisbətən fərqli prizmadan açıqlayır. Onlara görə, cinayətin törədilməsi üçün, cinayətkar və qurban eyni zamanda eyni məkanda olmalıdırlar. Cinayət yalnız kənar müdaxilə lakin qurbanın müqaviməti nəticəsində önlənə bilər. Cohen və Felson-un nəzəriyyəsi yoxsul, kriminal, diqqətdən kənar yerdə qalan coğrafi məkanlardakı cinayətləri açıqlamaqda effektivdir. Əksər araşdırmaların da göstərdiyi kimi, yoxsul və sosial durumun aşağı olduğu ərazilərdə cinayət halları çox olur, çünki o ərazilərdə yoxsulluqdan qurtulmaq istəyənlər və cinayət edərək özünə nüfuz qazananlar sayca çoxdur. Bəs cinayətkarlar qurbanı nəyə görə müəyyən edirlər? Bu suala cavab olaraq Felson 4 amili göstərmişdir

  • Ediləcək cinayətdən əldə olunacaq qazanc
  • Potensial qurban olan şəxsin yaxud əmlakın zahiri görünüşü
  • Potensial qurban olan şəxsin yaxud əmlakın daxili xüsusiyyətləri (məsəlçün, əgər şəxs fiziki olaraq güclüdürsə yaxud əmlak hücumdan özünü müdafiə sisteminə malikdirsə, o zaman bu onun qurban olma ehtimalını azaldır)
  • Potensial qurban olan əmlaka daxil olma ehtimalı

Gündəlik fəaliyyətlər nəzəriyyəsi təkcə küçədə nisbətən yoxsul insanların törətdikləri cinayətləri yox, eyni zamanda yüksəkvəzifəlilərin də qanunsuz hərəkətlərini açıqlamaqda faydalıdır. Marcus Felson qeyd edir ki, yüksəkvəzifəli şəxslərin iş şəraiti onlara hər gün cəlb edici məqsədlərə çatmaq üçün geniş imkanlar yaradır, baxmayaraq ki hər bir işi bura aid etmək düzgün olmazdı. Felson bank işçilərini nümunə göstərərək demişdir ki, bank işçilərinin, xüsusilə də səlahiyyəti geniş olanların, müştəriləri fırıldaqçılıq yolu ilə aldatmağa, pulları mənimsəməkdə yaxud maaş üçün nəzərdə tutulmayan pulu mənimsəməyə imkanları var. Felsonun dediklərini həqiqətdə görmək mümkündür. Bank işçiləri, habelə dərman sənayesi (Braithwaite) və neft sənayesində çalışanların sahələrinə yerinə yetirsək bir mənzərəni açıq aydın görə bilərik. Bu sahələrdə dövlət nəzarəti digər sahələrə nisbətdə zəif, sənaye olduqca böyük və qlobal və onların dövlət üzərində böyük lobbiçilik təsirinə malik olduğundan onlar daha sərbəst şəkildə hərəkət edirlər. Bu da ilk növbədə qeyri-qanuni əməllərin yaranması üçün münbit şərait yaradır. Bunun nəticəsində də şirkət nümayəndələri iş qrafiklərini özlərinə uyğun qurmağa başlayır.

Interaktionist nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]

Adından da göründüyü kimi, sosiologiyanın fundamental nəzəriyyələrindən olan interaktionist cərəyanının prinsipləri əsasında qurulan bu nəzəriyyənin cinayət barədə fikirlərini bir cümlə ilə ifadə etməli olsaq, bunu belə etmək olar: "Heç bir əməl cəmiyyət tərəfindən cinayət adlandırılmadıqca cinayət deyil". İlk öncə qeyd edilməlidir ki, interaktionistlər təkcə cinayət yox, eyni zamanda da anormallıq haqqında da olduqca geniş danışırlar. Howard Becker-ə görə, cəmiyyətdə qanunların qəbulu və onların tətbiqi güclülər tərəfindən müəyyən edilir. Kişilər qadınlar, kapitalistlər proletariat, ağ dərililər qara dərililər üçün qanun qəbul edir və tətbiq edir. Bu bərabərsizliyin nəticəsi isə odur ki, qəbul edilən və tətbiq edilən qanunlar obyektivlikdən xeyli uzaqdır. Əksinə, onlar güclülərin maraqlarına xidmət edir. Güclülər özlərinə xeyir edən qayda-qanunu və strukturu yaratmaq üçün subyektiv qanun toplusu yaradırlar, lakin, media, dövlət və digər institutların daimi təbliğatı nəticəsində bu qanunlar ictimaiyyət tərəfindən təbii qəbul edilir. Bəzi elementləri Marksist yanaşması ilə dərin oxşarlığa malik olsa da, interaktionistləri onlardan ayıran bir xüsusiyyət var. İnteraktionistlərə görə, heç bir əməl təbiətən cinayət xarakterli deyil, hətta insan öldürmək, oğurluq etmək və zorakılıq tətbiq etmək kimi universal olaraq cinayət qəbul edilmiş hərəkətlər də kontekstə və ona verilən mənaya görə müxtəlif mənalar verə bilər. Məsəlçün, kiminsə mülkünü oğurlamaq üçün onu öldürmək əksəriyyət tərəfindən cinayət və günah kimi qəbul olunursa, özünü müdafiə məqsədilə hücum edən şəxsi öldürmək sosial dəyərlərə görə cinayət sayılmır, baxmayaraq ki qanunla bu əmələ görə şəxsə cəza verilə bilər. İnteraktionistlər və həmçinin bəzi Marksistlərin istinad etdiyi digər nümunə isə bir az fərqlidir. Güclü olan sosial qrup yaxud institut öz maraqlarına xidmət üçün başqalarına qarşı zorakılıqla, qanunsuzluqla, amansızlıqla yaxud digər cinayət sayıla biləcək yolla davrananda o əməl cinayət sayılmır, lakin, zəif tərəf güclüyə hər hansısa bir formada müqavimət göstərmək üçün ona ziyan vuranda bu cinayət sayılır (Box 1983). Bu da ona dəlalət edir ki, heç bir əməl nə qədər açıq şəkildə ziyan verici görsənsə də, toplum tərəfindən cinayət adlandırılmadıqca məsuliyyətə cəlb edilmir və rəsmi olaraq cinayət hesab olunmur. Tannenbaum-un açıqlaması bütün elementləri özündə cəmləyir. Ona görə, şəxsə cinayət damğasını vurmaq onun cəmiyyət tərəfindən etiketlənməsi kimi bir hərəkətdir. Bu etiket şəxslə qalır və onun həyatında ciddi dəyişikliklərə səbəb ola bilir. Həqiqətən də, digər interaktionistlərin yazılarında da görəcəyiniz kimi, cinayətkar "titulunu" şəxsə etiketləyən cəmiyyət daha sonra o cinayətkarı toplumdan fərqli formalarda uzaqlaşdırır və nəticədə də cinayətkarın gələcək həyatı olduqca çətin duruma düşür.

Edwin Lemert (1967) isə bu məsələyə bir az fərqli prizmadan yanaşır. O təkcə cinayət yox, anormallığın da cəmiyyət tərəfindən müəyyən olunduğunu qeyd edir və əlavə edir ki, iki cür anormallıq mövcuddur; birinci və ikinci dərəcəli. Birinci dərəcəli anormallıq o hərəkəti edib heç kəs tərəfdən tənqidə məruz qalmamaq və məsuliyyətə cəlb olunmamaqdır. Məsəlçün, əgər narkoman gizli şəkildə hərdən bir narkotik vasitələrdən istifadə edir, lakin heç kim ona reaksiya vermirsə, bu birinci dərəcəlidir. İkinci dərəcəli isə edilən hərəkətə görə cəmiyyət tərəfindən reaksiyaya məruz qalmaqdır və bu reaksiya həm şifahi şəkildə ifadə olunan qınaq formasında, həm də ki məsuliyyətə cəlb edilməklə ola bilər. Bu olduğu halda isə zəncirvari hadisələr baş verə bilər və bu hadisələri interaktionistlər özlərinə məxsus şəkildə izah etmişlər, baxmayaraq ki izahlarına görə tənqidlərə də məruz qalmışlar.

Sosioloqlar, həmçinin interaktionistlər qeyd etmişlər ki, insanlar hərəkət etməmişdən öncə onun gələcək potensial nəticələrini düşünərək edir. Lakin, bu o demək deyil ki insan cəmiyyətin onun hərəkətinə verdiyi reaksiyadan təsirlənmir. Şəxs hər nə qədər mənfi reaksiya ilə qarşılansa, ona anormal yaxud cinayətkar kimi davranılsa və yaxud stiqmaya məruz qalsa, o öz qəbul edilməz hərəkətlərində daha da inadkar olar. Başqa sözlə desək, narkotik istifadəçisi toplum tərəfindən nə qədər tənqid edilsə və toplumdan kənarlaşdırılsa, onun narkotik maddədən istifadəsi daha da güclənir. Bu iddianı təsdiqləyən tədqiqatlardan biri Stanley Cohen tərəfindən aparılmışdır. 1964-cü ildə İngiltərədə 2 fərqli qrup, hansılar ki cəmiyyətdən nisbətən təcrid olunmuş sayılırdılar, yüngül şəkildə birbiri ilə dalaşırlar. Baxmayaraq ki ətraf mühitə və birbirlərinə o qədər də ciddi ziyan vurmamışdılar, medianın bu qarşıdurmanı şişirtməsi və nəticədə toplumun bu qrupların nümayəndələrinə qarşı daha da soyuq davranıb mənfi münasibət göstərməsi öz təsirini göstərdi. Belə ki, bu qruplar özlərini cəmiyyətdən daha da uzaqlaşdıraraq anormal davranış, geyim və fəaliyyətlərə davam etdilər. Bunun digər nümunəsini isə futbol xuliqanlarında görmək olar. Cəmiyyətin qəbul edilmiş dəyərlərindən fərqli formada yaşayan və özünə məxsus dəyərləri olan xuliqanlar cəmiyyət tərəfindən daim mənfi münasibətə məruz qaldıqlarından özlərini toplumdan uzaqlaşdırır və öz dünyalarında yaşayırlar. Vaxt aşırı isə anormal və hətta qeyri-leqal işlərə də qarışırlar, ancaq bunu fəxrlə edirlər, çünki onların öz dəyərləri bu növ hərəkətləri pisləmir.

İnterkationistlərin nəzəriyyəsini tənqid edərkən əsasən 2 məsələyə toxunulur. İlk öncə, interaktionistlər elə düşünürlər ki, şəxsə cinayətkar yaxud anormal damğası vurulduqdan sonra onun daha da mənfiləşməsi qaçınılmazdır. Halbuki, hər bir şəxsin öz düşüncə və iradəsi var və ona vurulan damğanı aradan qaldırmaq üçün çalışıb o damğanı uğurla özündən uzaqlaşdıra bilər. İkinci məsələ isə bundan ibarətdir ki, bu nəzəriyyə yüksəksəviyyəli şəxslərin törətdiyi cinayətlərin səbəblərini açıqlaya bilmir, çünki digər kriminoloq və sosioloqların göstərdiyi kimi, ağ-yaxalı vəzifədə olan şəxslərin cinayətləri onlara vurulan damğadan sonra artmır, əksinə, bir çox hallarda azalır (Braithwaite).

Təşkilati davranış nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]

Daha öncə də qeyd edildiyi kimi, cinayət yalnız fərd tərəfindən yox, təşkilat tərəfindən də həyata keçirilə bilər. Dövlət, korporasiya, mafiya və ya terror təşkilatı tərəfindən törədilənlər bu qəbildən olan cinayətlərdir. Bu cinayətlərin fərqli cəhəti ondan ibarətdir ki, onlar fərdin öz düşüncə və istəyinin yox, təşkilatın önəm verdiyi dəyərlərin məhsuludur. Əgər təşkilatda önəm verilən dəyərlər oğurluq, adam öldürmək yaxud qazanc naminə bütün mənəvi dəyərlərə hörmətsizlik etməkdirsə, o zaman təşkilatın cinayət törədəcək və təşkilat daxilində bu cinayəti törədənlər tənqid yox, əksinə, təriflənəcək və onların nüfuzu artacaq. Buna ən bariz nümunələrdən biri korporasiyalardır, əsasən də adı tez-tez qalmaqallarda və qeyri-qanuni işlərdə hallananlar. Korporasiyaların başlıca məqsədi qazancdır. Onlar daim olaraq bütün siyasətlərini qazancı artırmaq üzrə qururlar və bəzi hallarda qazanc əldə etmək üçün qeyri-qanuni yola da baş vururlar, baxmayaraq ki onlar qanunla cəzalandırıla bilərlər. Məsəlçün, dərman istehsal edən korporasiya qazancını artırmaq üçün aşağı keyfiyyətli dərman istehsal edib onu yüksək qiymətə sata bilər, amma ki bir şərtlə. Dərmanın keyfiyyətini yoxlayan dövlət orqanına rüşvət ödəməklə korporasiya dərmanı satışa çıxara bilər.

Qırılan pəncərələr

[redaktə | mənbəni redaktə et]

1982-ci ildə *James Q. Wilson və *George L. Kelling tərəfindən irəli sürülən bu nəzəriyyəyə görə, ətraf mühitin yaxşı halda saxlanılması cinayəti azalda, səliqəsiz və xoşa gəlməz halda saxlanılması isə cinayəti artıra bilər. Fərqli formada desək, əgər şəhərin müəyyən bir hissəsindəki binaların, küçələrin, evlərin və digər iaşə və ictimai obyektlərin vəziyyəti ürəkaçan deyilsə və onlar baxımsız qalırsa, o ərazidə cinayətin yüksək olma ehtimalı olduqca böyükdür. Çünki, baxımsızlıq nəzarətsizliyin, yoxsulluğun və dövlətin o əraziyə diqqətsizliyinin göstəricisidir. Təbii ki, bu o demək deyil ki o ərazidə yaşayanların hamısı bu vəziyyəti görüb cinayətə yaxud anormal davranışa əl atırlar. Cinayətin baş verməsi üçün təkcə baxımsızlığın olması yetərli deyil. Yuxarıda da qeyd edildiyi kimi, adətən belə ərazilərdə yoxsulluğun, nizam-intizamsızlığın və təhsilsizliyin mövcud olduğu ailələr yaşayırlar. Həm ailə durumu, həm də ətraf mühitin durumu anti-sosial yaxud ətraf mühitə (həm insan həm təbii mühitə) ziyan vuracaq hərəkətlərin reallaşması üçün ideal şərait yaradır. Baxmayaraq ki Wilson və Kellingin bu nəzəriyyəsi İngiltərədə aparılan tədqiqatlar nəticəsində formalaşıb, onların idealarının gerçək olduğunu göstərən nümunələr dünyanın əksər ölkələrində mövcuddur. Bu da öz növbəsində qırılan pəncərələr nəzəriyyəsinə xüsusi çəki qazandırır. Bu nəzəriyyənin siyasətçilər və dövlət üçün önəmli mənası var idi; cinayətə qarşı mübarizə yollarından biri də ətraf mühiti və yaşayış məntəqələrinin durumunu yaxşılaşdırmaqdan ibarətdir. Lakin, bu nəzəriyyə yüksəksəviyyəli şəxslərin törətdikləri və yoxsulluq və maddiyyət kimi səbəblərdən savayı baş verən cinayətləri açıqlamır.

  • Hopkins, Burke Roger (2011). An Introduction to Criminological Theory. Oxon, Taylor & Francis
  • Becker, Howard (1963). Outsiders: Studies in the Sociology of Deviance. New York, Free Press
  • Box, Steve (1983). Power, Crime and Mystification. London, Routledge
  • Lemert, Edwin (1967). Human Deviance, Social Problems and Social Control. Englewood Cliffs, New Jersey, Prentice-Hall