Kristal qəfəsləri — kristal qəfəsinin düyünlərində hansı hissəciklərin yerləşməsindən asılı olaraq 4 tip-ion, atom, molekul və metal kristal qəfəsi olur.
Düyünlərində ion rabitələrlə birləşmiş müsbət və mənfi yüklü ionlar olan kristal qəfəslərinə ion kristal qəfəsləri deyilir. İon kristal qəfəsli birləşmələrin tipik nümayəndələri duzlardır. Məsələn, natrium-xloridin
{NaCl} kristal qəfəsi kub şəklindədir və onun düyünlərində müsbət yüklü natrium və mənfi yüklü xlorid ionları yerləşir. İon birləşmələrində ionlar arasındakı cəzbetmə qüvvələri yüksək olduğundan, bu maddələr nisbətən çətinəriyən, az uçucu və müəyyən bərklikdə olur.
Düyün nöqtələrində bir-birilə kovalent rabitələrlə əlaqələnmiş atomlar olan kristal qəfəsinə atom kristal qəfəsləri deyilir. Atom kristal qəfəsi olan maddələrə:
▪️ B
▪️ C (almaz, qrafit)
▪️ Si
▪️ SiO2 (kvars)
▪️ SiC
▪️ qara və qırmızı fosforu
kimi maddələri misal göstərmək olar. Bu maddələrin əksəriyyəti çox bərk olur və onlar üçün yüksək ərimə temperaturu xarakterikdir.
Düyün nöqtələrində molekullar olan kristal qəfəslərinə molekul kristal qəfəsləri deyilir. Molekulyar maddələr molekul tipli kristal qəfəsi əmələ gətirir. Qeyri-polyar kovalent rabitəli maddələrin (H2, N2, O2, F2, Cl2, Br2, J2, P4, S8 və s) molekul kristal qəfəslərində molekullararası rabitəni yalnız zəif molekullararası qüvvələr yaradır. Buna görə də onların ərimə temperaturları çox aşağı olur. Polyar kovalent rabitəli maddələrin (HF, HCl, HBr, HJ, SO2, CO2, H2S, CH4, NH3, H2SO4, H3PO4 və s.) kristal qəfəslərində düyünlər arasında həm molekullararası qüvvələr, həm də elektrostatik cazibə qüvvələri təsir göstərir. Ona görə də bu maddələrin ərimə temperaturu ion kristal qəfəsli birləşmələrinkindən aşağı, qeyri-polyar kovalent rabitəli molekul kristal qəfəsi olan birləşmələrinkindən isə yuxarı olur. P4, İ2, S8, HPO3, H4P2O7, H3BO3, fenollar, karbohidratlar və s. adi şəraitdə molekul kristal qəfəs əmələ gətirir.
Düyünlərində bir-birilə ümumiləşmiş elektronlarla əlaqələnmiş ayrı-ayrı atomlar və ya metal ionları olan kristal qəfəslərinə metal kristal qəfəsləri deyilir. Metallar (Na, Ca, Fe, Al, Cu və s.) və bir çox ərintilər metal kristal qəfəsi əməıə gətirir. [1]