Ləman Atakişiyeva

Ləman Həsən qızı Atakişiyeva (3 avqust 1933, Bakı2015) — Azərbaycan dirijoru, xormeyster, Azərbaycan Dövlət Konservatoriyasının professoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). Ləman Atakişiyeva 1976–1989-cu illərdə Azərbaycan Xor cəmiyyətinin nəzdində fəaliyyət göstərən kamera xorunun təşkilatçısı və bədii rəhbəri olmuşdur.

Ləman Atakişiyeva
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, xormeyster, pedaqoq
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1987

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ləman Atakişiyeva 3 avqust 1933-cü ildə Bakıda pedaqoqlar — Həsən Atakişiyev və Səkinə Terequlovanın ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbdə almış, 1951-ci ildə buranı bitirmişdir. Daha sonra konservatoriyanın xor dirijorluğu şöbəsində L. V. Frolova sinfini bitirmişdir. 1955-ci ilin mayında A. Yurlov[rus.] tərəfindən təşkil olunmuş II mahnı bayramının baş dirijoru təyin olunmuşdur. L. Atakişiyeva 1956-cı ildə konservatoriyada pedaqoji fəaliyyətə başlamış və 1961-ci ildə baş müəllim vəzifəsinə keçmişdir. Həmin il konservatoriyanın nəzdində yeni yaradılmış opera studiyasında işləməyə başlamış və 12 il ərzində studiyanın xoruna rəhbərlik etmişdir.[1]

Ləman Atakişiyeva 1966–1969-cu illərdə öz təhsilini Qnesinlər adına Moskva Musiqi-Pedaqoji İnstitutunun aspiranturasında davam etdirmiş, Moskvadan qayıtdıqdan sonra konservatoriyada xor dirijorluğu kafedrasının dosenti vəzifəsində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə yaradılmış Xor cəmiyyətinin nəzdində Kamera xorunun bədii rəhbəri təyin edilmişdir. Kollektivlə birlikdə çox sayda qastrol səfərlərində olmuş, çox saylı konsertlərlə çıxış etmişdir. L. Atakişiyeva 1981-ci ildə Atatürk adına İstanbul Opera və Balet Teatrına baş xormeyster vəzifəsinə dəvət olunmuş və üç sezon ərzində burada 10-dan artıq rus və qərb bəstəkarlarının əsərlərini hazırlamışdır. O, türk bəstəkarı Adnan Sayqunun "Dastan" adlanan və Atatürkə həsr olunmuş irimiqyaslı vokal-simfonik əsəri üzərində işləmişdir. Bakıya qayıtdıqdan sonra pedaqoji fəaliyyətilə yanaşı bir il ərzində Azərbaycan Dövlət opera və balet teatrında baş xormeyster vəzifəsində işləmişdir. Sonralar yalnız pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[2]

L. Atakişiyeva 1992-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilmişdir. 2001-ci ildə Rusiyanın Xor Sənəti Akademiyasının dəvətilə Moskva şəhərinə köçmüş və orada 2010-cu ilə qədər çalışaraq bir çox xormeyster hazırlamışdır. Ləman Atakişiyeva 2015-ci ildə vəfat etmişdir.[2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. Axundova, 2016. səh. 43–46
  2. 1 2 Axundova, 2016. səh. 46–48
  • Axundova, Gülarəxanım. Azərbaycanın görkəmli dirijorları və xormeysterləri. Bakı: ADPU. 2016. 186 səh.