Azərbaycanın digər ərazilərində yaşayan heyvanlardan başqa bu zonanın xarakterik endem və relikt heyvan növlərinə daha çox rast gəlinir.
Tarixi materiallar təsdiq edir ki, keçmişdə Talış zonası ov heyvanları ilə zəngin olub, vaxtilə Talış meşələrində pələng də yaşayırmış. Axırıncı pələng 1932-ci ildə ovlanmışdır. Talış meşələri üçün xarakterik heyvanlardan cüyür, bəbir, meşə pişiyi, çöl donuzu, qaya dələləri, vaşaq, radde yereşəni, adi kirpi, süleysin, kor köstəbəyi göstərmək olar. Süleysinlər bağlara ziyan vurduqları üçün zərərli sayılır, xeyirli cəhəti bəzi həşəratları məhv etməkdir. Talış meşələrinin sayı azalmaqda olan ən iri yırtıcı heyvanı, çəkisi 480kq-a çatan qonur ayıdır[1].
Lənkəran-Astara zonası dənizə yaxın yerləşdiyindən oradakı gölməçə və bataqlıqlarda quşlardan - qaşqaldaq, qamışlıq quşu, qamışlıq remezi, dəniz qartalı və s. yayılmışdır. Düzən meşələrində bildirçin, meşə göyərçini, qurqur, sultan toyuğu, qaratoyuq, yoğundimdik, yulaf quşu, kiçik bozca, qırqovul, arıquşu, turac, yaşıl qızlarquşu və s. yayılmışdır. Dağətəyi meşələrdə talış qırqovulu, qırmızıbaş, alaçəhrə, turac, talış əlvan ağacdələni, hirkan sərçəsi və s. rast gəlinir. Dağ və dağətəyi meşələrində 8 növ endem və relikt məməli heyvan, 32 növ Cənubi Azərbaycan, Kiçik Asiya və 19 Avropa növlərinə rast gəlinir. Endem quşlardan hirkan zığzığı, hirkan payız bülbülü, cənubi xəzər arıquşu, hirkan zaryankası, cənubi xəzər zaryankası, cənubi xəzər yapalağı, qırmızıdimdik balıqçıl, hind alaçəhrəsi, ağboyun bülbül və s. göstərmək olar.
Talış meşə və bağlarında tez-tez rast gəldiyimiz həşəratlardan yaşıl şla endem sayılır. Burada rast gəlinən böcəklərdən maral böcəyi, parlaq qırmızı yaşıl rəngli tunc böcəyi, otşelnik böcəyi, xəzər parandası, kərgadan böcəyi, qızılı kötük böcəkləri nadir həşəratlardır.