Lalə Məhəmməd qızı Əfəndiyeva — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Maye fazada oksidləşmə" laboratoriyası müdiri, Təhsil Şöbəsinin müdiri, kimya üzrə elmləri doktoru, dosent.[1][2]
Lalə Əfəndiyeva | |
---|---|
Lalə Məhəmməd qızı Əfəndiyeva | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmləri doktoru |
Elmi adı | dosent |
İş yeri | AMEA akadademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu |
Alma-mater | Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti |
Əfəndiyeva Lalə Məhəmməd qızı 21 oktyabr 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-1991-ci illərdə orta ümumtəhsil məktəbdə təhsil almışdır.
1991-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub, 1996-cı ildə kimyaçı-müəllim ixtisası üzrə həmin universiteti bitirmişdir.
1996-1997-ci illərdə “Təravət” İB-də, 1997-1998-ci illərdə “M&Y. Kristal LTD” MM-də KŞ rəisi vəzifəsində çalışmışdır. 2006-cı ildə AMEA akaddemik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kimyaçı kimi işə başlamışdır. 2010-cu ildə elmi işçi, 2012-ci ildən böyük elmi işçi vəzifəsini icra edən, 2014-cü ildən isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır.
L.M.Əfəndiyeva 2012-ci ildə “Beşnüvəli Co, Ni komplekslərinin iştirakı ilə sintetik neft turşularının alınması prosesinin işlənib hazırlanması” mövzusunda “Neft kimyası” və “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə dissertasiya işini müdafiə etmiş, 2013-cü ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini və 2016-cı ildə dosent elmi adını almışdır.
2017-ci ildə “Azərbaycan neftləri əsasında sintetik oksi-, neft turşularının, onların efirlərinin, metal və azot-saxlayan törəmələrinin alınması və tədqiqi” mövzusunda “Neft kimyası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18.05.2018-ci il tarixli qərarı ilə L.M. Əfəndiyevaya kimya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir. 20.12.2017-ci ildən “Maye fazada oksidləşmə” laboratoriyasının müdiri vəzifəsində çalışır. Eyni zamanda, həmin ildən NKPİ-nin Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edən təyin olunmuşdur.
L.M.Əfəndiyevanın əsas elmi istiqamətini neft-kimya prosesləri üçün perspektivli katalizatorların (metalsaxlayan çoxnüvəli, nanostrukturlaşmış komplekslər, qrafen və onun modifikasiya olunmuş formaları, keçid metalların asetilasetonatları və onların difenilhidrazinlə kompleksləri) iştirakı ilə neft karbohidrogenlərinin maye fazada aerob oksidləşməsindən yüksək çıxımla sintetik neft- və oksiturşuların, onlar əsasında təkmilləşdirilmiş üsulla mürəkkəb efirlərin alınması və tədqiqi təşkil edir. Eyni zamanda, sintez edilmiş sintetik oksi- və neft turşuları qarışığı əsasında yüksək effektli korroziya inhibitorları və konservasiya mayelərinin alınması istiqamətində də elmi-tədqiqat işləri aparılmışdır. L.M.Əfəndiyeva tərəfindən Azərbaycanın sənaye neftləri qarışığından alınan dizel distillatı əsasında oksigenli komponentlərə malik ekoloji əlverişli dizel yanacağının alınması sahəsində də tədqiqatlar aparılmış və müsbət nəticələr əldə edilmişdir.
Apardığı işlərin nəticələri 137 elmi əsərdə, o cümlədən 4 monoqrafiya, 72 məqalə, 60 tezisdə və patentdə öz əksini tapmışdır. L.M.Əfəndiyeva Beynəlxalq və respublika konfranslarında elmi məruzələrlə dəfələrlə çıxış etmişdir.
2011-ci ildə “Azərikimya” İstehsalat Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun birgə təşkil etdiyi Azərbaycanın Neft Çıxarma, Neft Emalı və Neft Kimyası sənayelərinin aktual problemlərinə həsr olunmuş Azərbaycanın Gənc Kimyaçılarının Respublika Elmi konfransında – I yerə, 2012-ci ildə “Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası” çərçivəsində keçirilmiş Gənc alimlərin Elmi konfransında II yerə layiq görülmüşdür.
L.M.Əfəndiyeva elmi fəaliyyətlə yanaşı, pedoqoji fəaliyyətlə də məşğul olur və 2017-ci ildən AMEA NKPİ-nin magistratura şöbəsində “Neft kimyası”, “Nanomateriallar kimyası” və “Ətraf mühit kimyası” ixtisasları üzrə təhsil alan tələbələrə dərs deyir.
2019-cu ildə Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və “Elm günü” ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.[3]