Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Leyla Rzayeva — Azərbaycanın teatr və kino aktrisası.
Leyla Rzayeva | |
---|---|
Leyla Rzayeva | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vəfat səbəbi | Beyninə qan sızma |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | aktrisa |
Leyla Rzayeva 21 aprel, 1930-cu ildə Bakıda anadan olub. Uşaqlıq illəri İkinci Dünya müharibəsi dövrünə təsadüf edən Leyla Rzayeva orta məktəbi başa vurandan sonra Azərbaycan Teatr İnstitutuna daxil olub. Burada o, Xalq artisti, rejissor Mehdi Məmmədovun sinfində təhsil alıb. Daha sonra o, Akademik Milli Dram Teatrına dəvət olunub və orada səhnə fəaliyyətinə başlayıb. Aktrisa ömrünün sonuna kimi həmin teatrda fəaliyyət göstərib.
Leyla Rzayeva həyatda bəxti gətirməyən qadınlardan olub, əcəl onu erkən yaxalayıb. Aktrisa 5 noyabr 1970-ci il tarixində beyninə qan sızmadan vəfat edib. Dünyasını dəyişərkən Leyla Rzayevanın cəmi 40 yaşı olub.[1][2]
Leyla Rzayeva Akademik Milli Dram Teatrında səhnəyə quyulmuş "Xoşbəxtlər" tamaşasında Gülər, "Şöhrət və ya unudulan adam"da stenoqrafçı, "Ana ürəyi"ndə Nurəngiz, "Vaqif"də Tükəzban, "Əliqulu evlənir"də Yasəmən kimi rollar ifa edib.
Aktrisa 1959-cu ildə "Əsl dost", 1960-cı ildə "Aygün" və "Səhər", 1962-ci ildə "Böyük dayaq", 1963-cü ildə "Əhməd haradadır?" və b. filmlərə çəkilib. Ancaq ona ən böyük uğuru "Böyük dayaq" filmindəki Səkinə ana rolu gətirib. Leyla Rzayeva "Böyük dayaq" filminə görkəmli aktyor, bu ekran əsərində Rüstəm kişi rolunda çəkilmiş Xalq artisti Ələsgər Ələkbərovun dəvəti ilə gəlib. Aktrisa həmin filmdə çəkilərkən onun 32 yaşı olub, amma gənc olmasına baxmayaraq, 32 yaşlı Leyla Rzayeva yaşlı ana obrazının öhdəsindən çox məharətlə gələrək, həm rejissorun etimadını doğruldub, həm də tamaşaçıların sevimlisinə çevrilib.[1][2]
Leyla Rzayevanın nəvəsi Sona Rzayeva müsahibələrinin birində nənəsi haqqında deyir:
"Təəssüf ki, mən həyatdan erkən köçmüş nənəm haqqında daha ətraflı danışa bilmirəm. Onun xarakteri barədə filmlərdə birgə çəkilmiş sənət yoldaşları daha yaxşı danışa bilərdilər, amma onlar da dünyalarını dəyişiblər. Leyla nənəmlə bağlı bunu əlavə edə bilərəm ki, o iki dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı Məmmədtağı kişidən 3 övladı dünyaya gəlib — Məsumə, Xanlar və Qəmər. İkinci həyat yoldaşı Adildən isə Əziz adlı oğlu doğulub".
Nəvəsinin sözlərinə görə, Leyla Rzayevanın 4 övladından 2-si Məsumə və Xanlar Rzayevlər dünyadan köçüblər. Leyla Rzayevanın böyük qızı Məsumə Rzayeva da aktrisa olub. Məsumə xanım 30 ildən çox Musiqili Komediya Teatrının aktrisası olub. 1949-cu ildə dünyaya gəlmiş Məsumə Rzayeva 2002-ci ildə 53 yaşında xərçəng xəstəliyindən rəhmətə gedib. Aktrisa Leyla Rzayevın böyük oğlu Xanların infarktdan öldüyü bildirilir.
Leyla Rzayevın digər qızı Qəmər xanım məşhur müğənni, Xalq artisti Elxan Əhədzadənin həyat yoldaşı olub. Bu evlilikdən onların Əhəd adlı bir oğlanları olub, amma atasının ölümündən xeyli sonra Əhəd də dünyadan köçüb.
Leyla Rzayevanın birinci ərindən olan qızı Qəmər xanım və ikinci evliliyindən dünyaya gəlmiş oğlu Əziz isə hazırda sağdırlar.[1]
Nəvəsi Sona Rzayeva deyir ki, böyüklərdən eşitdiyinə görə, Leyla Rzayeva "Böyük dayaq" filmindəki kimi, həyatda da xaraktercə mehriban, xoşxasiyyət, ədəb-ərkanlı xanım olub.[1][2]