Liduvenay körpüsü

Liduvenay körpüsü (lit. Lyduvėnų tiltas) — Litva, Kaunas qəzasının Liduvenay kəndində yerləşən Dubısa çayı vadisi üzərindəki dəmir yolu körpüsü. Radvilişkis-Paqeqyay dəmir yolu xəttinin bir hissəsidir. Litvada ən uzun (599 m) və ən hündür (42 m) körpüdür. Körpü dövlət tərəfindən qorunan Litva Respublikasının Mədəni Mülkiyyət Reyestrinə daxil edilmişdir (kod 2288).

Liduvenay körpüsü
lit. Lyduvėnų tiltas
Xəritə
55°30′22″ şm. e. 23°05′08″ ş. u.HGYO
Keçid dəmiryolu üçün
Yeri Kaunas qəzası
Material dəmir-beton
Uzunluğu 599 metr
Eni 4,5 metr
Açılışı 1916, 1952
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Körpü Birinci Dünya müharibəsi zamanı alman hərbçiləri tərəfindən tikilib. Tikinti alman ordusunun 2000 nəfərdən ibarət iki hərbi bölüyü tərəfindən tikilmişdir. 1915-ci ilin sentyabrında işlərə başlanılır, 20 iyun 1916-cı ildə körpünün tikintisi başa çatır. Körpü Pol fon Hindenburqun şərəfinə adlandırılmışdır. Taxta körpünün uzunluğu 670 m, hündürlüyü 42 m olur. Tikinti zamanı 7000 m³ taxtadan istifadə olunur. Körpünün bünövrəsinin altına 15 m dərinliyə 1400-ə yaxın svay vurulub. Körpünün özüldəki eni 21 m, yuxarı hissəsinin eni 5,5 m idi. Açılışı zamanı Şərq Cəbhəsindəki ən böyük mühəndislik strukturu və Avropanın ən böyük taxta dəmir yolu körpülərindən biri idi. 1930-cu illərdəhərbi mühəndisləri tərəfindən körpünün maketi hazırlanmış və təlim məqsədləri üçün istifadə edilmişdir. Model hazırda Kaunasdakı Böyük Vytautas Hərbi Muzeyində nümayiş etdirilir[1].

Taxta körpü dəmir yolu estakadasını xatırladırdı. Körpünün əsas materialı taxta olması ilə əlaqəli konstruksiya zəif olduğuna görə körpü böyük qatarların və hərbi qatarların oradan keçməsi üçün o qədər də uyğun deyildi. 1916-1918-ci illərdə aşağı məhsuldarlıq və daimi yanğın təhlükəsi səbəbindən taxta körpüdən 20 metr aralıda dəmir-beton dayaqlar üzərində polad körpü tikilmişdir. Üst quruluşun metal konstruksiyalarının istehsalı və quraşdırılması işləri Maschinenfabrik Augsburg-Nürnberg maşınqayırma zavodu tərəfindən aparılmışdır. Körpü 1918-ci il mayın 17-də hərəkətə açılır, bundan sonra taxta körpünün sökülməsinə başlanılır. Körpü tək yollu olub, hər biri 62,4 m olan doqquz aşırımdan ibarət olmuşdur. Ümumi uzunluğu 570 m, çaydan olan hündürlüyü 42 m (o dövrdə Baltikyanı ölkələrin ən uzun körpüsü idi). İkinci Dünya müharibəsindən əvvəl körpüdə nəqliyyat çox sıx idi. Sərnişin qatarları ildə 5 mindən 12 minə qədər sərnişin aparır, yük qatarları Sovet İttifaqından Almaniyaya çoxlu mallar daşıyırdı. 1941-ci ildə almanların hücumuna mane olmaq üçün Qızıl Ordu körpünü partlatmağı planlaşdırsa da, alman ordusunun sürətlə irəliləməsi səbəbindən bu mümkün olmur 1944-cü ildə körpü geri çəkilən alman qoşunları tərəfindən partladılır. Radvilişkis-Paqeqyay dəmir yolu xətti böyük strateji əhəmiyyətə malik olduğundan həmin ilin payızında cəmi 29 günə müvəqqəti taxta körpü tikilmişdir[2]. İş Alman hərbi əsirlərinin köməyi ilə sovet qoşunlarının mühəndis bölmələri tərəfindən həyata keçirilir.

1948-ci ildə daimi körpünün tikintisinə başlanılır. İşlər 446 saylı körpü tikinti tərəfindən həyata keçirilib. Altı yeni dayaq da tikilmişdir. 1952-ci il mayın 1-də ilk qatar yeni körpünün üzərindən keçmişdir.

2001-2005-ci illərdə Avropa İttifaqı Liduvenay körpüsünü təmir edir. İşlərin gedişində metal konstruksiyaların təmiri və korroziyaya qarşı mühafizəsi (körpü açıq boz rəngə boyanıb), dayaqların dəmir-beton konstruksiyalarının təmiri həyata keçirilib. İşlər körpüdə nəqliyyatın hərəkəti bağlanmadan həyata keçirilmişdir. 2006-cı ildə “Qiprostroymost-Sankt-Peterburq” QSC tərəfindən körpünün tədqiqi aparılıb, onun nəticələri körpünün yüklərin dizayn sinfinə uyğun olduğunu müəyyən edib[3].

2008-ci ildə Liduvenay dəmir yolu körpüsü Litva mədəniyyət abidəsi statusunu alır. Hazırda Liduvenay körpüsündən yalnız yük qatarları keçir[4][5].

Doqquz aşırımlı metal körpüdür. Quruluşun çay səviyyəsindən hündürlüyü 42 m-dir. Dəstəklər monolit dəmir-betondur. Körpünün ümumi uzunluğu 599 m, eni 4,5 m-dir.

Körpü biryolludur. Dəmir yolu nəqliyyatının hərəkəti üçün nəzərdə tutulub. Körpüdə piyadaların hərəkəti qadağandır.

  1. Pečiulis Marius. Lyduvėnų tilto ir jo maketo Karo muziejuje istorija // Vytauto Didžiojo Karo muziejus 2008 metais (almanachas). — Kaunas, 2009. — С. 60—68
  2. "Lyduvėnų geležinkelio tiltas" (litva). Miestai.net. 2021-10-20 tarixində arxivləşdirilib.
  3. Urbutis Ž. Didžiausias lietuvos tiltas // Baltic railways Magazine. — 2009. — № 2.
  4. "Lyduvėnų geležinkelio tiltas | pamatykLietuvoje.lt - kelionių po Lietuvą portalas". www.pamatyklietuvoje.lt. 2021-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-23.
  5. "Lyduvėnų tiltas – ilgiausias ir aukščiausias Lietuvoje". www.prieezero.lt (litva). 2021-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-23.
  • "Lyduvėnų geležinkelio tiltas". Kultūros vertybių registras (litva). Kultūros paveldo departamentas prie Kultūros ministerijos. İstifadə tarixi: 2021-09-29.