Litosferə texnogen təsirlər

Yerin sahəsinin təxminən 60%-i 10 km dərinliyə qədər antropogen təsirə məruz qalmışdır. Litosferə antropogen təsirin nəticələri bunlardır: münbit torpaqların sıradan çıxması, süni səth və yeraltı strukturların yaranması, böyük həcmdə süxurların yerdəyişməsi, relyefin dəyişməsi, qruntların geodinamik tarazlığının pozulması; texnogen zəlzələlər, karst, torpağın oturması (enməsi), eroziyası, sürüşmələr, donuşluq rejiminin pozulması, torpaqların kimyəvi və radioaktiv çirklənməsi və s[1].

Texnogen təsirlər

[redaktə | mənbəni redaktə et]

Texnogen təsirlər – faydalı qazıntıların yeraltı yuyulmalarla çıxarılması, yeraltı tikinti, yeraltı suların intensiv istifadəsi, bitki örtüyünün məhv edilməsi, axıntı sularının atılması və s. karst əmələgəlmə proseslərini yaradır və onların yaranmasına kömək edir. Texnogenezlə gücləndirilmiş (oyadılmış, hərəkətə gətirilmiş) karst təbii karstdan inkişafının sürəti ilə və baş verməsinin intensivliyi ilə, sahəsinin azlığına və yayılma dərinliyinə görə fərqlənir. Texnogen karst karbonat, gips – anhidrid və duz süxurlarında geniş yayılmışdır. Texnogen təsirlər həmçinin külək eroziyasının inkişafına səbəb olur, burada deflyasiyanın (sovurub-çıxarmanın) aparıcı rolu vardır. Eol fəaliyyəti başlıca olaraq insanın həyat mühitinə məxsusdur, çunki texnogenez – bitkilərin məhvi, torpaqların şumlanması, qruntların qurudulması, terrasların düzəldilməsi və s. küləyin işini gücləndirir. Eol proseslərinin inkişafı üçün əlverişli olan çox böyük ərazilər vardır. Hərəkət edən qumlar, toz tufanları son onilliklər kortəbii xarakter daşıyır, xalq təsərrüfatına böyük zərər vurur. İnsan fəaliyyətinin təbii proseslərə təsiri ilə fəallaşan dəniz abraziyası geniş vüsət almışdır. Dənizə bərk axarın kəskin azalması, çimərliklərin (plyajların) təbii qidalanma mənbələrinin gücdən düşməsi, qum-çaqıl materialının təsərrüfat ehtiyacları üçün istifadə edilməsi və s. kimi hallar abraziyaya şərait yaradır. Sahillərin yuyulması güclənir, plyajların sahəsi azalır. Sahillərin dağılma sürəti indi 4–6 m/il-ə çatmışdır.

  1. Məmmədov Q. Ş., Xəlilov M. Y. Ekologiya və ətraf mühit. Bakı 2004