Litvin Abasov

Litvin İbiş oğlu Abasov (6 aprel 1937, İrəvan26 avqust 2024) – "Azərkəndtikinti" ASC-nin sədri, Əməkdar Mühəndis (1976), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1990–1995), "Şöhrət" ordeni (Azərbaycan) (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2019)

Litvin Abasov
bayraq
“Azərkəndtikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri
bayraq2
1999 – 2024
Şəxsi məlumatlar
Doğum tarixi 6 aprel 1937(1937-04-06)
Doğum yeri
Vəfat tarixi 26 avqust 2024(2024-08-26) (87 yaşında)
Təhsili
Atası İbiş Abbasov

Təltifləri Əməkdar Mühəndis
"Şöhrət" ordeni
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü

Litvin İbiş oğlu Abasov 06 aprel 1937-ci ildə Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində (indiki Ermənistanın Yerevan şəhəri) ziyalı ailəsində anadan olmuşdur. Atası İbiş Vəli oğlu Abasov 1898-ci ildə indiki Ermənistanın Qəmərli rayonunun Muğanlı kəndində kəndli ailəsində doğulub. Qəmərlidə fəhlə-gənclər məktəbində təhsil aldıqdan sonra, Qəmərlidə və Zəngibasarda komsomol və partiya orqanlarında çalışıb. 1930-cu illərdə Ermənistanın Vedi rayonunda ispolkomun sədr müavini, sonra Vedi rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb. 1937-ci ildən isə yeni yaradılmış Qarabağlar rayonunun birinci katibi vəzifəsinə təyin olunub və birinci katib vəzifəsində 1942-ci ilə kimi çalışıb. Ermənistan KP MK-nın plenum üzvü, Ali Sovetin deputatı olub.

Litvin Abasov 1953-cü ildə Bakıya gəlmiş və Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) qəbul olunmuşdur. Azərbaycan Hökumətinin qərarı ilə 1956-cı ildə Litvin Abasovun təhsil aldığı fakültəni Politexnik İnstitutunun inşaat fakültəsinə keçirirlər (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti).

O, 1959-cu ildə Azərbaycan Politexnik institutunun sənaye-mülki tikinti fakültəsini bitirərək inşaatçı- mühəndis ixtisasına yiyələnmişdir.

O, daha sonra −1982-ci ildə keçmiş SSRİ Nazirlər Sovetinin "Xalq Təsərrüfatı Akademiyası"nı Xalq Təsərrüfatının İdarəetməsi ixtisası üzrə bitirmişdir.

L. İ. Abasov əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestində fəhləlidən başlamışdır. 1959-cu ildə həmin trestin 4 nömrəli Dəmir-Beton Məmulatları zavodunda poliqon rəisi, istehsalat-texniki şöbənin rəisi, Divar Blokları zavodunda baş mühəndis, nəhayət "Dəmir-Beton" trestinin 4 nömrəli "DəmirBeton" zavodlarının baş mühəndisi və direktoru vəzifələrində çalışmışdır.

L. İ. Abasov 1970–1979-cu illərdə Sənaye Tikinti Nazirliyinin nəzdində 10 müəssisəni özündə birləşdirən "Dəmir-Beton" trestinin müdiri vəfəsində işləmiş və bu illərdə ona göstərilən etimadı şərəflə doğrultmuş, özünü bacarıqlı rəhbər, texniki tərəqqinin tələblərinə cavab verən, istehsalın yenidən qurulmasına səy göstərən səriştəli, peşəkar mühəndis kimi göstərmişdir.

L. İ. Abasov 1979–1980-ci illərdə Sənaye Tikinti Nazirliyinin Mexanizasiya İdarəsinin rəisi, 1980–1986-cı illərdə Azərbaycan SSR Kəndtikinti nazirinin müavini vəzifəsində çalışmışdır.

O, 1980–1986-cı illərdə bu vəzifədə çalışdığı zaman kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, kənd təsərrüfatına xidmət edən sahələrlə əlaqədar yeni və genişləndirilməsi nəzərdə tutulan sənaye obyektlərinin, eləcə də mülki-yaşayış və digər xidmət obyektlərinin vaxtında tikilib istifadəyə verilməsi üçün bütün tədbirlər görmüşdür. Eyni zamanda bu vəzifədə onun səmərəli idarəçilik üsulu, mühəndis peşəkarlığı, dövlətçiliyə bağlılığı bir daha özünü büruzə vermişdir.

L. İ. Abasov daha sonra — 1986–1989-cu illərdə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsi Əsaslı Tikinti üzrə baş idarə rəisinin birinci müavini, 1989–1993-cü illərdə "Azərkəndtikinti" İstehsalat Birliyinin rəisi, 1993–1999-cu illərdə "Azərkəndtikinti" Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışmışdır.

L. İ. Abasov Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyevin 131 nömrəli Sərəncamı ilə 13 aprel 1999-cu ildə "Azərkəndtikinti" ASC-nin sədri təyin olunmuşdur. Bu gün də həmin vəzifədə çalışır.

O, 1990–1995-ci illərdə Milli Məclisin deputatı olmuşdur.

Tikinti-quruculuq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

60 illik əmək fəaliyyətinin 40 ilindən çoxunu, yəni 80-ci illərin sonlarından bu günə kimi Litvin İbiş oğlu Kəndtikinti Nazirliyinin sükanını məharətlə idarə edir. Bu dövr ərzində Litvin Abasovun rəhbərliyi ilə Azərbaycan Respublikasının bütün kənd rayonlarında sənaye, sosial yönümlü minlərlə obyektlər, yüz min kavadrat metrlərlə yaşayış sahəsi olan yaşayış binaları və fərdi evlər, minlərlə kənd təsərrüfatı təmayüllü obyektlər tikilmişdir. Həmçinin son onilliklərdə qaçqın və məcburi köçkünlər üçün yaşayış evlərinin tikintisində, zəlzələdən zərər çəkmiş, eləcə də strateji əhəmiyyət kəsb edən obyektlərin bərpasında, Heydər Əliyev Fondunun vəsaiti ilə "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində respublikamızın ayrı-ayrı regionlarında məktəb binalarının, xəstəxana və digər xidmət obyektlərinin inşasında Litvin Abasovun rəhbərlik etdiyi "Azərkəndtikinti" ASC-nin kollektivi fəallıq göstərmişdir.

Ölkəmizdə kənd tikintisinin əldə edilmiş uğurlarda Litvin müəllimin xidmətləri çox böyükdür.

Litvin Abasovun Azərbaycan xalqı qarşısındakı xidmətləri zaman-zaman öz layiqli qiymətini alıb.

O, 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və "Əmək Şöhrəti" medalı ilə, 1971-ci ildə "Şərəf Nişanı" ordeni ilə təltif olunmuşdur.

L. İ. Abasov, hələ 1976-cı ildə (35 il bundan əvvəl) unudulmaz Heydər Əliyev tərəfindən tikintidə xidmətlərinə görə ən yüksək mühəndislik tituluna – Respublikanın Əməkdar Mühəndisi fəxri adına layiq görülmüşdür.

Litvin İbiş oğlu Abasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 aprel 2007-ci il tarixli sərəncsmı ilə Azərbaycan Respublikasının tikinti sahəsindəki xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[1].

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 noyabr 2019-cu il tarixli müvafiq sərəncamı ilə Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Litvin İbiş oğlu Abasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.[2].

1960–1970-ci illərdə korifey inşaatçıların Məmmədəli Abasovun, Əlövsət Əbdülrəhimovun, Qurban Sultanovun və Dadaş Asanovun məktəbini keçmiş Litvin Abasov hal-hazırda tikinti kompleksində çalışan orta və cavan nəsil inşaatçılar üçün korifey, ustad – müəllim inşaatçılardan sayılır.

İki övladı var. Oğlu Elşən İnşaat Mühəndisləri İnstitutunu bitirib, ata yolunun davamçısı kimi taleyini inşaatçı-mühəndis sənətinə bağlayıb. Bir müddət inşaat sahəsində işləyib. Uzun müddət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışıb, Goranboy rayon İcra Hakimiyyətinin başçısı olub. Sonra "Azərkəndtikinti" ASC sədrinin birinci müavini olub, daha sonra isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyib. Elşənin Elin və Nərgiz adında iki övladı var. Litvin müəllimin qızı Elnarə xanım əvvəlcə Bülbül adına orta ixtisas məktəbini, sonra isə Konservatoriyanı bitirib, hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının müdiridir. Ailəlidir, bir oğlu var-Rüfət.

  1. "L.İ. Abbasovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2007-ci il tarixli, 2080 nömrəli Sərəncamı". e-qanun.az (azərb.). 3 aprel 2007. 2019-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2021.
  2. "L.İ.Abasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli, 1617 nömrəliSərəncamı". e-qanun.az (azərb.). 28 noyabr 2019-cu il. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2021.