Lizbirt yaşayış yeri

Lizbirt yaşayış yeriNaxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində Orta əsrlərə aid arxeoloji abidə.

Abidə Cəhri-Buzqov yolunun sol tərəfində, Cəhriçayın sağ sahilində, Lizbirt dərəsi adlanan ərazidə yerləşir. Yaşayış yerinin ərazisində dördkünc formalı binaların və su kanalının qalıqları qalmaqdadır. Burada kahaların yaxınlığındakı uzunsov təpənin üzərindən çəhrayı rəngli şirli və şirsiz qab qırıqları toplanmışdır. Bəzi yerlərdə dördkünc və dairəvi formalı daş düzümlərinə təsadüf olunur. Yaşayış yerinin yaxınlığında, bir neçə yerdə dağın altında qazılmış kahalar vardır. Kahalar dördkünc olub, yuxarısı tağşəkilli formada tamamlanır. Onların bəzisinin divarlarında his qalıqları, döşəmədə isə ocaq yerləri izlənilir. Şübhəsiz ki, Lizbirt yaşayış yeri və buradakı kahalar maldar tayfalar tərəfindən salınmışdır. Yaşayış yerinin keramika məmulatı forma verməyən qırıqlardan ibarətdir. Şirli qabların üzəri yaşıl, göy və firuzəyi rənglərlə nəbati və həndəsi ornamentlərlə naxışlanmışdır. Aşkar olunmuş materiallar Son orta əsrlər üçün xarakterikdir. Arxeoloji materiallara və kahaların qazılma texnikasına əsasən, yaşayış yerini xVI-xX əsrlərə aid etmək olar[1]

  1. Baxşəliyev, Vəli. Naxçıvanın arxeoloji abidələri (PDF) (az.). Bakı: "Elm". 2008. 301s. 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-12.