Luis de Qonqora (isp. Luis de Góngora y Argote, 11 iyul 1561–23 may 1627)— İspaniya şairi, barokko üslubi cərəyanının banisi.
XVII əsr ispan ədəbiyyatında barokko ədəbi cərəyanının ən böyük şairi Don Luis de Qonqora-i-Arqote olmuşdur. Servantes onu "nadir və təkrarolunmaz bir dahi" adlandırmışdır. Qonqora öz orijinal poeziyası ilə barokko ədəbiyyatında qonqorizm, kultizm, kulterianizm adları ilə səciyyələnən bir cərəyanın yaranmasına səbəb olmuşdur.
O, 1561-ci ildə Kordovada qədim zadəgan ailəsində doğulmuşdur. Atası Fransisko de Arqote Kordova şəhər hakimi idi. İlk təhsilini şair evdə almış, Salamanka universitetində oxumuşdur. Qonqora təhsilini bitirib keşiş rütbəsi alır və bir vəzifə tutmaq arzusu ilə Madridə gəlir. Lakin latın və yunan dillərini mükəmməl bilməsi və aristokratlığı ona kömək etmir. Qonqora uzun müddət müxtəlif vəzifələrə namizəd olur, ancaq gəlirli bir vəzifə tutmağa layiq görülmür. Ancaq ölümündən bir az əvvəl, 1616-cı ildə o, III Filippin saray kapellanı vəzifəsini tutmağa layiq görülür. Bu rütbə nə qədər şərəfli olsa da, şairi maddi cəhətdən təmin etmirdi. Qonqora bu dövrdə yazdığı məktublarda yoxsulluqdan, onu təqib edən uğursuzluqlardan, borclarını ödəmək üçün ev əşyalarını satmasından danışır, şikayətlənir. Şeir yaradıcılığı da onu sevindirməmişdir. Madriddə olarkən o, şeirlərindən çox az bir hissə çap etdirmişdir. Ölümündən iki il əvvəl şair səhhəti pozulmuş halda ciddi baş ağrıları ilə doğma şəhəri Kordovaya qayıdır. Qonqoranın şeirləri ilk dəfə 1627-ci ildə, ölümündən bir az sonra "İspan Homerinin mənzum əsərləri" adı ilə çap olunur, əsərlərinin tam toplusu isə 1634-cü ildə işıq üzü görür. Ölümündən sonra o, İspaniyanın ən böyük şairi kimi şöhrət qazanır.
Qonqora İspaniyanın həyatında baş verən güclü siyasi-ictimai və mədəni böhran dövründə yaşayıb və yeni dövrün qarşıya qoyduğu problemlərə cavab verərək öz poetik üslubunu yaratmışdır. Ədəbiyyat tarixində qonqorizm, yaxud kulteranizm adı ilə məşhur olan bu üslub ispan ədəbiyyatının sonrakı inkişafı üzərində güclü təsirə malik olmuşdur. hətta Lope de Veqa, Fransisko Kevedo kimi ədəbi düşmənləri də Qonqoranın təsirindən yaxa qurtara bilməmişdir. Bəzən onu qaranlıq, dumanlı, cəfəng şair saymışlar. Lakin XIX əsrin sonlarında Fransada, XX əsrdə isə İspaniyada Qonqoranın irsinə maraq güclənmişdir. Ruben Daria, Qarsiya Lorka, Pablo Neruda kimi şairlər, Damaso Alonso, Menendas Pedal və başqa ədəbiyyatşünaslar onun poetik təcrübəsini yeni şəkildə dərk etməyə çağırırdılar.
Qonqoranın poeziyasında İntibah humanizmi yeni, adət olunmamış formalarda təzə həyat qazandı və yaşadı. Adətən, Qonqoranın yaradıcılığını iki dövrə bölürlər: aydın üslub dövrü /1610-cu ilə qədərki dövr/, dumanlı üslub dövrü /1610-cu ildən sonrakı dövr/. Müasir ədəbiyyatşünaslıq belə bir bölgünü rədd edir. Aparılan tədqiqatlar nəticəsində sübut olunur ki, poetik üslubların şüurlu şəkildə qarışdırılması, şairin şəxsi bədii tapıntılarının problemləşdirilməsi, latinizmlər və neologizmlər hesabına şeirdə işlənən söz ehtiyatının genişləndirilməsi, sintaksisin qətiyyətlə yenidən qurulması kimi xüsusiyyətlər onun yaradıcılığının bütün dövrləri üçün xasdır. Onun ilk dövrlərdə tez-tez müraciət etdiyi romans, letrilya, sonet janrlarına 1616-cı ildən sonra da rast gəlirik.
Müasir ispan filoloqu Damaso Alonso doğru qeyd edir ki, Qonqora özünün ən yaxşı əsərlərini yaradıcılığının ikinci, dumanlı dövründə yazmışdır. "Polifem və Qalateya haqqında dastan", "Piram və Fisba", "Tənhalıqlar" kimi əsərlərində onun şeir texnikası, sənətkarlığı əlçatmaz bir yüksəkliyə qalxır. Onun bu dövrdə yazılan şeirlərində sönük, süst bir misra belə tapmaq çətindir. Şair üslubu son dərəcə gərginləşdirir, metonimiya, istiarə və mübaliğələrdən sıx-sıx bəhrələnir. Şeir mətninə artıq işlək olmayan latın sözləri daxil edilir, ifadələrin quruluşu mürəkkəbləşdirilir. Ona görə də Qonqoranı birdən-birə, asanca başa düşmək çətindir, onu anlamaqdan ötrü müəyyən hazırlıq və diqqət tələb olunur.
Orta əsr ispan poeziyasının ən mühüm xüsusiy-yətlərindən biri onun ərəb şeiri ilə sıx əlaqəsi olmasıdır. Bu əlaqə XVI–XVII əsrlərdə da davam etmişdir. Əndəlisdə isə ərəb poeziyasının forma və motivləri daha güclü olmuşdur. Qonqora keçmiş ispan-ərəb xilafətinin paytaxtı Kordovada doğulduğu üçün onun şeirlərində ərəb poeziyasından gələn cəhətlər daha güclü olmuşdur, o cümlədən, Andalusiyada yaşamış ərəb şairi İbn Səidin şeirləri ilə Qonqoranın şeirləri arasında bir sıra bədii vasitələrin, poetik üsulların yaxınlığı tədqiqatçıların diqqətini nahaq yerə cəlb etməmişdir. Lakin bu poeziyada yunan-latın mədəniyyəti ilə yaxınlaşan Qonqora həm də yeni bir hadisə kimi meydana çıxır.
O, ilk dəfə İspaniyada poetik dilin zərif incəliyi ilə fikrin dumanlığı prinsipini dəb halına gətirdi. Bu yolla Qonqora özünün irsinin yüksək mədəni təbəqələr üçün olduğunu, sadə, qara camaatdan ötrü yazılmadığını nəzərə çatdırırdı. O, belə güman edirdi ki, hamı üçün yox, seçmələr, mədənilər /ispanca, "los kultos"/ üçün yazmaq lazımdır. Kulteranizm termini belə yaranmışdır.
Ancaq "mədənilər", seçmələr üçün yazmaq prinsi-pində qonqoristlər klassisistlərlə birləşdilər. Lakin klassisistlər xalqa nifrət etmir, əksinə onlar mədəniyyətsizlik, gerilik səviyyəsinə enmədən, onları maarifləndirmək və antik mədəniyyət zirvəsinə qaldırmaq meyli ilə hərəkət edirlər. Qonqoristlər isə incəsənətin aristokratlığı prinsipini təbliğ edir, xalqa ikrahla yanaşırlar. Onların mədəni hesab etdiyi adamlar qeyri-real, ancaq instinktiv yolla dərk edilənləri anlayanlardır. Qoy qara camaat öz vulqarlığı ilə torpaqda, kobud maddi aləmdə batıb qalsın. Şair ondan yüksəkdir, ona nifrət edir, ancaq çox seçmələr, incə təbiətli adamlar üçün yaradır.
Qonqora öz şeirlərində həmişə ən ağılkəsməz söz birləşmələri düzəldir, bir-birini rədd edən anlayışları qarşılaşdırır, gözlənilməz müqayisələr aparır, nadir bən-zətmələr, istiarələr işlədir. Fransisko Kevedo Qonqoranın şeirlərində olan bu cəhətə işarə edərək yazır: "Kul-teranistlərin zərgərlik emalatxanasında çaylar üçün axan büllur və dəniz köpüyü üçün donmuş büllur, dənizin hamar səthi üçün yaqut xalça, çəmənliklər üçün zümrüd süfrələr hazırlanır. Qadın gözəlliyi orada cilalanmış gümüşdən boyunlar, saçlar üçün qızıl saplar, gözlər üçün inci ulduzlar, sifətlər üçün mərcan və ləl dodaqlar, pəncələr üçün fil sümüyündən əllər, fısıldamaq üçün ənbər nəfəslər, sinələr üçün brilyantlar, yanaqlar üçün çoxlu miqdarda sədəf hazırlanmışdır. Onların şeirlərində qadınlara əvvəlcədən kürk və çəkmə geyib ancaq xizəkdə yaxınlaşmaq olar: əl, alın, boyun, sinə hamısı buzdan və qardandır." Kevedo bir qədər mübaliğəyə yol versə də, onun iradları doğrudur. Bu iradlar Sabirin klassik Azərbaycan ədəbiyyatında geniş yayılan, qadın gözəlliyinin təsvirində sıx-sıx işlənən bənzətmələrə qarşı yazılmış şeirini xatırladır.
Qonqora və onun davamçıları ispan ədəbiyyatında barokko ədəbi cərəyanının əsas nümayəndələridir. Məsələ təkcə formada, dildə, üslubda deyil, bəlkə onların həmin formadan istifadə edərək irəli sürdükləri baxış və görüşlərdədir. Onların əsərlərində barokko üslubuna məxsus bir bədbinlik, faciəvilik, nizamsızlıq, sistemsizlik var. Qonqoranın işlətdiyi bəzi müqayisələrə diqqət yetirək: "ən şirin zəhər", "oxşamalar və iniltilər", "bəxtiyar iztirab". Ümidsizlik, bədbinlik, dünyanın puçluğu, mənasızlığı haqqında danışmaq, uğursuzluğu, ölümü, iztirabları qələmə alman qonqoristlər üçün təbii bir haldır. Qonqoranın bir şeirindən götürdüyümüz aşağıdakı parça bu cəhəti doğru əks etdirir.
Xeyir – bir günlük çiçək,
Açılar tezdən səhər.
Günorta artıq solar,
Qalmaz ondan bir əsər.
Kədər – müəzzəm palıd,
Ucalar asimana.
Saqqalı yamyaşıldır,
Zaman toxunmaz ona.
Həyat saçan bir ceyran,
Köksündən vurur əcəl.
Uğur – ilbiz. Sürünür.
Çatmaz ölümdən əvvəl.
"Ümid sübhü aparır, gözləmir zaman ancaq:
Xeyir dağlar dalında, ölüm qapıdadır, bax!"
Belə bir kədər, ümidsizlik zamanın doğurduğu əhvali-ruhiyyə idi. Süqut, tənəzzül dövrünün doğurduğu bədbinlik idi. Qonqora ilk dəfə ispan ədəbiyyatında bu süqutu görən, onu yeni, orijinal poetik forma ilə əks etdirən qüdrətli, yenilikçi bir şair olmuşdur. Klassistlərin, Lope de Veqa və Kevedonun hücumlarına baxmayaraq qonqorizm XVII əsrin ədəbiyyatına güclü təsir göstərmiş, hətta onun düşmənləri də bu təsirdən yaxa qurtara bilməmişlər. Kalderonun yaradıcılı-ğında bu ədəbi cərəyanın təsiri daha güclü olmuşdur.
Qonqora şüurlu şəkildə yaradıcılıq işi aparan, nə istədiyini çox gözəl bilən, öz poetik sistemini nəzəri cəhətdən əsaslandırmağı bacaran bir sənətkar idi. 1613-cü ildə öz "Tənhalıqlar" poemasını bitirib Kordovadan Madridə göndərəndə onu başa düşməmiş və etirazla qarşılamışlar. Anonim rəyçinin poemanın dili haqqındakı kəskin tənqidi qeydlərinə cavab olaraq şair yazırdı ki, o, ümumişlək ispan dilinə kamillik və mürəkkəblik verib, onu nəsr dilindən fərqlənən qəhrəmanlıq dilinə yaxınlaşdırmaq istəmişdir. İfadələrin tam aydın olmaması, qaranlıq qalması oxucunu düşünməyə, şairlə fəal yaradıcılıq əməkdaşlığına yönəldir. Adi, adət olunmuş, hamının işlətdiyi söz və ifadələr oxucunu hərəkətə gətirmir, dumanlılıq isə onu fəallaşdırır, düşündürür, aydın olmayanı aydınlaşdırmağa çağırır. Gördüyümüz kimi, Qonqora mürəkkəblikdən, fikrin aydın olmamasından şeirin estetik təsir gücünü artırmaq məqsədilə istifadə edir.
Qonqora fikrinin genişliyi, maraq dairəsinin rənga-rəngliyi, mədəni səviyyəsinin zənginliyi ilə seçilən bir şairdir, onun şeirlərində coşqun lirizmlə öldürücü sarkazm, xalq romanserolarını xatırladan aydın ahəngdar şeirlərlə "Tənhalıqlar" poemasının rəmzi, eyhamlı obrazlılığı bir vəhdət halındadır. Qonqora İspaniyada barokko üslubi cərəyanının banisi kimi tanınır. Onun şeir dilinin, obrazlarının yeniliyi İspaniyanın və Latın Amerikasının bir çox sənətkarlarının diqqətini cəlb etmiş, Ruben Dario, Pablo Neruda kimi şairlərə də təsir göstərmişdir.
Şair ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |