Möhrə (ev tipi)

Möhrə - Azərbaycanda tarixən təşəkkül tapmış ev formalarından biridir.

XIX-XX əsrin əvvəllərində Azərbaycanda geniş yayılmış yaşayış evlərinin bir qismini də möhrə tipli evlər təşkil edirdi. Belə evlərin hələ çox qədimdən mövcud olduğunu arxeoloji qazıntılar da təsdiq edir. Etnoqrafik materiallar isə göstərir ki, möhrə tipli yaşayış evləri bəzən 30-40 sm hündürlükdə çay daşından hörülmüş bünövrə üzərində, bəzən də bilavasitə torpaqdan başlayaraq tikilirdi.

Möhrə divarların qoyulmasına xalq arasında “möhrə vurmaq” deyilirdi. Möhrə vurmaq üçün “möhrəkeş” adlanan üçbucaq formalı uzun saplı alətdən və şətədən istifadə olunurdu. Bu alətlərin köməyi ilə palçığı kəsib hamarlayır, onu divara vurur və divarı yonub düzəldirdilər. Möhrə divarların vurulması prosesi fasilələrlə davam etdirilirdi. Hər möhrə qatı “kürsü” adlanır, hər kürsünün üstünə isə seysmik məqsədlər üçün nəzərdə tutulan ağac qurşaq (qələmə) verilirdi. Bu qayda ilə möhrə divar 1,8-2,2 metrə qədər ucaldılırdı. Bərkimiş divarın üstünə köndələn şəkildə ağac kərənlər düzülürdü ki, bu da dam örtüyünün ağırlığının divar boyu tənzimlənməsinə imkan yaradırdı.

Dam örtüyünü qurmaq üçün ucları kəllə divarların üstündəki kətillərə söykənmək şərtilə ana kərən qoyulur, üstündən isə ucları yan divar kətillərinə söykənən qoşa tir atılırdı. Ana kərin davamlılığını artırmaq üçün çox vaxt onun altına “T” şəkilli “tiraltı” və ya “aşıq dirəyi” basdırılırdı. Qoşa tirlərin üzərinə pərdilər və qarğı çətən qoyduqdan sonra carcı və avarla döşənib torpaqlanırdı.

Naxçıvan bölgəsinin “dörddirək ev” adlanan möhrə evlərinin dam örtüyünü qurmaq üçün isə evin ortasında bir-birindən təxminən 2 m aralı basdırılmış dörd dirəyin üstünə tirlər atılır, tirlərin üzərinə çiliklər (pərdi, atma) döşənir, çilikərin üstü isə carcı ilə (karvanqıran, gəngiz, qarağan) örtülür və torpaqlanırdı. Bundan sonra evin torpaqlığı hörülürdü. Azərbaycanın Gəncəbasar bölgəsində “milbənd”, Naxçıvanda isə “sərmöhrə” adı ilə məlum olan “torpaqlıq”- təzə evin üstünə torpaq salındıqdan sonra divarın üstündən həmin torpaq bərabəri hörülən hissəyə deyilirdi. Möhrə və kərpic divarlar atmosfer çöküntülərinə qarşı davamsız olduqlarından, xalq memarları dam örtüyünün ətəklərini divardan 30-50 sm kənara çıxarıb “yağmurluq” düzəldirdilər. Şəki-Zaqatala bölgəsində yağmurluq-“şirəsər”, “çardaq ətəyi”, “cərə qırağı” və ya “naqur”, Lənkəran-Astara bölgəsində isə “lijmun” adlanırdı. Möhrə və kərpic divarlar iç və bayır tərəfdən saman qatılmış palçıqla suvandıqdan sonra döşəməsinə şirə çəkilirdi. Küncləri oval formada düzəldilən möhrə evlər Muğan bölgəsində “zomalıq ev”, Lənkəran-Astara bölgəsində isə “qilinəkə ev” adı ilə məlum idi.

Azərbaycan etnoqrafiyası. Üç cilddə. II cild. Bakı, 2007.