Mösü Rüstəm oğlu Məhərrəmov (1912, Horadiz – 1981, Horadiz, Füzuli rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1950).
Mösü Məhərrəmov | |
---|---|
Mösü Rüstəm oğlu Məhərrəmov | |
Doğum tarixi | |
Doğum yeri | Horadiz, Füzuli rayonu |
Vəfat tarixi | |
Vəfat yeri | Horadiz, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | alim, pambıqçı |
Mükafatları |
|
Mösü Rüstəm oğlu 1912-ci ildə anadan olmuşdur. Mösünün 6 yaşı olanda atası Rüstəm vəfat edir. Mösü Rüstəm oğlu 6 yaşından yetim qalır və əmisinin himayəsində yaşayır. Əmək fəaliyyətinə 1928-ci ildən başlamışdır. Belə ki, 1928-ci ildə bir rus mütəxəssisi "Universal" traktor gətirir və elan edir ki, kim istəyir gəlsin öyrədim. Mollalar traktoru "şeytan arabası" adlandırırlar və ona əli vuranı cəhənnəmlikdir deyərək adamları qorxudurlar.
Lakin Mösü 16 yaşında kursa yazılır və 3 aya, yarı müddətə traktoru tam idarə etməyi bacarır. Kənddə əkin sahələrini şumlayır, həm də başqa traktorçuları bu sənətə öyrədir. 1936-cı ildə Göyçay Kənd Təsərrüfatı texnikumuna göndərilir və oranı qurtarıb doğma kəndə qayıdan Mösü traktor briqadasının briqadiri kimi işə başlayır.
İkinci Dünya Müharibəsi illərində mütəxəssis kimi arxa cəbhədə saxlanılır. Müharibə illərində taxılçıliqda və pambıçılıqda yüksək nəticələr göstərməsi ilə əlaqədar "Vətən uğrunda" medalı ilə təltif olunur.
1946–1950-ci illər Mösü Rüstəm oğlu geridə qalmış Əhmədalılar kəndinə "28 Aprel" kolxozuna göndərilir. Əhmədalılar kəndində işlədiyi illərdə pambıqçılıqda hər hektardan orta hesabla 43,5 sentner pambıq götürdüyünə görə SSRİ Ali Sovetinin qərarı ilə 1950-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adı verilməklə "Qızıl Ulduz" medalı və Lenin Ordeni ilə təltif edilir.
Az sonra o yenidən öz doğma Horadiz kəndinə qaytarılır. Həmişə olduğu kimi əməkdə yeni-yeni nailiyyətlər qazanır. Dəfələrlə qabaqçıl mexanizator kimi Moskvada, Bakıda və Daşkənddə dövlət səviyyəsində keçirilən qurultay, konfrans və iclaslarda nümayəndə kimi iştirak edir. 1967-ci il mart ayında Horadiz "Rusiya" kolxozu iki hissəyə bölünür. "Səməd Vurğun" adına kolxoz təşkil edilir və ona Mösü Rüstəm oğlu sədr təyin edilir. Altı ay sədr işlədikdən sonra onun başçılıq etdiyi kolxozda irəlləyiş olduğunu görən "Rusiya" kolxozunun adamlarının narazılığını və hərc-mərcliyin baş verdiyini bildiyindən Mösü Rüstəm oğlu istefa ərizəsi verir. Kolxozlar yenidən birləşir və Suruş Fərhadova "Rusiya" kolxozuna yenidən rəhbərlik edir. Mösü isə yenidən öz vəzifəsinə — traktor briqadasının briqadiri vəzifəsinə qayıdır. Onun əməyi SSRİ Kənd Təsərrüfatı Nailiyyətləri sərgisinin bir qızıl və üç gümüş medalı ilə qiymətləndirilib. 1972-ci ildə isə o, "Kənd Təsərrüfatı Əlaçısı" adına layiq görülür. 1976-cı ildə təqaüdə çıxır.
Sosialist Əməyi Qəhrəmanı Mösü Rüstəm oğlu Məhərrəmovun adı "Görkəmli şəxs" kimi Azərbaycan Sovet Ensiklopediyasının VI cildində salınmışdır.
1938-ci ildə Mösü Rüstəm oğlu Sürəyya Namaz qızı ilə evlənir və uşaqları: Ərşad, Zərif, Məhərrəm, Rüstəm, Əhəd, Nərgiz, Nuridə və Səadət dünyaya gəlmişlər.