Mübariz Allahverdiyev

Mübariz Qasım oğlu Allahverdiyev (19 noyabr 1942, Xocalı, DQMV) — Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının professoru, tibb elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (20.09.2010),[1] Qarabağ Müharibə Veteranları Birliyinin üzvü, Xocalı soyqırımını Tanıtma İctimai Birliyi Ağsaqqallar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Mübariz Allahverdiyev
Mübariz Qasım oğlu Allahverdiyev
Doğum tarixi (82 yaş)
Doğum yeri Xocalı, Xankəndi rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi anatomiya
Elmi dərəcəsi tibb elmləri doktoru professor
İş yeri Azərbaycan Tibb Universiteti-insan anatomiyası kafedrası
Təhsili N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu
Tanınır əməkdar müəllim, Xocalı soyqırımını Tanıtma Birliyi Ağsaqqallar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tibb elmləri doktoru
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2010

Allahverdiyev Mübariz Qasım oğlu 1942-ci il noyabrın 19-da Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xankəndi rayonunun Xocalı kəndində anadan olub. 1957-ci ildə Xocalı 7illik məktəbini əla qiymətlərlə başa vurduqdan sonra tam orta təhsilinin bir hissəsini Şuşadakı 1 saylı orta məktəbin 8-ci sinfində, sonra isə Xankəndidəki Nizami adına 4 saylı orta məktəbin 9–10-cu siniflərində davam etdirib.

1966-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra təyinatın doğma yurdu DQMV-ya götürüb, lakin Vilayət səhiyyə şöbəsinin müdiri Atayan onu işlə təmin etməkdən imtina edib və öz yaxınları dairəsində deyib ki, İrəvandan alınan xüsusi göstərişə görə onlar türkləri (azərbaycanlıları) işə götürməməlidirlər. 1966-cı ilin oktyabr ayının 4 — də o, çətinliklə Vilayətin ermənilər yaşayan Naxçıvanik kəndinə (ermənilər ora həkim vəzifəsinə getməkdən imtina edirdilər) ilk iş yerinə göndərilib. 1967-ci ilin iyul ayının 7-də Xankəndidə törədilən qanlı-faciəli hadisədən sonra (ermənilər nahaqdan həbs etdirdikləri Qarakəndli Ərşad müəllimi və Şuşa həbsxanasının azərbaycanlı sürücüsünü məhkəmə zalından çıxandan sonra Xankəndinin mərkəzində küçədə diri-diri yandırdılar) M.Q.Allahverdiyevi Qırxqız yaylaqlarındakı maldarlıq və qoyunçuluq fermalarındakı işçilərə tibb xidməti göstərməyə göndəriblər (erməni həkimlər bu vəzifəni yerinə yetirməkdən də imtina etmişdilər). 1968-ci ilin yanvar ayının 4 — də onun Naxçıvanikdəki iş yeri məqsədyönlü şəkildə ixtisara salınıb. O, məcburən, öz doğma yurdundan didərgin düşüb. 1968-ci ilin aprel ayında Türkmənistana gedib. Orada Daşhovuz (Dış Oğuz) Vilayətinin Köhnə-Ürgənc rayonunun "Leninqrad" kolxozundakı sahə xəstəxanasında baş həkim vəzifəsinə təyin edilib. O dövrdə Azərbaycan ziyalılarının Dağlıq Qarabağdan repressiyaya uğradılmasının bir variantı da belə olurdu.M.Q.Allahverdiyev 1968-ci il sentyabr ayının 1-də Aşqabadda Türkmənistan Dövlət Tibb İnstitutu nəzdində İxtisaslaşma kursu (6 aylıq) keçmiş və "Ümumi cərrahlıq" ixtisası üzrə vəsiqə almışdır (01.02.1969-cu il). O, 1969-cu ildən indiyə qədər ATU-nun insan anatomiyası kafedrasında çalışır. O, bu kafedrada assistentlikdən kafedranın professoru vəzifəsinə qədər yüksəlmişdir.

Haşiyə: Keçən əsrin 60-cı illərinin ortalarında Silvi Kaputikyanın qondarma erməni "genosidinə" həsr olunmuş "Karvan hələ yoldadır – "Караван еще в пути" əsəri yenicə çapdan çıxmışdı və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası bütün coşqunluğu ilə gündəmə gəlmişdi. Lakin o vaxtlar Azərbaycan SSR Milli Təhlükəsizlik Nazirliyində işləyən dahi Heydər Əliyevin apardığı profilaktik təmizləmə işləri və 1969-cu il iyulun 14-dən isə Azərbaycan SSR KP MK-nın birinci katibi kimi yerinə yetirdiyi qlobal tədbirlər öz bəhrəsini verdi və 20 il müddətinə ermənilərin aşkardakı səsləri tam kəsildi. Bunun sayəsində həmin dövrdə həm Xankəndidə, həm də bütövlükdə DQMV-da azərbaycanlı ziyalıların sayı xeyli artdı, onların hüquqlarının qorunmasında ciddi dönüş yarandı. 1987-ci ildə Mixail Qorbaçovun əli ilə ulu öndərin Moskvada tutduğu yüksək vəzifədən uzaqlaşdırılmasından sonra ermənilərin səsinin üzə çıxmasına yenidən imkan yarandı. Torpaqlarımızın ermənilər tərəfindən işğalı, törətdikləri soyqırımı, bais olduqları qaçqınçılıq, məcburi köçkünçülük və didərginlik bundan sonra başlandı.

Pedaqoji fəaliyyət

[redaktə | mənbəni redaktə et]

M.Q.Allahverdiyev 1969-cu ilin fevral ayının 18-də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Böyük elmi şurasının qərarı ilə normal anatomiya kafedrasının müəllimi vəzifəsinə seçilib. 1970-ci ilin sentyabr ayının 11-də müsabiqə yolu ilə ATİ-nin insan anatomiyası kafedrasında assistent, 1973-cü ilin dekabr ayının 11-də baş müəllim, 1986-ci ilin noyabr ayının 3-də dosent, 2010-cu ilin dekabr ayında isə professor vəzifəsinə seçilib və hal-hazıra kimi ATU-nun insan anatomiyası kafedrasının professoru vəzifəsində çalışır.

1975–1982-ci illərdə Azərbaycan SSR-in "Televiziya verilişləri" studiyasında təşkil edilmiş "Tədris" rubrikası üzrə silsilə verilişlərdə "Anatomiya, fiziologiya, gigiyena" adlı layihə üzrə xüsusi proqram əsasında televiziyada orta məktəb şagirdləri üçün hər dəfədə 20 dəqiqəlik canlı dərslər aparmaq M.Q.Allahverdiyevə həvalə edilmişdir.

O, 1971-ci ildə kafedranın müdiri əməkdar elm xadimi, professor K.Ə.Balakişiyevin təqdimatı ilə kafedranın tədris hissə müdiri vəzifəsinə təyin edilib və 1990-cı ilə qədər 19 il bu vəzifəni yerinə yetirib. 1991-ci ilin iyul ayının 1-də Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinin I – II kurslar üzrə dekan müavini vəzifəsinə təyin edilib, 1993-cü ilin fevral ayının 18-də isə ATU-nun elmi katibi vəzifəsinə keçirilib. 2001-ci ilin iyun ayının 28-dən ATU-nun İnternatura (diplomdansonrakı hazırlıq) şöbəsinin müdiri vəzifəsini yerinə yetirib, 2006-cı ilin sentyabr ayının 11-də pediatriya fakültəsinin dekan müavini vəzifəsinə keçirib, 2008-ci ildə ATU-nun rektorunun müşaviri vəzifəsinə təyin edilib və hazırda da həmin vəzifəni yerinə yetirir.

1975–1996-cı illərdə Azərbaycan Anatom, Histoloq və Embrioloqlar elmi Cəmiyyətinin katibi, 1989–1993-cü illərdə "anatomiya", "histologiya", "patoloji anatomiya" ixtisasları üzrə İxtisaslaşdırılmış müdafiə şurasının elmi katibi, 2000–2006-cı illərdə insan anatomiyası kafedrası üzrə Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsində çalışıb, 2006-cı ildən kafedra müdirinin elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.

1999–2000-ci illərdə ATU üzrə "Bioetika, elm və texnologiyaların etikası" daimi Komissiyasının katibi olub.

Müxtəlif illərdə Moskvada İ.M.Seçenov adına I Moskva Dövlət Tibb İnstitutunda, Sankt-Peterburqdakı Meçnikov adına Sanitariya-Gigiyena İnstitutunun müalicə-profilaktika fakültəsində, Hərbi Tibb Akademiyasında, Xarkov Dövlət Tibb İnstitutunda elmi ezamiyyətlərdə və ixtisasartırma kurslarında olub.

1985-ci il aprelin 30-da Tbilisi Dövlət Tibb İnstitutunda professor G.Ş.Hacıyevin rəhbərliyi altında "Budun dəri sinirlərinin makromikroskopik anatomiyası və mieloarxitektonikası" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib. Əldə etdiyi dəyərli elmi nəticələr nevrologiyada, akkupunktura üzrə refleksoterapiya sahəsində səhiyyə praktikasına tətbiq olunub və tədqiqatın nəticələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Bel-oma kələfi, bud sinirləri" adlı monoqrafiyada dolğun əksini tapıb. Elan olunmamış Qarabağ müharibəsi səbəbindən yaranmış uzunmüddətli fasilədən sonra elmi-tədqiqat işlərini davam etdirən alim 2008-ci il yanvar ayının 31-də "Postnatal ontogenezdə insanın qaraciyərxarici öd yollarının vəzi və limfoid aparatlarının struktur-funksional səciyyəsi və morfogenezinin qanunauyğunluqları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. O, 200-dən çox çap olunmuş elmi və elmi-kütləvi işin, o cümlədən 3 monoqrafiya, 3 biblioqrafik məlumat kitabçasının (prof. Əziz Məmmədkərim oğlu Əliyev, akademik Əhliman Tapdıq oğlu Əmiraslanov, professor Vaqif Bilas oğlu Şadlinski haqqında), 19 dərslik və dərs vəsaitinin, 2 səmərələşdirici təklifin müəllifi və həmmüəlliflərindəndir; eyni zamanda 2010-cu ildə ATU-nun 80 illik yubileyi münasibətilə akademik Əhliman Əmiraslanovun müəllifliyi ilə çap olunan kitabın nəşrinə məsul və tərtibçi, 14 çap olunmuş əsərin elmi redaktoru, 8 nəfərin namizədlik dissertasiyasının resenzenti olub. Ölkəmizdə, eləcə də bir sıra xarici ölkələrdə, o cümlədən Türkiyədə, Almaniyada, Rusiya Federasiyasında, digər MDB ölkələrində keçirilən elmi konqres və konfransların nümayəndəsi olub.

Professor M.Q.Allahverdiyev Azərbaycan Tibb Universitetinin ictimai həyatında yaxından iştirak edir. Belə ki, o, 1993-cü ildən ATU-nun Böyük elmi şurasının, həmçinin I müalicə-profilaktika fakültəsinin elmi şurasının üzvüdür, və hazırda ATU-nun rektorunun müşaviri, insan anatomiyası kafedrasının professoru, kafedra müdirinin elmi işlər üzrə müavini, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ATU-nun nəzdində təşkil etdiyi "biokimya", "insan anatomiyası", "patoloji fiziologiya", "farmakologiya, kliniki farmakologiya" ixtisasları üzrə FD 03.013 şifrli dissertasiya şurasının elmi katibi funksiyalarını yerinə yetirir.

1988–1993-cü illərdə Dağlıq Qarabağda erməni işğalçılarına qarşı elan olunmamış özünümüdafiə xarakterli müharibədə iştirak edib. Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığı tərəfindən ona "Müharibə veteranı" vəsiqəsi verilib, "Qarabağ Müharibə Veteranları Birliyi"nin, 2012-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Xocalı soyqırımını Tanıtma"İctimai Birliyinin Ağsaqqallar Şurasının sədridir.

Vətənhəsrətli alim 2011-ci il fevralın 24-də Azərbaycan Tibb Universiteti və Türkiyənin Qazi Universiteti rektorlarının birgə təşəbbüsü ilə Xocalı soyqırımına həsr edilmiş telekörpü verilişində çıxış edib, onun Təşkilat Komitəsinin üzvlərindən olub. 2012-ci il fevralın 20-dən 27-nə qədər İstanbula ezam edilib, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin televiziya kanallarında, ali məktəb müəssisələrində çıxışlar edib, çıxışının fraqmentləri həmin ölkənin jurnalistləri tərəfində internetə salınaraq beynəlxalq miqyasda geniş dinləyici auditoriyasına çatdırılıb. 2012-ci ilin fevral ayının 26-da İstanbulun Taksim Meydanında Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş möhtəşəm yürüşün fəal iştirakçılarından olub.

1977-ci ildə tibb təhsili sahəsində əldə etdiyi nailiyyətlərə görə "Sosializm yarışının qalibi" döş nişanına, 1999 və 2009-cu illərdə elm, təhsil və yüksəkixtisaslı tibb kadrları hazırlığındakı xidmətlərinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Fəxri Fərmanları"na, 2002 və 2012-ci illərdə Azərbaycan Tibb Universiteti rektorluğunun "Fəxri Fərmanları"na, təşəkkür və mükafatına, 2007-ci ildə "Qızıl Qələm" mükafatına, 2010-cu ildə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülməsi alimin fəaliyyətinin diqqətdən kənarda qalmamasının göstəricilərindəndir.

Milli-mənəvi dəyərlərimizi uca tutan şəfqətli Azərbaycan ziyalılarından olan M.Q.Allahverdiyev yüksək səviyyəli pedaqoqluq məharətinə, qayğıkeşliyinə, vətənsevərliyinə, təvazökarlığına, təmənnasızlığına, səmimiliyinə, mədəni rəftarı və məntiqli intellekt səviyyəsinə görə haqlı olaraq ATU-nun professor-müəllim heyəti və tələbələrinin hörmət və rəğbətini qazanıb. İki övladı var. Oğlu tibb üzrə fəlsəfə doktoru Qasımov Elnur ATU-nun ümumi cərrahlıq kafedrasının assistenti, qızı Qasımova Təranə "insan anatomiyası" kafedrasının assistentidir.

M.Q.Allahverdiyevin böyük qardaşı ATU-nun 1959-cu il məzunu Xocalının ilk həkim-stomatoloqu, "SSRİ səhiyyə əlaçısı" döş nişanına layiq görülmüş Allahverdiyev Zahid Qasım oğlu 1951–1954-cü illərdə, bacısı — Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunu Allahverdiyeva Ofelya Qasım qızı 1955–1958-ci illərdə, özü isə 1958–1960-cı illərdə Xankəndidəki Nizami Gəncəvi adına 4 №-li orta məktəbdə təhsil alıblar və həmin məktəbin məzunu olublar.

Həm bu ailənin, həm bütün xocalıların, həm də Malıbəyli Quşçular , Kosalar, Kərkicahan, Cəmilli və s. kimi ermənilər tərəfindən orta təhsil məktəbinə malik olmağa imkan verilməyən azərbaycanlılar yaşayan qonşu kəndlərin əhalisi üçün uzun illər yeganə elm, bilik, təhsil məbədinə çevrilən Nizami Gəncəvi adına 4 №-li tam orta məktəbin Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yeni binasının tikintisi məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı 30 dekabr 2012-ci il tarixli sərəncam hamı kimi onların da hədsiz sevincinə səbəb olmuş, qürur mənbəinə çevrilmişdir.

  • Mübariz Allahverdiyev. Əhliman Tapdıq oğlu Əmiraslanov. Biblioqrafiya (üç dildə). Bakı: Elm. 2002. səh. 180 səh. (#accessdate_missing_url)