Vaqif Şadlinski

Vaqif Şadlinski (Şadlinski Vaqif Bilas oğlu; 24 yanvar 1940, Vedi rayonu) — əməkdar elm xadimi,[1] Tibb e.d., Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor. ATU-da İnsan anatomiyası kafedrasının müdiri.

Vaqif Şadlinski
Şadlinski Vaqif Bilas oğlu
Doğum tarixi 24 yanvar 1940(1940-01-24) (84 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası Bilas Şadlinski
Elm sahəsi tibbi anatomiya
Elmi dərəcəsi tibb üzrə elmlər doktoru
Elmi adı professor
İş yeri ATU İnsan Anatomiyası Kafedrası
Təhsili Azərbaycan Tibb Universiteti
Tanınır Şadlinskilər nəslinin tanınmış nümayəndəsi
Üzvlüyü
Mükafatları "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi
amu.edu.az

Vaqıf Bilas oğlu Şadlinski 1940-cı ilin yanvar ayının 24-də qədim Azərbaycan torpağı olan indiki Ermənistanın Vedi rayonunda ziyalı ailəsində anadan olub. 1948–50-ci illərdə çoxsaylı Azərbaycanlı ailələr erməni daşnakları tərəfindən dədə-baba yurdundan deportasiyaya uğradılan zaman V. B. Şadlinski ailə üzvləri ilə birlikdə Azərbaycanın Şəmkir rayonunun Leninkənd qəsəbəsində məskunlaşmışdır. Məşhur Şadlinskilər[2] nəslinin görkəmli nümayəndəsidir.

O, 1959-cu ildə Leninkənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidmətdə olmuş, bölmə komandiri vəzifəsində çalışmışdır. Ordudan tərxis olunduqdan sonra 1962–63-cü illərdə Şəmkir rayonunun Həzi Aslanov kolxozunda sürücü vəzifəsində çalışmışdır.

V. B. Şadlinski 1963-cü ildə müvəffəqiyyətlə qəbul imtahanı verərək, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsitutiunun stomatologiya fakültəsinə daxıl olmuşdur.

V. B. Şadlinski 1964-cü ildə ATİ — nun 3 saylı tələbə yataqxanası üzrə tələbə şurasının sədri, 1965-ci ildə fakültə tələbə həmkarlar şurasının sədri, 1966-cı ildə isə İnstitut Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.

V. B. Şadlinski 1967-ci ildə institut partiya komitəsi bürosunun və Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin üzvü, həmçinin Ümumittifaq Həmkarlar İttifaqı İşçilərinin X qurultayına nümayəndə seçilmişdir. İctimai fəaliyyəti elmə və təhsilə olan hədsiz sevgi ilə üzvi surətdə birləşdirən V. B. Şadlinski 1970-ci ildən Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasında çalışmağa başlamış, Vətənə və xalqa nümunəvi xidməti ilə bu tədris ocağında professor və kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. O, 1988–1991-ci illərdə I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1992–1994-cü illərdə ATU-nun Həmkarlar Đttifaqı Komitəsinin sədri, 1994–1995-ci illərdə ATU-nun Ümumi işlər üzrə prorektoru, 1996–2001-ci illərdə Tədris işləri üzrə prorektoru vəzifələrində uğurla fəaliyyət göstərmişdir. V. B. Şadlinski ATU-nun Böyük Elmi Şurasının üzvü, eləcə də yaradıcısı olduğu Azərbaycan "Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyinin sədridir. V. B. Şadlinski ölkəmizdə dərc olunan bir sıra nüfuzlu və beynəlxalq aləmdə tanınmış elmi jurnalların – o cümlədən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Azərbaycan Tibb Jurnalı", Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil" jurnalının, Azərbaycan Tibb Universitetinin "Sağlamlıq" jurnalının Redaksiya şurasının üzvüdür.

V. B. Şadlinski 600-dən artıq elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 46 dərsliyin, 23 tədris-metodik vəsaitin, "İnsan anatomiyası üzrə Atlas"-ın, Azərbaycan, rus, ingilis və latın dillərində "Anatomik terminologiya"-nın müəllifidir.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • 22.07.1998 — Azərbaycan Jurnalist Həmkarlar İttifaqı Rəyasət Heyətinin və "Himmət" Xeyriyyəçiliyin Təbliği Mərkəzinin qərarı ilə Hacı Zeynalabdin Tağıyev fəxri mükafatı ilə təltif edilmişdir.
  • 29.12.1999 — Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyəti İcraiyyə Komitəsinin qərarı ilə akademik Yusif Məmmədəliyev adına medal və mükafatla təltif olunmuşdur.
  • 1999 – YUNESKO nəzdində fəaliyyət göstərən Kadrlar Akademiyasının anatomiya professoru seçilmişdir.
  • 2000 – Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar həkim" fəxri adına layiq görülmüşdür.
  • 2009 — Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının üzvü və həmin akademiyanın qızıl medalına layiq görülüb.
  • 2004 – Rusiya Tibb Elmləri akademiyasının akademikidir.
  • 10.07.2009-Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
  • 2009 — Avropa Təbiət Elmlər Akademiyasının Rəyasət heyəti tərəfindən Albert Şveytser adına Gümüş medala layiq görülüb.
  • 04.06.2010 — Avropa Elmi Cəmiyyətlərinin Rəyasət heyəti tərəfindən elm sahəsinə avəzsiz töhfəsinə görə Hannover şəhərində Avropanın Fəxri Alimi diplomuna və Robert Kox adına medalla təltif olunmuşdur.
  • 10.06.2010 — Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.
  • 2014 — Rusiya Elmlər Akademiyasının üzvü seçilmişdir.
  • 22.01.2020 — AHİK İcraiyyə Komitəsi tərəfindən "Həmkarlar ittifaqında xidmətlərinə görə" medalla təltif edilmişdir.
  • 23.01.2020 — Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
  • 23.01.2020 — "Dədə Qorqud" Milli Fondu tərəfindən "Vətən Övladı" ordeni ilə təltif edilmişdir.
  • 2021-ci il — Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir
  • 2022-ci il — Azərbaycan Respublikası Prezideninin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.
  1. https://azertag.az/xeber/AZARBAYCAN_RESPUBLIKASININ_SAHIYYA_ISCHILARINA_FAXRI_ADLARIN_VERILMASI_HAQQINDA__AZARBAYCAN_RESPUBLIKASI_PREZIDENTININ_SARANCAMI-483248
  2. "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]