Mücirəddin Beyləqani (1130, Beyləqan – 1194, Təbriz) — Azərbaycan şairi.
Mücirəddin Beyləqani | |
---|---|
Əbülməkarim Mücirəddin Beyləqani | |
| |
Doğum tarixi | |
Doğum yeri | Beyləqan |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz |
Vətəndaşlığı | Eldənizlər |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | fars dili |
Mücirəddin Beyləqani Vikimənbədə |
XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Mücir təxəllüsü ilə şeirlər yazan Əbülməkarim Mücirəddin Beyləqanidir. Mənbələrin verdiyi məlumatdan belə anlaşılır ki, anası həbəş mənşəli olmuşdur. Şairin həyatı haqqinda məlumat azdır. Məlumdur ki, Xaqaninin şagirdi olmuş, sənətdə ustadının izi ilə getməyə çalışmışdır. Mücirəddin şair kimi Eldəkizlər sarayında parlamış, Məhəmməd Cahan Pəhləvana, onun qardaşı Qızıl Arslana və başqalarına mədhiyyələr həsr etmişdir.
Şair təxminən 1194-cü ildə Təbrizdə vəfat etmişdir. Qəbri indi də Məqbərətyşşüəra qəbiristanlığındadır.
Mücirin əsərlərin lirik şerlər divanında toplanmış qəsidə, qəzəl və rübailərdən ibarətdir. Şerləri indiyə qədər çap olunmamışdır. Şairin Britaniya müzeyində saxlanılan "Divan"ında beş min beytə yaxın şeri vardır. Bu, onun əsərlərinin hamısı deyildir. Mücir şerlərinin sadə və aydın olması, fikirlərinin səmimiliyi ilə diqqəti cəlb edir.
Mücirin əsərlərində aşiqanə duyğuların tərənnümü, dözəl və əlvan təbiət təsfirləri, ara-sıra zəmanədən şikayətlər mühüm yer tutur. Həkim dairələr tərəfindən laqeyd qarşılanan, müxtəlif adamların tənəsinə dücar olan şair yeri gələndə öz insanlıq səsini ucaltmış və məğrur bir tərzdə bildirmişdir:
Zamanla kərtənkələ olub keçinnəm susuz,
Abırımı tökmərəm, yaşamaram duyğusuz.
Su təbimin odunu söndürüb qoysa minnət,
Susuzluqdan ölərəm, suya baxmaram, əlbət.
Mücir bəzən insan ömrünün qısalığına etiraz edir. Açılıb solan bir gün onda insan haqqında kədərli düşüncələr oyadır.
Səhər gül səbadən açıldı soldu,
Nəsimə hekayə deyib sovruldu.
Ömrün vəfasına bax bir həftədə
Gönçələndi, açdı gül xəzəl oldu
Burada söhbət ancaq güldən gedir, əslində isə gül ömrünün qısalığı insan ömrü haqqında da düşüncələr oyadır. Mücirin şerlərində başlıca yeri məhəbbət mövzusu tutur. Bu şerlərdə gah kədərli, gah sevincli bir aşiqin duyğuları, məhəbbət hekayətləri əks olunmuşdur. Ümumiyyətlə, XII əsr Azərbaycan şerində Mücirin də özünəməxsus şərəfli bir yeri vardır.
Mücirəddin Beyləqani Eldənizlər sarayında fəaliyyət göstərərkən sarayda onu sevməyənlər dövlət sirrini düşmənə verməkdə günahlandırırlar və o, həbs olunur. Andlar üzərinə qurulan şeirində-Qəsəmnamədə özünün heç bir günahının olmadığını anlatır. Onun 5000 beytlik divanı bizə gəlib çatmışdır. Bu divan Britaniyada saxlanılır. Lalə Əlizadə onun yaradıcılığı ilə bağlı monoqrafiyada bu əsəri çap edib. Xorasanda isə Nağı Binəş tərəfindən onun 5000 beytlik divanı çap edilib. Məhəmmədəli Tərbiyətə görə isə Mücirəddin Beyləqaninin 15000 beytlik divanı vardır. Əmir Xosrov Dəhləvi Xaqani ilə Beyləqanini müqayisə edir. Bu zaman M. Beyləqaninin yaradıcılığını Xaqanidən yüksək qiymətləndirir. Krımski "Nizami və onun müasirləri"əsərində Xaqani ilə M. Beyləqani -iki dostun arasında ciddi münaqişələr baş verdiyini, onların bir-birinə həcvlər yazdığını bildirir. M. Beyləqaninin bir şeirindən misal göstərək:
Firuzə göy kimi üzük qaşım var,
Yəhərli atımdır mənim ruzigar.
Şeirimin, nəsrimin sünbüllərindən,
Minlərlə Xaqani başaq toplayar.
Bu şeirdən bizə məlum olur ki, onun nəsrlə də əsərləri olmuşdur, lakin bizə çatmayıb. 4-cü misrada isə başaq-orda-burda qalan sünbül dənəsi anlamına gəlir. Anasının həbəş mənşəli olduğunu bu şeirindən bilirik:
Mənim atam türkdür, anam həbəşdir,
Təbimin alovu sanki günəşdir.