Müdaxilə - Qiymətin, məzənnənin iqtisadi vasitələrlə artırılması, yaxud azaldılması məqsədilə bu və ya digər orqan tərəfindən maliyyə bazarının tənzimlənməsi. Müdaxilə iqtisadiyyatın dövlət tənzimlənməsinin başlıca alətlərindən biridir. İqtisadiyyatda müdaxiləni bir neçə forması mövcuddur ki bunlar da aşağıdakılardan ibarətdir.
Birja müdaxiləsi - böyük həcmdə qiymətli kağızların satın alınması, yaxud satılması, yerləşdirilməsi yolu ilə onların birja məzənnələrinin tənzimlənməsi. Adətən birja intervensiyası birja da möhtəkir əməliyyatlarının məhdudlaşdırılması məqsədilə həyata keçirilir.
Forvard müdaxiləsi – ölkənin Mərkəzi bankı tərəfindən forvard bazarında milli valyutanın nağd ödənişləri nəticəsində məzənnənin tənzimlənəsi istiqamətində aparılan əməliyyatlar.
İntramarjinal müdaxilə – Avropa valyuta sisteminə daxil olan ölkələrin Mərkəzi bankları tərəfindən vahidlik prinsipi əsasında həyata keçirilən valyuta müdaxiləsi.
Valyuta müdaxiləsi – Mərkəzi bank qismində hökumət tərəfindən valyuta bazarının tənzimlənməsi tədbirləri. Mərkəzi bank ölkənin valyuta birjasında xarici valyutanın iri həcmdə yığılması, alınması, yaxud yerləşdirilməsi, satılması yolu ilə milli valyutanın məzənnəsini tənzimləyir. Adətən, Mərkəzi bank beynəlxalq maliyyə institutları, xüsusilə də Beynəlxalq Valyuta Fondu tərəfindən təqdim olunan məqsədli kreditlər vasitəsilə valyuta intervensiyası həyata keçirir. İnkişaf Etmiş Ölkələrdən fərqli olaraq İnkişak Etməkdə Olan Ölkələr və keçid iqtisadiyyatlı ölkələrdə valyuta intervensiyasına tez-tez müraciət olunur.
Razılaşdırılmış müdaxilə – valyuta kurslarını korrektə etmək məqsədilə bir neçə Mərkəzi bankın birgə fəaliyyətidir.[1]
Müdaxilə dəhlizi - Dövlətin və ya Mərkəzi Bankın valyuta məzənnəsini saxlamağa çalışdığı ən yuxarı və ən aşağı limit çərçivəsidir. Əgər məzənnə çərçivədən çıxarsa, bu zaman dövlət və ya Mərkəzi bank mümkün tədbirləri görərək onu geri qaytarmağa çalışır. Bunlara rəsmi faiz dərəcələrinin qaldırılıb-endirilməsi, valyuta bazarlarında valyutanın alınıb-satılması və s. bu kimi tədbirlər aiddir.