"Mühacirlərin dönüşü" — yazıçı-jurnalist Dilqəm Əhmədin 2017-ci ildə yazılmış kitabı. "Mühacirlərin dönüşü" Dilqəm Əhmədin Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan mühacirəti mövzusunda qələmə aldığı ikinci əsəridir. Kitabda Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksini tapır.
Mühacirlərin dönüşü | |
---|---|
| |
Müəllif | Dilqəm Əhməd |
Janr | Araşdırma-tarix |
Orijinalın dili | Azərbaycan dili |
Ölkələr | Azərbaycan |
Nəşriyyat | TEAS Press nəşriyyat evi |
Cild | I cild |
Səhifə | 143 |
Növ | Yumşaq üz qabığı |
ISBN | 9789952513967 |
XX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalı və müstəqil respublikanın süqutu nəticəsində təqiblərdən qurtularaq dünyanın bir çox ölkələrinə səpələnmiş, ömrünü qürbətdə başa vurmağa məhkum edilmiş, həm oxşar, həm də fərqli taleli məşhur azərbaycanlı siyasi xadimlərin, ədiblərin, ziyalıların ictimai-siyasi, ədəbi-bədii irsi hələ də tam aşkarlanmayıb və öyrənilməyib.
Bəzilərinin şəxsi arxivləri və ya onlara aid materialların yer aldığı digər arxivlər müxtəlif elmi mərkəzlərə, universitetlərə, muzeylərə verilib, bir çoxlarının zəngin irsi əldən-ələ düşüb, dağılıb, məhv olub, başqalarınınkı isə bu sahənin tədqiqatçılarının üzünə uzun müddət bağlı qalıb.
Bu kitab araşdırmaçı-jurnalist Dilqəm Əhmədin həmin mövzuda qələmə aldığı ikinci əsərdir. Kitabda Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksini tapır.
Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Abbasqulu Kazımzadə, Əbdülvahab Yurdsevər, Məhəmməd Əli Rəsulzadə, Almas İldırım, Mustafa Vəkiloğlu, Əziz Alpoud, Səməd Ağaoğlu kimi şəxsiyyətlərə aid materiallar müəllifin yeni araşdırmaları nəticəsində əldə edilib və oxuculara ilk dəfə təqdim olunur. Bütün bunlar mühacirlərin şəxsi həyatı ilə birbaşa bağlı olduğuna görə xüsusi maraq doğurur.
Kitab Azərbaycan Cümhuriyyəti tarixinin, o dövrün görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının tədqiqatçıları üçün unikal mənbədir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulub.