Mühitim antropogen amilləri – bilavasitə və vasitəli ola bilər[1]. Antropogen amillər (yun. anthropos — adam, genesisum — mənşə, lat. factor iş)
Təbiətdə insanın bilavasitə təsirinə misal olaraq geniş ərazilərdə meşələrin yox edilməsi, ovluq heyvanların hədsiz məhv edilməsini göstərmək olar. Bu isə bir sıra növlərin kəskin azalmasına, bir çox hallarda isə tamamilə sıradan çıxmasına səbəb olur. Vasitəli antropogen amillər landşaft, iqlim, atmosferin fiziki vəziyyəti və kimyəvi tərkibi, hidrosfer, torpaq və s.-nin dəyişməsi yolu ilə baş verir. Mühitin sənaye və məişət tullantıları ilə çirkləndirilməsinə, ekoloji tarazlığın pozulmasına, minillərlə təkamül olunaraq yaranmış biosenozların (orqanizm qruplaşmalarının) deqredasiyasına səbəb olur. İnsanların torpaqların məhsuldarlığını artıraraq təbii komplekslərin yerində mədəni bitkilər və ev heyvanları üçün praktiki cəhətdən yeni mühit, orqanizmlərin yeni qruplaşmalarını – aqrobiosenozları yaratdı. Torpaqların intensiv şumlanması və hədsiz mal-qara otarılması, suqoruyucu meşələrin qırılması bir sıra rayonlarda təbii qruplaşmaları ağır vəziyyətə saldı, su və külək eroziyasını gücləndirdi, çayların suyunu azaltdı. Hazırda Yer üzərində insan fəaliyyətinin təsir göstərmədiyi sahəyə çətin rast gəlmək olar. İnsanın təbiətə göstərdiyi böyük təsir və onun mənfi nəticələri bəşəriyyətin qarşısında biosferin sərvətlərinin qorunub saxlanması və ondan səmərəli istifadə olunması üzrə elmi cəhətdən əsaslanmış tədbirlərin həyata keçirməsi vacibliyini irəli sürdü.[2][3]