Müqəddəs Nikolay kilsəsi və ya Orqan və Kamera Musiqisi Evi (ukr. Костел Святого Миколая, Будинок органної та камерної музики) — Kiyevdəki Roma-Katolik kilsəsi, 1980-ci ildən Orqan və Kamera Musiqisi Evi kimi istifadə olunur.
katolik kilsəsi | |
ukr. Костел Святого Миколая | |
---|---|
Костел Святого Миколая | |
Din | |
Yeparxiya | Kiyev-Jitomir yeparxiyası |
Yerləşməsi | |
Ölkə | Ukrayna |
Şəhər | Kiyev |
Ünvanı | Bolşaya Vasilkovskaya küçəsi, 75 |
Memarlıq | |
Tikdirəni | S.V.Valovski |
Memarı | Vladislav Qorodetski |
Üslubu | neoqotika |
Materialı | kərpic |
Hündürlüyü | 60 m |
|
|
Saytı | |
nicolasparish.org.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Müqəddəs Nikolay kilsəsinin tikintisinə, 1899-cu ildə memar S.V.Valovskinin müsabiqə layihəsi əsasında başlanılmışdır. Binanın tikintisi məşhur Kiyev memarı Vladislav Qorodetskinin rəhbərliyi altında həyata keçirilmişdir. Qotik üslubda tikilmiş kilsə incə proporsiyaları, kompozisiya quruluşunun aydınlığı ilə seçilir. Çətin tikinti şəraiti, o dövrdə memarları innovativ mühəndislik texnologiyalarını tətbiq etməyə sövq edib. Mühəndis Anton Ştraus o vaxtkı tikinti təcrübəsində ilk dəfə olaraq beton svaylar üzərində bünövrə qoymağı təklif edərək, yeni tikinti materialı olan dəmir-beton konstruksiyalarından tikində geniş istifadəsinə cığır açmışdır. Kilsə həm divar rəsmləri, həm də vitraj pəncərələri ilə zəngin şəkildə bəzədilmişdir. Onlardan 40-ı bu gündə saxlanılır.
Kilsənin tikintisi 1909-cu ildə başa çatıb.
Məbəd təxminən 1933-cü ildə sovet hakimiyyəti tərəfindən bağlanaraq talan edilmiş, ruhaniləri də repressiyaya məruz qalmışdır. Binada anbarlar yerləşirdi. 1943-cü ildə, müharibə zamanı məbəd artilleriya atəşinə məruz qalaraq ciddi ziyan görmüş və yandırılmışdır. Müharibədən sonrakı illərdə kilsə binası qismən bərpa edilərək Kiyev Dövlət Regional Arxivinin ehtiyacları üçün yenidən tikilmişdir.
1978-ci ildə Ukrayna SSR Nazirlər Soveti Kiyevdə Respublika Orqan və Kamera Musiqisi Evinin yaradılması və keçmiş Müqəddəs Nikolay kilsəsinin binasının konsert salonuna çevrilməsi haqqında qərar qəbul etdi. Bərpa ilə eyni vaxtda binada qismən yenidənqurma işləri də aparıldı. 1980-ci ildən Müqəddəs Nikolay kilsəsi Orqan və Kamera Musiqisi Evinin (indiki Ukrayna Milli Orqan və Kamera Musiqisi Evi) konsert zalı kimi fəaliyyət göstərməyə başladı.
Kiyev Orqan və Kamera Musiqisi Evinin orqanı Çexoslovakiyanın Krnov şəhərindəki Rieger-Kloss şirkətinin ustaları tərəfindən xüsusi olaraq yaradılmışdır. Orqanda üç əl və pedal klaviatura üzərində paylanmış 55 registr, metal və ağacdan (qara və qırmızı) müxtəlif diametrli və uzunluqda (13 millimetrdən 6 metrə qədər) 3945 boru var.[1] Alət geniş tembr palitrasına malikdir, onun üzərində müxtəlif üslub və cərəyanların əsərləri: qədim musiqidən tutmuş müasir müəlliflərə qədər uğurla ifa edilə bilər. Dizayn zamanı alətin formalarının keçmiş Müqəddəs Nikolay kilsəsinin interyerləri ilə üzvi birləşməsinə maksimum fikir verilmişdir. Fəaliyyət göstərən kilsə üçün deyil, konsert zalı üçün yaradılan orqan qeyri-ənənəvi şəkildə yerləşir: xorda deyil, kafedralın qurbangah hissəsində səhnəyə çevrilir. Yaxın gələcəkdə orqan musiqisi yeni evi istifadəyə veriləcəkdir.
Orqan və Kamera Musiqisi Evinin yaradıcı kollektivi: B.Lyatoşinski adına Klassik Musiqi Ansamblı, Ravisan triosu, Lısenko kvarteti, Kiyev və Kiyev-Brass kamera ansamblları, orqançılar, instrumental solistlər və müğənnilərdən ibarətdir.
XX əsrin əvvəllərində formalaşmış məbədin Roma-katolik icması, 1917-ci il hadisələri və 1930-50-ci illərin repressiyaları zamanı çox əziyyət çəkmiş və əsrin ortalarına doğru demək olar ki, yox olmuşdur.
İcmanın kilsə həyatının canlanması 1980-ci illərin sonlarında başlanıb. 1992-ci ildən bəri kilsədə dini xidmətlər, Orqan Musiqisi Evinin konsert fəaliyyətləri ilə razılaşdırılaraq müntəzəm olaraq keçirilməyə başladı. Lakin dini birliklərə qaytarılmayan strukturlar siyahısına daxil edilən binanın özü dövlətə məxsusdur. 25 iyun 2001-ci ildə Papa II İohann Pavel kilsəni ziyarət edib. 2003-2006-cı illərdə kilsənin rektoru Müqəddəs Məryəm kafedralının missioneri, Radoslav Zmitroviç olub.
Məbəd binasının vəziyyəti bu gün qənaətbəxş deyil. Divarları çatlayır, heykəltəraşlıq bəzəkləri və digər dekorativ detallar dağılır və s. Binanın ətrafında ziyarətçilərə təhlükə barədə xəbərdarlıq edən lövhələr də vardır. Bu vəziyyətin səbəbləri binanın qədim tarixi ilə (yaşı yüz ildən artıqdır) deyil, bu ərazidə torpağın rütubətinin artması, iri tikililərin tikilməsi ilə qrunt sularının səviyyəsinin dəyişməsi ilə əlaqədardır.[2]
2020-ci il fevralın 10-da Mədəniyyət, Gənclər və İdman naziri Vladimir Borodyanski memarlıq abidəsi olan Müqəddəs Nikolay kilsəsi fasadlarının bərpası üçün "2020-ci ilin dövlət büdcəsindən təxminən 50 milyon vəsaitin ayrıldığını" açıqlayıb.[3] Ancaq abidəni xilas etmək üçün fasadların kosmetik təmiri deyil, ən azı əsaslı təmir tələb olunur ki, bu da daha ciddi xərclər tələb edir.
4 sentyabr 2021-ci ildə Müqəddəs Nikolay kilsəsində yanğın baş verdi. Metaldan və bahalı ağacdan (qara və qırmızıdan istifadə olunub) hazırlanmış unikal orqan tamamilə yanıb.