Müstövfi əl-məmalik (fars. مستوفیالممالک; vilayətlərin xəzinədarı) — Elxanilər dövründən Qacarlar dövrünədək İranda maliyyə idarəsinin rəhbəri.
Ehtimal etmək olar ki, mülki idarə aparatının başçısı olan vəzirin nəzarəti altında işləyirdi. "Allahın mühafizə etdiyi vilayətlərin" (məmalik-i məhrusə) ərazisində "divan-i məmalik" idarələrinin bütün maliyyə əməliyyatları, onların əyalət nümayəndələrinə (ümmal) göndərdikləri yazılı təlimatlara müvafiq olaraq həyata keçirilirdi.[1] İdarə vergi aparatının işinə, dövlət büdcəsinin tərtib edilməsinə rəhbərliyi həyata keçirir, vergi siyahılarını təsdiq edirdi.Bəylərbəyilərin tiyul və digər mükafatları, vəzirlərin, müstövfilərin və[2] kələntərlərin maaşları (rüsumat), mülki və hərbi şəxslərin məvacibləri onun təsdiqləməsi və möhürü olmadan verilmirdi.[3] İsgəndər bəy Münşinin məlumatına görə, I Təhmasibin dövründə "divan-i əlanın böyük müstövfilərindən" məlum olan on nəfərin yeddisi müstövfi əl-məmalik, ikisi də "müstövfiy-i bəqayə" "vergi borcları üzrə xəzinədar" idi.[4]
Aşağıdakılar müstövfi əl-məmalik olmuşlar:
Onların içərisindən daha məşhur olanı yerli əyanların nümayəndəsi, "riyaziyyat qanunlarında və hesab kitablarının aparılmasında mahir" (qanun-i hesabdani və elm-i siyaq) olan, şahın hüsn-rəğbətini qazanmış Xacə Qasım Nətənzi idi. Mir Qiyasəddin Mahmud bu vəzifədə az işlədi və tezliklə işdən azad edildi. Müəyyən dövrdə xəzinədar vəzifəsi "əlahəzrət dəftərxanasının mirzələri (avaracanəvisan-i dəftərxane-yi hümayun)" arasında bölüşdürüldü. "Onlardan hər biri öz idarəsinin müstövfisi idi". Sonra Mir Qiyasəddin Mahmud yenidən vəzifəyə təyin edildi və bu dəfə uzun müddət ərzində öz vəzifəsini yerinə yetirdi. O, I Şah Təhmasibin vəfatına üç il qalmış azad edildi və onun yerinə Mirzə Şükrulla irəli sürüldü. müstövfi əl-məmalikin rolunu bundan görmək olar ki, hicri 981 (1573–1574)-ci ildə Mirzə Şükrulla bu vəzifəyə təyin olunarkən ona 500 Təbriz tüməni məbləğində məvacib müəyyən edilmişdi. Vəzirlər – Seyid Həsən Fərəhani və Xacə Cəmaləddin Əli Təbrizi üçün müəyyən edilən məvaciblər də həmin miqdarda idi.[5]
Yuxarıda qeyd edildiyi kimi, II Şah İsmayılın dövründə Mirzə Şükrulla vəzir vəzifəsinə keçirilmiş, onun yerini isə Mirşah Qazi İsfahani tutmuşdu. O, yeni şah – Məhəmməd Xudabəndənin dövründə də müstövfi əl-məmalik vəzifəsində qalmış və "işdə tam sərbəstlik göstərmişdi". Lakin o, tezliklə ona düşməncəsinə yanaşan vəzir Mirzə Salmanın təhriki ilə vəzifədən kənar edilmiş və müstövfilik vəzifəsi Xacə Məhəmməd Bəkir Hərəviyə verilmişdi.[6] müstövfiyan-i bəqayə sırasında İsgəndər bəy Münşi Mir[7] Hidayətulla Məmurinin, onun qardaşı Mir Məhəmməd Məmurinin, habelə əvvəlcə müstövfi əl-məmalik vəzifəsinə irəli çəkilmiş Mirşah Qazi İsfahaninin adlarını çəkir.[8][9]
Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı,"Şərq-Qərb", 2007, 344 səh.+8 səh. (illüst.) ISBN 978-9952-34-101-0