Məşyəxət-i İslamiyyə idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə müsəlman ruhani idarəsi.
Çar Rusiyası Şimali Azərbaycanı işğal etdikdən sonra, Cənubi Qafqaz şiələrinə başçılıq etmək üçün Şeyxülislam (1823), sünnilərə rəhbərlik etmək üçün isə müfti (1832) vəzifələri təsis olundu. Lakin Cənubi Qafqaz müsəlmanları ruhani idarəsinin yaradılması ləngidirdi. Cənubi Qafqazda şiə və sünni məzhəbləri üzrə müvafiq ruhani idarələri yalnız 1872-ci il aprelin 5-də yaradıldı. Bu idarələr Tiflisdə yerləşirdi.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra dini işlərin həllində şeyxülislamın və müftinin roluna diqqət artırıldı. Cümhuriyyət hökumətinin 1918-ci il 18 iyun tarixli qərarı ilə islam dininə aid məsələlərin Nazirlər Şurasında müzakirəsi zamanı şeyxülislama və müftiyə həlledici səs hüququ verilirdi. Fətəli xan Xoyskinin 2-ci hökumət kabinəsində Xalq Maarifı və Dini Etiqad Nazirliyi yaradıldı. Həmin nazirliyin şeyxülislama və müftiyə 1918-ci il 10 avqust tarixli müraciəti nəticəsində Cənubi Qafqaz müsəlman ruhani idarələri Tiflisdən Gəncəyə köçürüldü, Hər iki idarə rəhbərinin 1918-ci il 1 sentyabr tarixli qərarı ilə şiə və sünni ruhani idarələri birləşdirildi. Yeni yaradılan ruhani idarəsi, Osmanlı dövlətində olduğu kimi, "Meşyəxət-i islamiyyə" ("məşyəxati" "şeyx" sözünün cəm şəkillərindən biridir. "Məşyəxət-i islamiyyə", yəni müsəlman şeyxləri, ağsaqqalları, rəhbərləri, başçıları mənasındadır) adlandırıldı və onun strukturu müəyyənləşdirildi. Xalq Maarifı və Dini Etiqad Nazirliyinə təqdim edilmiş ştat cədvəlinə görə, "Məşyəxət-i islamiyyə" idarəsi 2 sədr, 4 idarə üzvü, katib, 2 kargüzar, ümumiyyətlə, 15 nəfərdən ibarət olmalı idi. Hökumət 1918-ci il 8 oktyabr tarixli qərarı ilə müftinin və şeyxülislamın aylıq məvacibini 2 min 500 manat müəyyən etmiş, digər dövlət və hökumət orqanları ilə birlikdə, onların da dəftərxanalarını Bakıya köçürtmüşdü. Sonralar müftinin və şeyxülislamın məvacibi 1 min 500 manat müəyyənləşdirildi. "Məşyəxət-i islamiyyə" idarəsi Bakıya köçürüldükdən sonra onun strukturunun dəqiqləşdirilməsi sahəsində işlər davam etdirildi. İdarəyə şeyxülislamın və müftinin həmsədrlik etməsi qərara alındı. Hökumətin 1920-ci il mart sərəncamına əsasən, həmsədrlər nazir köməkçisi ilə eyni status alırdı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra "Məşyəxət-i islamiyyə" idarəsi ləğv olundu.[1]