Məcid Mərdanov

Məcid Əhəd oğlu Mərdanov (22 iyul 1913, Qutqaşen rayonu27 sentyabr 1982) — texnika elmləri doktoru (1962), professor (1963), Əməkdar elm xadimi , AMEA-nın həqiqi üzvü (1972)[1][2][3][4]

Məcid Əhəd
Məcid Əhəd oğlu Mərdanov
Doğum tarixi
Doğum yeri Vəndam, Qəbələ rayonu
Vəfat tarixi (69 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi kimya
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
İş yeri AMEA Neft-Kimya Prosesləri İnstitutu
Təhsili Bakı Dövlət Universiteti
Tanınır alim
Üzvlüyü AMEA

Məcid Mərdanov 1913-cü il iyul ayının 9-da Qəbələ rayonunun Vəndam kəndində anadan olmuşdur.[5] 1920-ci ildə Göyçay rayon məktəbinə daxil olmuş, 1926-cı ildə həmin məktəbi bitirmişdir. 1931-ci ildə Pedoqoji Texnikumu bitirmişdir. 1934-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, 1939-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.[1][2]

Hərbi xidmətdə

[redaktə | mənbəni redaktə et]

Məcid Mərdanov 1939-cu ildə Sovet ordusu sıralarına çağırılmış, Sovet Ordusu sıralarında qulluq etməyə başlamışdır. Böyük Vətən müharibəsi başlayana qədər orduda mühəndislik kursu keçmiş, orta komandir heyəti üzrə təhsil almışdır. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirak­çısı olmuş, minomyot vzvod komandiri kimi Leninqrad, Kareliya və Estoniya cəbhələrində vuruşmuşdur.[1][2]

Məcid Mərdanov 1944-cü il fevralın 24-də Kareliyada gedən döyüşlər zamanı ağır yaralanaraq sağ ayağını itirmişdir. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan tərxis olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyə görə "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur.[3]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məcid Mərdanov 1931-1934-cü ildə Qəbələ rayonunun məktəblərində əvvəlcə müəllim sonra tədris hissə müdiri və direktor kimi fəaliyyət göstərmişdir. O, Bakı Dövlət Universitetində oxuduğu müddətdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində laborant, baş laborant vəzifəsində çalışmışdır. Universiteti bitirdikdən sonra isə Analitik kimya kafedrasında müəllim işləmişdir.[2]

O, 1946-1948-ci illər ərzində Saratov şəhərində yaşamışdır. 1948-ci ildə Saratovdan Bakıya qayıdaraq V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutuna (AzETNEİ) mühəndis vəzifəsinə qəbul olunmuşdur. 1949-cu ildən xüsusi yanacaqlar və aşqarlar laboratoriyasının baş mühəndisi, 1952-ci ildən isə ömrünün sonuna kimi həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışmışdır.[4] 1959-1982-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kim­ya Prosesləri İnstitutunda elmi işlər üzrə direktorun birinci müavini olmuş­dur.[1][2][3]

Məcid Mərdanov "Azərbaycan ali texniki məktəblərinin xəbərləri" elmi jurnalın baş redaktoru, "Qoşa ulduz" ictimai-siyasi-beynəlxalq jurnalın və "Vışka" qəzetinin redaksiya heyətlərinin üzvü olub.[4]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məcid Mərdanov 1953-cü ildə "Benzolun olifenlərlə alkilləşməsi nəticəsində alınan polialkil benzolların katalitik çevrilməsi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. Həmin ildə ona SSRİ AAK-ın qərarı ilə kimya elmləri namizədi elmi dərəcəsi verilmişdir.[1][2][3][4]

Məcid Mərdanov 1962-ci ildə "Azərbaycan neftlərindən reaktiv yanacaqların alınması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır.[1][3][4] 1964-cü ildə isə professor elmi adı verilmişdir.[2][4]

Məcid Mərdanov 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir, 1972-ci ildə həqiqi üzvü seçilmişdir.[3]

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

Məcid Mərdanovun elmi tədqiqatlarının əsas istiqaməti, neftlərin təşkilinin tədqiqi və onların əsasında yeni növ reaktiv yanacaqların istehsal texnologiyasının işlənməsi olmuşdur. 1959-cu ildə onun rəhbərliyi ilə keçmiş SSRİ-də ilk termostabil T-5 markalı reaktiv yanacağının Azərbaycan neftlərindən istehsal texnologiyası sənayəsində tətbiq olunmuşdur.[2]

Məcid Mərdanovun bu sahədə apardığı tədqiqatlar digər region neftlərindən termostabil yanacaqların alınması istiqamətində aparılan tədqiqatların əsasını qoydu. Onun rəhbərliyi ilə səs sürətindən iti sürətli təyyarələr üçün T-6 markalı yüksək termostabil yanacağın alınma texnologiyası yaradılmış və Başqırdıstanın Salavt Neft-Kimya Kombinatında istehsal olunub, sənayə-təcrübi nümunəsi ixtisaslaşdırılmış üsullarla sınaqdan müvəfəqiyyətlə keçmiş və aviasiyada istifadəsinə vəsadət verilmişdir.[2]

Rəhbərliyi altında keçmiş SSRİ-də ilk dəfə olaraq piroliz prosesinin mayə məhsullarından yükək təmizlik dərəcəsinə malik tsiklopentadienin ayrılma texnologiyası işlənib, yarım sənayə qurğusunda tətbiqini tapmışdır. Bu qurğu Rusiya Federasiyasının Novokuybışev şəhərində Neft-Kimya Layihə İnstitutu tərəfindən layihələndirilmişdir.[2]

Bu prosesin işlənib hazırlanmasına görə M.Ə.Mərdanov "SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri" sərgisinin gümüş medalı ilə təltif olunmuşdur. M.Ə.Mərdanov əməkdaşları ilə motor yanacaqlarının keyfiyyətini artıran aşqarların və korroziya inhibitorlarının yaradılması və tətbiqi sahəsində geniş tədqiqatlar aparmışdır. Karbamid və ortofosfat turşusu əsasında yaradılmış çoxfunksiyalı korroziya inhibitoru VFİRS-82 MDB ölkələrində geniş tətbiq tapmışdır.[2]

Onun rəhbərliyi ilə sintez edilmiş yeni antistatik aşqar AP-h. 34-1 Bakı Şinzavodu, Tiflis Aviasiya Zavodu və Pern Mühərrik Zavodunda müvəffəqiyyətlə tətbiq olunmuşdur.[2]

Professor M.Ə.Mərdanov yanacaqlar sahəsində kadrlar hazırlanmasında böyük diqqət yetirirdi. Onun bilavasitə rəhbərliyi altında 3 elmlər doktoru, 20 elmlər namizədi yetişdirilmişdir. M. Ə. Mərdanovun apardığı elmi tədqiqatların nəticələri 216-dan artıq elmi məqalədə və 75-dən çox müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır.[1]

Məcid Əhəd oğlu Mərdanov uzun illər sürən ağır xəstəlikdən sonra 1982-ci il sentyabrın 27-də Bakıda vəfat etmişdir.[1][2][3]

Məcid Mərdanov elmin inkişafındakı roluna və yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Onun əməyi yüksək qiymətləndirilərək "Şərəf nişanı" və "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və bir çox medallarla təltif olunmuşdur.[1][2]

  1. 1 2 3 4 5 6 7 8 9 "Mərdanov Məcid Əhəd oğlu". science.gov.az. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-11.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Məcid Əhəd oğu Mərdanovun həyat yolu". www.nkpi.az. 2018-04-09. İstifadə tarixi: 11.06.2024.
  3. 1 2 3 4 5 6 7 "Tarixə dönmüş kimyaçı ömrü". milliarxiv.gov.az. 2023-09-25. 2024-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.06.2024.
  4. 1 2 3 4 5 6 "Mərdanov Məcid Əhəd oğlu". chemistry.bsu.edu.az. 07-06-2017. 2024-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.06.2024.
  5. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.