Məcid Lətif oğlu Rəsulov (1 iyul 1916, Nuxa – 11 fevral 1993, Bakı) – fizika-riyaziyyat elmləri doktoru (1961), professor (1961), Azərbaycan SSR Əməkdar elm xadimi (1989), AMEA-nın həqiqi üzvü (1983).[1][2][3][4][5][6][7][8][9]
Məcid Rəsulov | |
---|---|
Məcid Lətif oğlu Rəsulov | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Riyaziyyat |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | |
Təhsili | |
Mükafatları |
Məcid Rəsulov 1 iyul 1916-cı ildə Şəki şəhərində anadan olub. O, 1923-cü ildə Şəkidə 7 illik məktəbin 1-ci sinfinə gedib. Atası Hacı Lətif Rəsul oğlu dövrünün məşhur ipək sənayeçisi idi.[1][2][4]
O dövrdə baş verən müharibə və inqilablar Rəsulovlar ailəsində ağır izlər buraxır. Belə ki, 1928-ci il martın 16-da Məcid Rəsulov 5-ci sinifdə oxuyanda atası Hacı Lətif həbs edilir. Uydurulmuş ittihamlar əsasında bütün əmlakı müsadirə olunur və Hacı Lətif ailəsi ilə birgə 1928-ci ildə Gürcüstanın Tsxmok qəsəbəsinə, sonra isə 8 il müddətinə Qazaxıstanın Aral dənizindəki Kokaral adasına sürgün edilir. Çətin və işgəncəli sürgün həyatı Hacı Lətifin səhhətinə təsir göstərir və o, 1930-cu ildə vəfat edir. Bundan sonra Şəkiyə qayıdan ailəyə Qori seminariyasının məzunu, Məcid Rəsulovun böyük qardaşı Əbdüləli Rəsulov qayğı göstərir. O, ömrünün sonuna kimi Şəkidə müəllim işləyir.[2][4]
Məcid Rəsulov Şəkidə 7 illik məktəbin altıncı sinfində təhsilini davam etdirir, bir il ərzində ikiillik tədris kursunu mənimsəyərək, məktəb şəhadətnaməsini alır. 1932-cu ildə Azsənaye Şurasının Nuxa Sənaye Texnikumuna daxil olur. Həmin texnikum 1934-cü ildə Nəriman Nərimanov adına Sənaye Texnikumu adı ilə Bakıya köçürülüb. Texnikumu bitirdikdən sonra, 1934-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinə qəbul olunur və 1938-ci ildə institutu birinci dərəcəli əlaçı diplomu ilə bitirir.[1][2][3][4][8][9]
1938-ci ildə riyaziyyatçı alim, sonralar Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü olmuş Yaroslav Borisoviç Lopatinski Bakı Dövlət Universitetində çalışırdı. Onun təklifi ilə Məcid Rəsulov Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunur. Eyni zamanda o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Riyazi analiz" kafedrasında assistent vəzifəsində çalışmağa başlayır.[2]
Məcid Rəsulov 1939-cü ildə Sovet ordu sıralarına xidmətə çağırılır və Sovet-Fin müharibəsində iştirak edir. O, bu səbəbdən təhsilini yarımçıq qoymağa məcbur olur. Onun riyaziyyata olan sevgisi hərbi xidmət zamanı da özünü büruzə verir və onu atıcı diviziyasının artilleriya alayının hesablayıcı bölməsinin komandiri vəzifəsində işləməyə dəvət edirlər. Məcid Rəsulov diviziya heyətinin hərbi hazırlığını yüksəltmək məqsədi ilə zabitlərə riyaziyyat kursları keçir. 1941-ci ilin mayında hərbi xidmətdən tərxis olunur, lakin Böyük Vətən müharibəsi başladığından səfərbərliyə alınır və 293-cü atıcı diviziyasının 393-cü artilleriya polkunun hesablayıcı bölməsinin komandiri vəzifəsinə təyin edilir.[2][4]
Həmin il yaralanır və Sverdlovsk Evakuasiya Hospitalında müalicə olunur. Müalicədən sonra yenidən cəbhəyə qayıdan Məcid Rəsulov 1942-ci ildə Tiflisə Zaqafqaziya hərbi dairəsinin kiçik leytenantlar kursuna göndərilir. Kursu bitirdikdən sonra cəbhəyə dönür və 1943-cü ildə ona baş leytenant rütbəsi verilir. 1943-cü ildə 10-cu qvardiya atıcı briqadasının xüsusi qvardiya artilleriya alayının qərargah batareyasının komandiri vəzifəsində müharibəni başa vurur və 1943-cü ildə ehtiyata buraxılır.[2][4]
özünün elmi istiqamətini yaratmış, riyazi fizika tənlikləri üzrə görkəmli mütəxəssis, diferensial tənliklər və funksional analiz kimi sahələrdə çalışmış riyaziyyatçı-alim, akademik Məcid Lətif oğlu Rəsulov XX əsrdə xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir. Onun tədqiqatlarını dörd istiqamətə ayırmaq olar: Birinci istiqamətə onun xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinə dair işlərini aid etmək olar ki, burada böyük sinif sərhəd, qarışıq və Koşi məsələlərinin həlli üçün çıxıqlar və kontur inteqralı üsulları verilmişdir. Xətti diferensial operatorların spektral nəzəriyyəsi sahəsindəki işlərini ikinci istiqamətə aid etmək olar. Burada o, ixtiyari vektor-funksiyanın kontur inteqralı və diferensial tənliklər üçün spektral məsələlərin həllərinin çıxığı üzrə yeni ayrılış düsturlarını isbat etmişdir.Funksional analizə aid olan üçüncü istiqamət üzrə işlərində Banax fəzasında təyin olunan xətti funksionalların normasını saxlamaqla davamının yeganəlik şərtləri isbat edilmişdir. Nəhayət, dördüncü istiqamət üzrə işlərində funksional analizi diferensial operatorlar nəzəriyyəsinə tətbiq etməklə adi xətti diferensial operatorun normallıq şərtini almışdır.
Məcid Rəsulovun ilk elmi araşdırmaları onun 1946-1948-ci illərdə "Diferensial tənliklər üçün bəzi qarışıq məsələlərin həllinin çıxııqlar üsulu ilə araşdırılması " mövzusunda yazdığı namizədlik dissertasiyasında ümumiləşdirilmişdir. O, bu işdə xətti funksionalın altfəzasında bütün Banax fəzasına davamının yeganəliyinin zəruri və kafi şərtlərini almış və baxılan birölçülü xətti diferensial operatorun normallığı üçün zəruri və kafi şərti isbat etmişdir.M.L.Rəsulov 1960-cı ildə SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunun Elmi Şurasında "Xüsusi törəməli xətti diferensial tənliklər üçün qarışıq və sərhəd məsələlərinin həllinin çıxıqlar üsulu" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
Məcid Rəsulov tərəfindən yazılmış və Moskvada, "Nauka" nəşriyyatında nəşr edilmiş (1964) "Kontur inteqralı üsulu" adlı fundamental monoqrafiyasında 1950-1962-ci illər arası çıxıqlar və kontur inteqralı üsullarının işlənib hazırlanması zamanı alınan nəticələr öz əksini tapmışdır. Monoqrafiyanın redaktoru prof. A.İ.İvanov öz rəyində yazır: "Məcid Lətif oğlu Rəsulovun monoqrafiyası riyazi ədəbiyyatda müstəsna bir hadisədir. Dünya mətbuatında buna bənzər bir kitab yoxdur. Azərbaycanın riyazi cəmiyyəti belə bir işin Azərbaycan (Bakı) Dövlət Universitetində yazılması ilə fəxr edə bilər". Bu monoqrafiya işıq üzü görən kimi, onun müəllifi tətbiqdə rast gəlinən bir sıra vacib riyazi fizika tənliklərinin həlli ilə bağli işləyib hazırladığı üsullar haqqında mühazirələr oxumaq üçün Moskvaya dəvət alır. O, 1964-cü ildə ümumittifaq "Bilik" cəmiyyətinin mərkəzi lektoriyasında "Riyazi fizika tənliklərinin həllinin çıxıqlar üsulu" mövzusunda mühazirə oxuyur. 1965-ci ilin yanvarında isə "Çıxıqlar üsulu və kontur inteqralı üsulu" adlı yeddi silsilə mühazirə ilə çıxış edir.
1967-ci ildə "Kontur inteqralı üsulu" monoqrafiyası İngiltərə Kral Riyaziyyat Cəmiyyətinin sifarişi ilə ingilis dilinə tərcümə olunur və Hollandiyada, Amerika Birləşmiş Ştatlarında, Kanadada çap olunur. Qeyd edək ki, bununla da o, xaricdə monoqrafiyası çap olunan ilk azərbaycanlı riyaziyyatçı olur.
M.L.Rəsulovun ikitərtibli parabolik sistemlər üçün məsələlərin həllinə kontur inteqralı üsulunun tətbiqinə həsr olunmuş "İkinci tərtib parabolik sistemlər üçün məsələlərə kontur inteqralı üsulunun tətbiqi" adlı monoqrafiyası 1975-ci ildə Moskvada, SSRİ EA-nın "Nauka" nəşriyyatinda çap edilmişdir. Bakıda, Azərb. SSRİ EA-nın "Elm" nəşriyyatında M.L.Rəsulovun 1989-cu ildə nəşr olunmuş "Çıxıqlar üsulunun diferensial tənliklər üçün məsələlərin həllinə tətbiqi" adlı üçüncü monoqrafiyası çıxıqlar üsulunun inkişafına həsr olunmuşdur. Akademik M.L.Rəsulovun rəhbərliyi altında 20-dən çox namizədlik və doktorluq dissertasiyaları yazılmış və müdafiə edilmişdir. O, bir çox orden və medallarla təltif edilmiş və ona 1989-cu ildə "Azərbaycan SSR Əməkdar Elm xadimi" fəxri adı verilmişdir.
Akademik Məcid Lətif oğlu Rəsulov 1993-cü il fevral ayının 11-də 77 yaşında Bakıda vəfat edib.[1][2][3][4][5][6]