Kulturbolşevizm və ya mədəni bolşevizm (alm. Kulturbolschewismus) — alman mədəniyyətində alman milli ruhuna zərərli və nasional sosializm ideologiyasına uyğun olaraq alman dövlətinə düşmən hesab edilən cərəyanları bolşevizmin və Oktyabr inqilabının təxribatçı təsiri ilə əlaqələndirən termin.
1920-ci illərdə Almaniyanın sağçı burjua dairələrində yaranmış və 1929-cu ildə dünya iqtisadi böhranının başlaması ilə alman cəmiyyətində geniş yayılmışdır.[1] Bu, nasistlər tərəfindən 1933-cü ildən hakimiyyətə gəldikdən sonra bədii avanqard və modernizmi yatırmaq, sonradan bu cür sənətkarları təqib etmək üçün fəal şəkildə istifadə olunmuşdur. "Baubolschewismus" (tikintidə bolşevizm), "Kunstbolschewismus" (incəsənətdə bolşevizm) terminləri də istifadə edilmişdir. Təsviri incəsənətdə bunun sinonimi "Entartete Kunst" (degeneratuv incəsənət), musiqidə isə "Entartete Musik" (degenerativ musiqi) termini idi. 1930–1950-ci illərdə SSRİ-də, daha sonra isə 1950-ci illərdə müharibədən sonra formalaşmış sosialist ölkələrində oxşar rolu " burjua formalizmi" termini oynamışdır.[2]