Məhəmməd Pişnamazzadə (Şəki)

Axund Fərəcullah Pişnamazzadə (1870, Nuxa1952, Bakı) — axund.

Məhəmməd Pişnamazzadə
Doğum tarixi 1870
Doğum yeri
Vəfat tarixi 1952
Vəfat yeri

Fərəcullah Pişnamazzadə 1870-ci ilin mart ayında novruz bayramı günü Şəkidə anadan olmuşdur. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Atası Axund Molla Zeynalabdin Molla Məhəmməd oğlu, anası Kafiyə xanım Mirməhəmməd qızı olmuşdur. Fərəcullanın 14 yaşı olanda atası vəfat etmiş, böyük qardaşı Molla Cabbarın himayəsində qalmışdır. İbtidai təhsilini Şəkidə aldıqdan sonra təhsilini Təbrizdə almışdır. 4 il Təbrizdə təhsil aldıqdan sonra o, İraqa gedərək Nəcəf və Kərbalada yüksək səviyyəli mədrəsə təhsili görmüşdür. Daha sonra Tehranda ali dini təhsilə yiyələnən Pişnamazzadə İran şahının sarayında çalışan Həsənxan adlı məmurun qızı Rübabə xanımla evlənmişdir.XIX əsrin sonu XX əsrin əvvəllərində bütün islam ölkələrində olduğu kimi Azərbaycanda da dinimiz mövhumat bataqlığında çabalayırdı. Məzhəblər arasında olan düşmənçilik gündən-günə dərinləşirdi. İstər çar hökuməti, istərsə də sovet hökuməti bu təfriqədən xalqı istismar etmək üçün istifadə edirdilər. Molla Nəsrəddin yazırdı: “Azərbaycanda bu pis adəti götürməyə qadir olan bir şəxs varsa, o da Şeyx Fərəculla Pişnamazzadədir. Onun məzhəb sahəsindəki fəaliyyəti Şəkidə sünni şiyə məsələsinin zəifləməsinə səbəb olub”. Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Şəkidə cəmiyyət arasında ziddiyyətlər yaradıb və bununla da Cümhuriyyətin nüfuzunu sarsıtmaq istəyən bədniyyətli qüvvələr var idi. Onlar öz istəklərinə çatmaq üçün məzhəblər arasına nifaq toxumu səpirdilər. Belə bir təhlükəli əməllərin qarşısını almaq üçün Pişnamazzadə yalnız təbliğat aparmaqla kifayətlənmir, dini icma başçısı kimi digər dini rəhbər, öz mütərəqqi baxışlarına görə yalnız Şəkidə deyil, bütün Azərbaycanda tanınan Nurməmməd Əfəndi ilə dostluq əlaqəsi saxlayırdı. Onları bir-birinə bağlayan əsas tel xalq, vətən sevgisindən qaynaqlanan əqidə dostluğu idi. Qəlblərində Allah sevgisi gəzdirən bu din xadimlərinin istək və hörmət üzərində qurulan dostluq münasibətləri insanlara xoş ovqat bəxş etdirdi. Pişnamazzadə bir dəfə cümə məscidində öz əmmaməsini Nurməmməd Əfəndinin başına, onun əmmaməsini isə öz başına qoyaraq möminlərin təəccüblü baxışları altında elan etdi ki, bu andan etibarən mən qonşu dini icmaya mənsub cavanların, Nurməmməd Əfəndi isə bizim icmanın cavanlarının kəbinlərini kəsəcəkdir. Pişnamazzadə dinimiz içərisində olan xurafatı hər yerdə pisləyir, xalqa islam dinini elmi yollarla öyrənməyinə tövsiyə edirdi. O, Aşura günündə baş yarmağın, zəncir vurmağın əleyhinə çıxır, hüzr yerində olan israfçılığı pisləyirdi. Onun dini görüşlərini və intellektual səviyyəsini böyük rus yazıçısı Qraf Tolstoy da çox yüksək qiymətləndirmişdir.Tolostoyla məktublaşdığı zaman Qraf məktubu aparan Şəkili tacirə belə deyib: “Mən yatmışdım, sizin şeyxiniz məni yuxudan oyatdı, o mənə başa saldı ki, sənin cismin kilsədən çıxsa da ruhun, fikrin kilsədədir. Əks təqdirdə Dinin bu incəlikləri ilə maraqlanmazdım”. Pişnamazzadənin məktublarından məmnun qalan Tolstoy ona öz şəklini göndərmişdir. 1920-ci il apreldə “Qırmızı vəba” Bakıda AXC hökumətini devirdikdən sonra Azərbaycanın digər bölgələrinə, həmçinin Şəkiyə yayılmağa başladı. 11-ci qırmızı ordunun işğalçı dəstələri Şəkiyə girəndə iyun ayının ortaları, yayın isti günləri idi. Əksəriyyəti rus və ermənilərdən ibarət əsgərlər evlərə soxulur, qarət və zorakılıqla məşğul olurdular. AXC-nin nümayəndələri Müsavat partiyasının üzvləri, bəylər, ağalar və din xadimləri təqib olunmağa başladı. Bu dövrdə Şəki inqilab komitəsinə öz qəddarlığı və satqınlığı ilə yaddaşlara həkk olunan Abid Əfəndiyev, xüsusi şöbəyə isə Peterburqdan göndərilən polkovnik Qonkin başçılıq edirdi. Bəylərdən, ağalardan, din xadimlərindən kimi inqilab komitəsinə və ya xüsusi şöbəyə çağırıldısa, bir daha geri qayıtmadı. Bir gün Pişnamazzadəni də inqilab komitəsinə çağırdılar. Öz vəsiyyətini etdikdən sonra yaxınlarına tapşırdı ki, “doktor” Nərimanın yanına adam göndərərək onu bu işdən agah etsinlər. Pişnamazzadənin inqilab komitəsinə çağırıldığı vaxt həyat yoldaşı Rübabə xanım əlacı olmayan qıc xəstəliyinə tutuldu. Axund Fərəcullah faytonda inqilab komitəsinə gedərkən “axund cihad elan et” deyə camaat qışqırırdı. İnqilab komitəsində axundu Abid Əfəndiyevin yanına aparırlar. Bolşevik Abid soruşur: - İnqilab qarşısında törətdiyin cəmiyyətlərdən xəbərin varmı? Sən işğalçı türk ordusunun sərkərdələrindən biri olan Nuru paşanı Şəkidə dəbdəbə ilə qarşılamısan. Axund: - Doğru buyurursunuz, deyə cavab verir. Əfəndiyev: - Xilaskarı “11-ci qızıl ordu” barəsində isə bir kəlmədə olsun xoş söz deməmisən. - O da doğrudur deyə Axund cavab verir. Əfəndiyev: - Hələ bolşeviklər haqqında üstü örtülü “Allahı tanımayanlar”, “Belələri özlərini xalq içində ifşa edəcəklər” kimi sözlər işlətmisən. Axund sədrin sözlərini təsdiqləyib deyir: -Həqiqətən demişəm. Bu gecə şəhid olacağımı bilirəm. - Ömrünün sonuna çatdığından qorxmursan? Deyə sədr sual hücumunu davam etdirir. - Şəhid olmaq işğalçılara nökərçilik etməkdən yaxşıdır deyərək Axund cavab verir. Abid Əfəndiyev tam başa düşürdü ki, Axund Fərəcullahın əqidəsini qıra bilməyəcək. Pişnamazzadəni xüsusi şöbəyə Qonkinin yanına göndərirlər. Əli qana bulaşmış Qonkin heç kəsə rəhm etmir, əlinə keçəni sağ buraxmırdı. Pişnamazzadə otağa daxil olanda polkovnik Qonkin belindəki mauzer tapancasını qoburdan çıxardıb stolun üstünə qoyur.Axund Qonkinə deyir ki, tapancanı nahaq çıxardın. Polkovnik “niyə”?sini soruşanda: - Əvvəla, ona görə ki, mən silahlı deyiləm. Şərqdə silahsız adamın üstünə silah kəçmək namərdlik sayılır. İkincisi, mən müqavimət göstərmirəm. Dinc adama qarşı zorakılıq işlətmək cəhdi isə ağıllı adama yaraşmaz. Üçüncüsü, insanın inamını silah gücünə qırmaq olmaz. Mənim inamım nəyədirsə, ömrümün axırına qədər belə olacaq. Bu sözləri eşidən Qonkin tez tapancanı qobura qoyur. Pişnamazzadəni Nurməmməd Əfəndi ilə birlikdə qazamata salırlar. Səhəri gün Fərəcullah Pişnamazzadənin tez buraxılması haqda əmr məktubu gəlir. Qazamatdan çıxan zaman o, Nurməmməd Əfəndinin qazamatdan buraxılmasını təkid edir. Axundun təkidi nəticə verir. Onların ikisi də azadlığa buraxılırlar. Sovet hakimiyyəti nə qədər dözülməz olsa da, Axund yenə də dinin sirlərini yaxınlarına təbliğ edir, xalqın savadlanması üçün səylər göstərir. Pişnamazzadənin bir çox din adamlarından fərqi, onun xurafata uymaması, din ilə birlikdə müxtəlif elmlərlə maraqlanması idi. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Qafqazda ilk dəfə məktəblərdən birini Axund Fərəcullah Pişnamazzadə açmışdır və özü bu məktəbdə cəbr, həndəsə, astronomiya, xalq təbabətini tədris etmişdir. Pişnamazzadə ömrünün qoca vaxtını Bakıda yaşamışdır. O, Qafqaz ruhani idarəsinin sədri Şeyxülislam Hacı Əlizadə ilə dostluq edirdi. Pişnamazzadənin ən böyük arzusu Həcc ziyarətinə getmək idi. Nə qədər qəribə görünsə də, əvvəl Axundu güllələmək istəyən hökumət onu Həcc ziyarətinə göndərdi. 1945-ci ildə Axund Fərəcullah Məkkəyə Həcc ziyarətinə getdi və Hacı olaraq vətənə döndü. Axundun ən böyük arzularından biri də məscid tikdirib, orada dinimizi təbliğ etmək idi. Lakin bu arzusuna çata bilmədi. O, Bakıda Cümə məscidinə uzun müddət imamlıq etmişdir. Axun Fərəcullah Pişnamazzadə 1952-ci il aprelin 11-də Bakı şəhərində vəfat etmişdir.

N.Nərimanov məşhur din xadimi Axund Fərəcullah Pişnamazzadəni həbsdən azad etmişdir. A.F.Pişnamazzadənin nəticəsi Leyla Əliyevanın təqdim etdiyi sənəd "İttiham işi №163" adlanır. Bu sənədə əsasən, XI Qırmızı ordunun hərbi-inqilabi tribunalı üç nəfərdən ibarət idi: milliyətcə rus olan Volkov Dmitri, Kovalyov Boris və milliyətcə erməni olan Petrosov Sergey. Həmin "İttiham"a əsasən, həbs olunanların arasında üç nəfər İslam din xadimi var idi: Axund Fərəcullah Pişnamazzadə, Nurməmməd Əfəndi İmamzadə, Molla Əhməd Hacı Nəbi oğlu. Bunların üçü də bəraət qazanmışlar. A.F.Pişnamazzadənin qızı Məqbulə Pişnamazzadənin söylədiyindən məlum olur ki, onların bəraət alması xahişi ilə A.F.Pişnamazzadə öz bacısı oğlu Əlinin vasitəsi ilə N.Nərimanova məktub göndərmişdir. O, məktubu corabın içində gizlədərək Bakıya N.Nərimanovun yanına gəlmişdir. Məktubda Pişnamazzadə etiraf edir ki, o həqiqətən də İslam dinin təbliği ilə məşğul olmuşdur və bunu günah bilmədiyindən özünün azad olunmağını xahiş edir. N.Nərimanov dərhal D.Volkova məktub yazaraq Pşnamazzadənin azad olunması məsələsini qoymuş və buna nail olmuşdur. Qeyd etmək lazımdır ki, həmin "İttiham"a görə məhbuslara işgəncə verdiyinə və onların əmlakını mənimsdiklərinə görə iki erməni də cəza almışdı. Onlardan Ambarsum Simonyans beş il müddətinə, Arşaq Navasartyans isə on beş il müddətinə həbs olunmuşdu. (352, iyun 1990-cı il). Bəzi mənbələrdə N.Nərimanovla A.F.Pişnamazzadənin görüşü haqda da məlumatlar vardır. (63, 24 fevral 1995-ci il, №5) [1]

  1. Həsən Həsənov N.Nərimanovun Milli Dövlətçilik Baxışları və fəaliyyəti. Bakı, 2005. Səh.118-119.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]