Axund Məhəmməd Əli oğlu Pişnamazzadə (15 may 1853, Yelizavetpol, Tiflis quberniyası – 1938, Kirovabad) – Zaqafqaziya şeyxülislamı, axund.
Məhəmmədəli Pişnamazzadə | |
---|---|
fars. محمد پیشنماززاده | |
Qafqazın VII şeyxülislamı | |
1909 (şeyxülislam əvəzi)/1915 (rəsmən) – 11 dekabr 1918 | |
Əvvəlki | Məhəmməd Mövlazadə |
Sonrakı | Ağa Əlizadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 may 1853 |
Doğum yeri | |
Vəfat tarixi | 1938 |
Vəfat yeri | |
Dini | şiəlik |
Məhəmməd Əli oğlu 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə cümə məscidinə axund təyin olunmuş, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanmışdır. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur.
1896-cı ildə "Məktəbül-Xeyriyyə"ni (Xeyriyyə məktəbi) təşkil etmişdi. "Məktəbül-Xeyriyyə" 1900-cü ilə kimi milli məktəb formasında fəaliyyət göstərib, sonra rus-müsəlman məktəbinə çevrilib.[1] Məktəbin milli məktəb formasından çıxmasının səbəbi Axund Molla Məhəmməd Pişnamazzadənin həbs olunub, sürgünə göndərilməsi ilə bağlı idi. Axund Molla Məhəmməd Pişnamazzadə yeni tipli, "Üsuli-Cədid" məktəblərinin tərəfdarı idi. 1909-cu ildə rəsmi olaraq həmin məktəblərin icazəsini alır. Gəncə və Gəncə ətrafında yeni tipli məktəblər açdırır (Gəncə, Çobanabdallı, Borsunlu, Aşağı Ayıblı, Morul, Qarabağlar, Qazax, Sarıtəpə, Əhmədbəyli, Qovlarsarı).[2]
1890-cı ilin dekabr ayında Axund Məhəmməd Əli oğlunun yaşadığı evdə polis tərəfindən axtarış aparılır, Türkiyə və İran hökumətləri əlaqə saxlamaqda günahlandırılır. Axund Məhəmməd və 37 nəfər azərbaycanlı həbs olunur. Türkistana sürgünə göndərilir. 1892-ci ildə əfv edilib, vətənə qayıdırlar. 1906-cı ildə Məhəmməd Pişnamazzadənin evində təkrar axtarış aparılır. Onun otağında "Difai" Partiyasına məxsus sənədlər ələ keçirilir. Axund ikinci dəfə həbsə atılıb Kazana sürgün edilir. Sürgün vaxtı da Həştərxanda nəşr olunan "Həmiyyət", "Günəş", "Burhani-tərəqqi" kimi qəzetlərdə məqalələrlə çıxış edir, müsəlman qızların təhsilə yiyələnmələrinin vacibliyindən xüsusi söhbətlər açırdı.[2] 1909-cu ildə Axundun sürgün vaxtı bitdiyindən o, Tiflisə köçür və həmin il iyulun 20-də Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin sədri seçilir.
1914-cü ilin noyabrında çar II Nikolay Tiflisdə olarkən həm şiə, həm də sünni məscidlərinə gedərək, müvafiq olaraq Şeyxülislam Məhəmmədəli Pişnamazzadə və Müfti Hüseyn Əfəndi Qayıbovla görüşmüş, onların çıxışlarını dinləmiş və onların simasında bütün müsəlmanları salamlamışdı.
1915-ci ilin yanvarın 14-də Daxili İşlər İdarəsinin təqdimatına əsasən imperator artıq 6 il şeyxülislam vəzifəsini icra etməkdə olan Məhəmmədəli Pişnamazzadəni Zaqafqaziya Şiə Ruhani İdarəsinin sədri və Zaqafqaziya Şeyxülislamı vəzifəsini təsdiqləyir. 1917-ci ilin fevral inqilabı dövründə Gəncə Müsəlman Komitəsində idi.[3]
1918-ci ilin may ayının 28-də Tiflisdə Milli Şura Azərbaycan Xalq Cumhuriyyətinin yarandığını bəyan edir. Azərbaycan hökuməti suveren dövlət kimi fəaliyyətə başlayır. Bu zaman Qafqaz şiə və Sünni Ruhani İdarələri də bu şəhərdə yerləşirdilər.
Müfti Hüseyn Qayıbzadə 1917-ci ildə vəfat etdiyindən və bu, çar Rusiyanın dağıldığı illərə təsadüf etdiyindən yerinə yeni müfti təyin edilməmişdi. Müftinin vəzifəsini Mustafa Əfəndizadə icra edirdi. 1918-ci il sentyabrın 1-də onlar könüllü olaraq "Məşixə" deyilən vahid orqanda birləşmək qərarına gəldilər. Məşixəyə şeyxülislam və müfti ilə birlikdə 31 ruhani-16 şiə və 15 sünni qazısı daxil oldu. Bununla da müsəlmanların dini işlərinin idarə edilməsində ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yarandı. Şeyxülislam idarənin rəhbəri, Qafqaz müsəlmanlarının ruhani başçısı, müfti isə onun müavini oldu.
1918-ci ilin oktyabrın 30-da Seyxülislam Pişnamazzadənin imzası ilə hökumətə 367 N-li təkliflər məktubu ünvanlamışdı. Həmin təkliflər 4 bölmədən ibarət idi:
Məhəmməd Pişnamazzadənin məktubuna uzun müddət cavab verilmədi. Həmin dövrdə, Məhəmməd Pişnamazzadə Zaqafqaz Şeyxülsiflamı ünvanı ilə Osmanlı hökumətinə yazdığı məktubda müraciətlə deyir:
Səadətli Paşa həzrətləri! 1334-cü ilin (1918) may ayının axırında Osmanlı dövlətinin siyasətinə görə Cənubi Qafqaz Türkləri müstəqil bir Azərbaycan dövlətinin elan etmək məcburiyyətindəymişlər.
Halbuki müstəqilliyin elanından əvvəl xalqımızın əhval-ruhiyyəsi haqqında Cənubi Qafqazın müxtəlif bölgələrindən imzalar toplayaraq nəinki Camal Paşa vasitəsilə sizə məktub təqdim etmiş, hətta teleqraf da göndərmişdik. Bununla bərabər sülh müzakirələrinin uzandığını və Bolşevik zülmünün artdığını görüb anlayaraq millətin nümayəndəsi olaraq özünün müsəlman və türk olduğunu qəbul edən xalqımızın öz türk qardaşlarına ilhaqdan başqa heç bir şeyi tanımayacağı kimi bunun üçün bütün mövcudiyyəti ilə hər şeyini fəda etməyə hazır olduğunu, əks halda anarxiyanın qarşısının heç bir halda alına bilməyəcəyini demək məcburiyyətində olduğumuzu Vəhib Paşa həzrətlərinə ikinci dəfə bir ərizə ilə demişdik. Lakin nədənsə hökumətə, daha doğrusu özünü hökumət elan etmiş olanlara etimadımız olmadığından, xalqı ilhaqa qarşı, müstəqil ola biləcəyinə inandırmaq təhlükəsinin olduğunu deməkdən özümüzü saxlaya bilmədik. Bu halda fərman sizindir. 8 iyul 1334 (1918) Zaqafqaz Şeyxülislamı axund Məhəmməd Pişnamazzadə İmzalar: Əbdülqədir İsmayıl Əfəndizadə Şəkili Yaqub Səfərəlioğlu Şəkili Bayram Niyazi Kiçikxanzadə Zaqatalalı İsmayıl İsmayılzadə Gəncəli Hacı Bəhlul İbrahimov Gəncəli Həsən Hacımustafaoğlu Adıgözəlov[4] |
İrəli sürülən təkliflər yalnız 1920-ci ilin martında hökumətin geniş müzakirəsinə çıxarıldı ki, artıq bu vaxt Məhəmməd Pişnamazzadə istefa vermiş və onun yerinə Ağa Əlizadə şeyxülislam təyin edilmişdi.[2]
1918-ci il dekabrın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri və Şeyxülislamlıq vəzifəsindən səhhətində yaranan problemlərə görə istefa verdi və öz fəaliyyətini Gəncə Cümə məscidinin axundu kimi davam etdirmişdir.[5]
1920-ci ilin 28 aprelində bolşeviklər Azərbaycanı işğal etdilər. Məhəmmədəli Pişnamazzadə bu dəfə "Şura" adıyla gələn rusların növbəti təqibinə məruz qalır və az keçmir ki, həbs olunur. N. Nərimanov bu haqda məlumat alan kimi Şeyxin azad olunmasını əmr edir və onun Azərbaycan xalqının maariflənməsində böyük xidmətləri olduğunu söyləyir.
N. Nərimanovun ölümündən sonra Axund yenidən müxtəliq təqib və təzyiqlərə məruz qalır.
Axund Məhəmməd Pişnamazzadə 1932-ci ildə 79 yaşında vəfat edir. Gəncədə İmamzadə qəbristanlığında dəfn olunmuşdur.