Məmməd Cəfərov (professor)

Məmməd Cəfərov (Cəfərov Məmməd Xanhüseyn oğlu; d. 1957. Qaçaqkənd, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ) — Rusiya alimi; K.İ.Skryabin adına Moskva Dövlət Veterinar Təbabət və Biotexnologiya Akademiyasının parazitologiya və heyvanların invazion xəstəlikləri kafedrasının professoru.

Məmməd Cəfərov
Cəfərov Məmməd Xanhüseyn oğlu
Doğum tarixi (67 yaş)
Doğum yeri Qaçaqkənd, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Elmi adı professor
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti

Cəfərov Məmməd Xanhüseyn oğlu 1957-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub. 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini “kimya” ixtisası üzrə əla qiymətlərlə bitirib. Elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fiziki Kimya və Kataliz İnstitutunun məqsədli aspiranturasına qəbul olunub və aspirantura təhsilinin bütün dövrü üçün SSRİ Elmlər Akademiyasının Fizioloji Aktiv Maddələr İnstitutunun təbii maddələrin tədqiqinin struktur və nəzəri yolları laboratoriyasına göndərilib.

M.Cəfərov 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyası M.M.Şemyakin adına Bioüzvi Kimya İnstitutunun steroidlər kimyası laboratoriyasında təcrübə keçib. 1988-ci ildə kimya elmləri namizədi elmi dərəcəsini almaq üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsində “C/D bağlanmasının “ikimərkəzli dövretmə” vasitəsilə steroidlərin izomerləşməsinin rentgenostruktur tədqiqi” mövzusunda dissertasiya müdafiə edib.[1]

1986-1991-ci illərdə elmi işçi vəzifəsində çalışıb. 1990-cı illərdə müxtəlif təşkilatlarda konsultant, kommersiya bölməsinin rəhbəri işləyib, LBO monokristallarının istehsalı və kardiotonik steroidlərin tam sintezi üzrə laboratoriya yaradıb.

M.Cəfərov 2005-ci ildən K.İ.Skryabin adına Moskva Dövlət Veterinar Təbabət və Biotexnologiya Akademiyasının üzvi və bioloji kimya kafedrasında dosent işləyib, 2014-cü ildən isə həmin akademiyanın parazitologiya və heyvanların invazion xəstəlikləri kafedrasının professorudur. Eyni vaxtda НТС-nin üzvü olub, “Elmi-mühəndislik problemləri mərkəzi” RİT-də biotexnologiyalar və əczaçılıq şöbəsinin rəisi, Rusiya Elmlər Akademiyası N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun aparıcı elmi işçisidir.

Hazırda geniş təsir spektri olan yeni veterinar və dərman vasitələrinin hazırlanması üzərində işləyir.

M.Cəfərov 65-dən çox elmi və tədris-metodik işlərin, o cümlədən “Steroidlər. Quruluşu, alınması, xüsusiyyətləri və bioloji əhəmiyyəti, təbabətdə və baytarlıqda tətbiqi” (S.Y.Zaytsevin və V.İ.Maksimovun həmmüəllifliyi ilə, 2010) dərs vəsaitinin müəllifidir. Bu kitab yazılarkən müəllif steroidlərin kimya və biologiyasını yığcam və anlaşıqlı dildə verməyə çalışıb, təbiətin steroid birləşmələrinin tibbdə, baytarlıqda, habelə kənd təsərrüfatında əhəmiyyətini göstərməyə çalışıb. Bundan başqa, M.Cəfərov ixtiralarına görə 4 patentin sahibidir.

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.