Məmməd Yəhya oğlu Nəsirov (5 mart 1939, Ulacalı, Sabirabad rayonu) — tibb üzrə professor, ali dərəcəli cərrah.
Məmməd Yəhya oğlu Nəsirov 1939-cu il mart ayının 5-də Azərbaycan SSR, Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və həmin institutu 1962-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1958-ci ildə, hələ tələbə ikən Komsomol Komitəsinin göndərişi ilə xam torpaqlara işləməyə göndərilmiş və sonda Qazaxıstan SSR Komsomol Komitəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
- 1960–1962-ci illərdə təhsilini davam etdirməklə yanaşı 2 N-li Bakı Şəhər Klinik xəstəxanasında feldşer kimi işləmişdir.
- 1962-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra M. Y. Nəsirov Türkmənistan SSR-in Krasnovodsk şəhərinə təyinatla işələməyə göndərilmiş və orada 1967-ci ilə kimi cərrah-ordinator, sonra isə şöbə müdiri kimi çalışmışdır.
- 1962–1967-ci illər ərzində praktiki fəaliyyəti ilə yanaşı o, Türkmənistan SSR Krasnovodsk şəhərinin Tibb məktəbində müəllim işləməklə həm də pedaqoji fəaliyyət göstərmişdir.
- M. Y. Nəsirovun elmi fəaliyyəti 1967-ci ildən başlanmışdır. Həmin il Azərbaycan SSR Elmi-Tədqiqat Klinik və Eksperimental Təbabət İnstitutuna konkurs elan olunarkən o, adı çəkilən institutun kiçik elmi işçi vəzifəsinə təyin olunmuşdur. 1970-ci ildə "Fibrinolizin-heparin kompleksinin regionar perfuziya metodu ilə aşağı ətraf magistral venalarının kəskin tromboflebitinin müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
- M. Y. Nəsirovun elmi işləri aşağı ətrafların magistral venalarının kəskin trombozlarında regionar süni qan dövranının tətbiqi məsələlərinə həsr olunmuşdur. Onun tərəfindən aşağı ətraf magistral venalarının kəskin trombozunun orijinal modeli işlənib hazırlanmışdır. Eksperimental tədqiqatlar əsasında o sübut etmişdir ki, regionar süni qan dövrını təzə trombla zədələnmiş aşağı ətraflarda fibrinolizin və heparinin yüksək konsentrasiyasını yaratmaqla trombun tez bir zamanda lizisinə səbəb olur, posttrombotik sindromun inkişafının qarşısını alır və müalicə müddətini azaldır.
- 1973-cü ilin fevral ayında M. Y. Nəsirov konkurs əsasında I Hospital cərrahiyyəsi kafedrasının assistenti, 1984-cü ildə dosenti, 1987-ci ilin aprel ayında isə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun həmin kafedrasının professoru seçilmişdir. 1991-ci ildə Azərbaycan Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasının müdiri seçilmiş və hal-hazırda həmin vəzifədə çalışır.
- Elmi-pedaqoji və təcrübi fəaliyyəti ilə birgə həm də təşkilati işlərlə də müvəffəqiyyətlə məşğul olmuşdur. 1967–1977-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında cərrahiyyə üzrə attestasiya komissiyasının elmi katibi olmuşdur. 1980–1982-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1987–1988-ci illərdə isə II müalicə-profilaktika fakültəsinin dekanı vəzifəsində işləmişdir. 1995–1997-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş cərrahı işləmişdir. 1996-cı ildə Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsinə təyin olunmuş və hal-hazırda həmin vəzifədə işləyir.
- 1977–1979-cu illərdə Əlcəzair Xalq-Demokratik Respublikasında cərrah işləmişdir. Praktiki fəaliyyəti ilə yanaşı həm təşkilati (ƏXDR-nın Ənnaba şəhərində Sovet tibbi missiyasına rəhbərlik etmişdir), həm də pedaqoji (Universitetin tibb fakültəsində fransız dilində dərs demişdir) fəaliyyət göstərmişdir.
- 1 fevral 1982-ci ildə "Onkoloji xəstələrdə irinli-iltihabi ağırlaşmalar problemi və mikrob əleyhinə tikiş materialı" mövzusunda doktorluq dissertasiyası üzərində işləmək üçün Moskva şəhərinə, SSRİ TEA-nın Ümumittifaq Onkoloji Elmi Mərkəzinə ezam olunmuş və 1986-cı ildə dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir.
- M. Y. Nəsirov ali dərəcəli cərrahdır və klinik işləri müvəffəqiyyətlə elmi işlərin təşkili ilə əlaqələndirir.
- Professor M. Y. Nəsirov 1993–1996-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Tibb və Biologiya üzrə Elm və Texnika Komitəsi Elmi Şurasının həmsədri, 1994–2000-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri, 1994–1997-ci illərdə Azərbaycan Tibb Universitetində doktorluq dissertasiyası üzrə ixtisaslaşmış Elmi Şuranın həmsədri müavini işləmişdir.
- Rusiya Federasiyası, Fransa, Türkiyə, Orta Asiya Respublikaları və Qazaxıstan alimləri ilə yaxından əməkdaşlıq edir.
- Professor M. Y. Nəsirovun elmi fəaliyyəti praktiki səhiyyənin geniş aspektlərini damar cərrahiyyəsini, şəkərli diabetin irinli-nekrotik ağırlaşmalarını, qaraciyər və öd yolları cərrahiyyəsini və endokrin cərrahiyyəni əhatə edir. Onun tərəfindən cərrahiyyə praktikasına süni qan dövranına, qaraciyər cərrahiyyəsinə, həmçinin şəkərli diabetin irinli-nekrotik ağırlaşmaları zamanı dəri köçürülməsinə və s. dair yeni orijinal metodlar işlənilmiş və daxil edilmişdir.
- Son 30 il ərzində prof. M. Y. Nəsirov mədə-bağırsaq traktının, qaraciyərin, qalxanabənzər vəzin cərrahiyyəsi, şəkərli diabetin irinli-iltihabi ağırlaşmaları, hərbi-səhra cərrahiyyəsi məsələləri ilə aktiv məşğul olmuşdur. Əməkdaşlarla birlikdə aparılan elmi işlərin nəticələri klinik praktikaya bir sıra xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasının yeni üsullarını daxil etməyə imkan vermişdir. Onun tərəfindən ödün intraoperasion xromatik ekspress reaksiya ilə in vivo təyini, onikibarmaq bağırsaq güdülünün işlənilmə üsulu, enteral zondla qidalanma üçün yeni tərkib, peritonitli xəstələrdə endolimfatik metodlarla müalicə və şəkərli diabetin irinli-nekrotik ağırlaşmalarında dəri köçürülməsi işlənib hazırlanmışdır.
- Professor M. Y. Nəsirov 200-dən artıq elmi işin, o cümlədən Tibb Universitetinin tələbələri, Həkimləri Təkmilləşdirmə İnstitutunun dinləyiciləri və praktiki cərrahlar üçün yazılmış "Hərbi-səhra cərrahiyyəsi" dərsliyinin müəllifidir. Bu kitab problemin müasir vəziyyətini tamamilə əks etdirir. Professor M. Y. Nəsirov həmçinin 3 monoqrafiyanın, 1 patentin, 12 səmərələşdirici təklifin, 13 metodik göstərişin müəllifidir. Onun rəhbərliyi altında ümumi və təxirəsalınmaz cərrahiyyənin problemlərinə həsr olunmuş əsərlər toplusu dərc olunmuşdur. Onun tərəfindən tərtib və nəşr olunmuş "Azərbaycanca-ingiliscə-rusca tibbi danışıq kitabı"nın bu sahədə dəyərli əsərdir.
- Professor M. Y. Nəsirovun rəhbərliyi altında 5 doktorluq, 11 namizədlik dissertasiyası həyata keçirilmişdir.
- Prof. M. Y. Nəsirov müxtəlif illərdə Azərbaycan tibb elmini dünyanın müxtəlif şəhərlərində-Daşkəntdə(1969,2000), Leninqradda (1972), Permdə (1972), Alma-Atada (1972,1998), Ənnabada (Əlcəzair Xalq-Demokratik Respublikası, 1978,1979), Moskvada (1971,1984,1989,1993), İstambulda (1994,1995). İzmirdə (1997). Osloda (1995). Vitebskdə (1996), Belqradda (1996), Kiyevdə (1997), Odessada (1996,1998), Tbilisidə (1999), Bakıda (1998,2003), İsveçdə (2004) keçirilən beynəlxalq və regional konfranslarda tərənnüm etmişdir.
- Prof. M. Y. Nəsirov 1997-ci ildə travmalar və təxirəsalınmaz cərrahiyyə sahəsində proqressiv elmi tədqiqatlar və elmi biliklərin inkişafındakı nailiyyətlərinə görə Avropa Cərrahlar Assosiasiyasının üzvü seçilmişdir.
- 2000-ci ildə ona əməkdar elm xadimi fəxri adı verilmişdir.
- 2001-ci ildən professor M. Y. Nəsirov Azərbaycan Respublikasının tanınmış alimlərinin siyahısına daxil edilmişdir.
- Prof. M. Y. Nəsirov "Azərbaycan Tibb Jurnalı"nın redaksiya şurasının, "Cərrahiyyə və qastroenterologiya", "Kimya, Biologiya, Tibb"jurnallırının redaksiya şeyətinin üzvüdür.
- Professor M. Y. Nəsirov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, SSRİ, Əlcəzair Xalq-Demokritik Respublikası Səhiyyə Nazirliklərinin Fəxri Fərmanlarıı ilə təltif olunmuşdur. Ona1979-cu ildə "SSRİ Səhiyyəsi Əlaçısı" adı verilmişdir.