Məmmədtağı Dadaşov (tam adı:Məmmədtağı Teymur oğlu Dadaşov; d.1899, Bakı - ö.?) — Praporşik, dövlət xadimi.
Məmmədtağı Dadaşov | |
---|---|
Məmmədtağı Teymur oğlu Dadaşov | |
noyabr 1919-cu il – fevral 1920-ci il | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Həyat yoldaşı | Həbibə Dadaşova |
1899-cu ildə Bakı şəhərində anadan olmuşdu. Uşaq yaşlarından çevikliyi və ciddiliyi ilə seçilən Məmmədtağı müstəqil Azərbaycan Respublikası dövründə fəaliyyətə başlamış, hərbi yunkerlər məktəbinə daxil olmuş və həmin məktəbi praporşik rütbəsi ilə başa vurduqdan sonra bir müddət milli ordu sıralarında xidmət etmişdi Dadaşov 1932-ci il yanvarın 1-də verdiyi ifadəsində bildirirdi ki, “1918-ci ildə “Müsavat” yunker məktəbini bitirərək 1-ci Azərbaycan Alayına alay yunkeri vəzifəsinə göndərilmişəm və orada 5-6 ay işləmişəm”.
1925-ci ildə o, Həbibə xanım adlı bir qadınla ailə qurmuşdu. Dadaşovun Həbibə xanımdan İsmət və Şövkət adlı iki qızı, Məmməd adlı bir oğlu olmuşdur. Həbibə xanım Azərbaycan Dövlət Siyasi İdarəsinə (Azərbaycan DSİ) göndərdiyi məktubların birində bildirirdi ki, Məmmədtağı həbs olunanda kiçik uşaqları Məmməd 5 aylıq idi.
1919-cu il noyabrın 25-dən Balaxanı Sabunçu bölməsinin rəisi vəzifəsinə təyin edilmişdi. M.Dadaşov işlədiyi müddətdə həm denikinçilərə, həm əhali arasında Azərbaycan Respublikasının və onun rəhbərlərinin əleyhinə yönəldilmiş bolşevik təbliğatına, həm erməni daşnaklarına, həm də xarici müdaxiləçilərə qarşı inadla mübarizə aparmışdır. Elə ona görə də sovet hakimiyyəti illərində 4 dəfə həbs edilmişdir.
İlk dəfə onu AXC devrildikdən bir qədər sonra - 1920-ci ildə həbs etmiş və əməllərində cinayət tərkibi olmadığından azadlığa buraxılmışdı. 1921-ci ildə yenidən həbs edilməsi barədə qərar çıxarmışdı. Oktyabr ayının 2-də M.Dadaşovun həbs edilməsi və yaşadığı Aşağı Təzəpir küçəsi, dalan 5, ev 1-də axtarış aparılması haqda 1706 saylı order imzalanmışdı. Elə həmin gün aparılan axtarış nəticəsində M.Dadaşovdan 1 ədəd tapança və 1 ədəd qılınc götürülmüşdü. (həmin vaxt o, sovet hərbi ordusu sıralarında xidmət edirdi. M.Dadaşovun yazdığı məktublardan da aydın olur ki, sovetləşmədən sonra 7 il hərbçi olmuşdur). İstintaq nəticəsində M.Dadaşovun “cinayəti” yenə də sübut olunmadığından 6 noyabr 1921-ci ildə Azərbaycan ÇK-nın Kollegiyasının iclasında belə bir qərar qəbul olundu ki, 1899-cu ildə Bakı şəhərində doğulan, milliyyətcə türk Dadaşov Məmmədtağı Teymur oğlu həbsdən azad edilsin, ondan götürülən tapança və qılınc qaytarılsın, iş arxivə təhvil verilsin. Azadlığa buraxıldıqdan sonra o, bir müddət özünün təbirincə desək, 1923-cü ilə kimi Salyan şəhərində işləmiş və 1923-cü ildə 3-cü dəfə həbs olunmuş, istintaq bir nəticə vermədiyindən yenə də azad edilmişdi.
Dördüncü dəfə onu 1931-ci il dekabrın 21-də 1972 saylı orderə əsasən həbs etmişdilər. Əvvəlki həbslər zamanı dediyi kimi, bu dəfə də özünün müqəssir olmadığını bildirmişdi. Lakin bu istintaq əvvəlkilərdən xeyli fərqlənirdi. İndi artıq onun həqiqətən “cinayətkar” olduğuna şahid duranlar da tapılmışdı. Ona görə də, bir neçə şahid dindirməsi və bir üzləşmədən sonra M.Dadaşovun cinayətkar olduğu sübut edilmişdi.
Beləliklə Azərbaycan SSR CM-in 75-ci maddəsi ilə ittiham olunan M.Dadaşova 1932-ci il yanvarın 27-də istintaqın başa çatdığı elan edildi. 3-cü şöbənin əməliyyat müvəkkili Brinkman istintaq materialları ilə tanış olduqdan sonra bildirdi ki, M.Dadaşov əsasən aşağıdakılarda ittiham edilir:
Azərbaycan Dövlət Siyasi İdarəsinin məhkəmə kollegiyası 1932-ci il martın 20-də belə bir qərar qəbul etmişdi: “Dadaşov Məmmədtağı Teymur oğlu müddəti 22 dekabr 1931-ci ildən hesablanmaqla 10 il müddətinə azadlıqdan məhrum edilsin”