Məryəm Həsənova

Həsənova Məryəm Mirdaməd qızı[1] (1938, Bakı29 iyul 2018, Bakı) — Azərbaycan Milli Məclisinin sabiq üzvü, istiqlalçı millət vəkili.[2][3]

Məryəm Həsənova
Şəxsi məlumatlar
Doğum tarixi 1938
Doğum yeri
Vəfat tarixi 29 iyul 2018(2018-07-29)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti legislator

1938-ci ildə Bakıda anadan olmuşdur. Orta təhsilini Bakıda 190 nömrəli orta məktəbdə almışdır. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Həyatının sonrakı mərhələləri Siyəzən rayonunda keçmişdir.

Bir müddət Siyəzən rayonunda direktor vəzifəsində çalışmış, Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs demişdir. 2010-cu ildə işdən çıxmışdır.[2]

1990-cı ilin sentyabr ayının 30-da deputat seçilməsi elan edildikdən az sonra, 6 oktyabrda qardaşı, qardaşının həyat yoldaşı, bacısı, bacısı oğlu avtomobil qəzasına düşərək həlak olmuşdur. Ondan sonra həyatının sonuna qədər başına qara yaylıq örtmüşdür.

Anasının xahişi ilə ailə həyatı qurmuş və həyat yoldaşını 2009-cu ildə itirmişdir. Övladları olmamışdır.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1990-cı il 6 oktyabrda Milli Məclisə deputat seçilir.[4] 1990–1995-ci illərdə cəmi 51 nəfərdən ibarət olan Azəbaycan parlamentinin yeganə qadın üzvü olan Məryəm Həsənova 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına səs verənlərdən, "Müstəqil Azərbaycan" deputat blokunun 43 üzvündən biri olmuşdur.[5]

Azərbaycanın Sovet İttifaqından ayrılaraq müstəqil olması üçün mübarizə aparan Demblokun 25 üzvündən biri olan M.Həsənova vaxtilə Azərbaycan Ali Sovetinin məşhur 4-cü mikrofonda ilk çıxış edən deputatdır. İndiki Siyəzən rayonunun yaradılmasında onun xüsusi rolu var. O zaman məhz onun təklifindən sonra rayon təşkil edilib.[2]

2000-ci il parlament seçkilərində Məryəm Həsənova Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 28-ci sırada olmuşdur.[6] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4.85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Məryəm Həsənova deputat seçilə bilməmişdir.[7][8]

Müstəqillik haqqında dövlət aktının qəbul olunduğu günü belə xatırlayır:[2]

" Ən şərəfli gün kimi. Həmin gün sevincimdən hönkür-hönkür ağladım. O gün Milli Məclisin zalında şəkil çəkdirdilər. Digərləri kişilər idi deyə, mən getmək istəmirdim. Məni güclə dartıb apardılar. Ona görə də bir qolum düşüb, yumruğumu sıxdığım yerdə. Amma o anları mən həyatımın ən gözəl anları sayıram. Elə bilirdim ki, cənnətin qapısı ağzındayam. Bundan şərəfli, bundan gözəl gün ola bilməzdi. "

Milli Məclisə seçilməsini belə xatırlayır:[2]

" O zaman Zarat kənd məktəbində direktor işləyirdim. Maşın-maşın adamlar gəldi ki, bəs, biz bu işə qoşuluruq, sizin namizədliyinizi irəli sürürük. "

Məryəm Həsənova uzun sürən xəstəlikdən sonra 29 iyul 2018-ci il tarixində Bakıda dünyasını dəyişmişdir.[9][10] Siyəzəndə dəfn olunub.

  1. İstiqlalçı yox, YAP-çı Məryəm Həsənova… Arxivləşdirilib 2021-10-22 at the Wayback Machine musavat.com, 19.10.2011  (az.)
  2. 1 2 3 4 5 "Məryəm Həsənova". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-29.
  3. "Şikayətləri eşidlməyən istiqlalçı deputatın evindən reportaj". 2018-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-29.
  4. "Deputat Həsənova Məryəm". 2019-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-29.
  5. ""Müstəqil Azərbaycan" deputat bloku". 2018-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-29.
  6. "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  7. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  8. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  9. "İstiqlalçı deputat". 2018-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-29.
  10. "İstiqlalçı deputat vəfat etdi". 2018-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]