Azərbaycan Milli Məclisi

Azərbaycan Respublikasının Milli MəclisiAzərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir.

Azərbaycan Respublikasının Milli Məclisi
Buraxılıb.
Loqonun şəkli
Ümumi məlumatlar
Növü təkpalatalı parlament
Təsis tarixi 1995
Quruluşu
Üzvlərin sayı 125
Seçkilər
Sonuncu seçkilər 1 sentyabr 2024
Sayt
meclis.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Parlament tarixi

[redaktə | mənbəni redaktə et]

1918–1920-ci illərdə

[redaktə | mənbəni redaktə et]

İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər. Bundan başqa, dəlilər, karlar və qəyyum altında olanlar səs verə bilməzdilər. Eyni zamanda, həbsdə olanlar və fərarilər də səsvermə hüququndan məhrum idilər. Seçkilərdə iştirak etmək üçün azı 100 imza toplamaq vacib idi.[1]

1920–1991-ci illərdə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Azərbaycan SSR Ali Soveti

1990–1995-ci illərdə

[redaktə | mənbəni redaktə et]

1991-ci ilin avqustun 30-da Azərbaycan ikinci müstəqillik əldə etdikdən, 18 oktyabr tarixində Müstəqillik haqqında Konstitusiya Aktı keçmiş Ali Sovet tərəfindən qəbul olunduqdan sonra parlamentin fəaliyyətində dəyişikliklər zərurəti yarandı.

Keçmiş Ali Sovetdəki "Demokratik" Blokun üzvləri parlamentin iclaslarının az keçirilməsinə etiraz edərək, onun daha çevik fəaliyyət göstərməsinə nail olunması üçün 50 nəfərdən ibarət Milli Şuranın yaradılması təklifi ilə çıxış etdilər.

Uzun sürən gərgin müzakirələrdən sonra əksəriyyəti keçmiş kommunistlərdən olan Ali Sovet, keçmiş Ayaz Mütəllibov hakimiyyəti 25-i hökumətyönlülərdən, 25-i "demblokçu"lardan olan ibarət olan 50 nəfərlik Milli Şuranın yaradılmasına razılıq verdilər.

Beləliklə, 1991-ci ilin sonlarına yaxın 360 nəfərdən ibarət olan Ali Sovetin daimi fəaliyyət göstərəcək orqanı-Milli Şura yaradıldı və bu tərkibdə ilk Milli Şuranın (sonradan adı dəyişdirilərək Milli Məclis adlandırıldı) üzvləri təsdiqləndilər.

1995-ci ildən etibarən

[redaktə | mənbəni redaktə et]

1995-ci ildən etibarən Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini Milli Məclis yerinə yetirir və 5 ildə bir dəfə olaraq Milli Məclisə 125 mandat üzrə 125 seçici dairəsində majoritar qaydada seçkilər keçirilir.

Sonuncu dəfə 2000-ci il Parlament Seçkilərində 100 millətvəkili majoritar (çoxluq) 25 millətvəkili isə proporsional (nisbi) səsvermə sistemi ilə seçildi. 2002-ci ildə keçirilən referendum ilə proporsional səsvermə ləğv edildi.

Milli Məclis tarixində ilk dəfə V çağırış ərzində, 2019-cu ildə iqtidar partiyası Yeni Azərbaycan Partiyasının tələbi ilə Milli Məclis buraxılmış və ilk dəfə növbədənkənar parlament seçkiləri təyin edilmişdir.

İndiyədək 6 çağırış ərzində Milli Məclis rəhbərliyi Yeni Azərbaycan Partiyası və bitərəflərdən ibarət olub. İlk dəfə VI çağırışda başqa partiyadan-Vətəndaş Həmrəyliyi Partiyasından seçilən millətvəkili Fəzail İbrahimli Mill Məclis rəhbərliyində təmsil olunmuşdur. O Milli Məclisin sədr müavini vəzifəsinə iştirak edən 115 deputatdan 112-sinin təsdiqi ilə seçilmişdir.[2]

Parlament tarixində ən çox millətvəkili sayına sahib partiya 78 millətvəkili ilə II çağırış ərzində Yeni Azərbaycan Partiyası, ikinci partiya isə 7 millətvəkili ilə II çağırış ərzində Azərbaycan Xalq Cəbhəsi Partiyası (2001) və I çağırış ərzində Azərbaycan Demokrat Partiyası (2000) olmuşdur.

Milli Məclis 125 deputatdan ibarətdir. Onlardan 4-ü rəhbərlikdə təmsil olunur. Deputatlardan təşkil olunan 15 daimi komitə və 2 komissiya (İntizam və Hesablayıcı) var. Milli Məclisin Aparatı rəhbər, 1 müavin, katiblik, 10 şöbə, 23 sektor, işlər müdirinin xidmətindən ibarətdir.[3]

Qərar Yetərsay
Referendum 83
Prezident Seçkiləri
Parlament Seçkiləri
Deputatların statusu
Milli Məclisin səlahiyyətlərinin təsdiqi (ilk iclasın təşkili)
Milli Məclisin iclaslarının qapalı keçirilməsi
Bələdiyyə seçkiləri 63
Milli Məclisin sədr və sədr müavinləri seçimi
Milli Məclisin komitələrinə sədr, müavin və üzv seçimi
Millətvəkili toxunulmazlığına xitam verilməsi
Millətvəkillik səlahiyyətinin itirilməsi
Hesablama Palatasına sədr, müavin və auditor təyini
Dövlət təltifi
Ərazi quruluşu və dövlət sərhədləri
Beynəlxalq müqavilələrin təsdiqi və ləğvi
Dövlət büdcəsinin təsdiqi və nəzarəti
Ombudsman seçilməsi
Hərbi doktrina təsdiqi
Prezident fərmanının təsdiqi
Baş nazir təyinatına razılıq
AR Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəmələri hakimlərinin təyini
Baş Prokurorun vəzifəyə təyinatı və ya vəzifədən azad edilməsinə razılıq
Prezidentin impicmenti
Hakimlərin vəzifədən kənarlaşdırılması
Nazirlər Kabinetinə etimad
Mərkəzi Bank İdarə Heyətinə üzv təyini və ya vəzifədən azad edilməsi
Müharibə elanı və ya Sülh bağlanması
Amnistiya
Fövqəladə vəziyyət elanı və ya ləğvi
Milli Məclisdə akt qəbulu
Növbədənkənar İclas 42
Fraksiya yaratmaq 25

Milli Məclisin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır. Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.[3]

Milli Məclisin Sədri Milli Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir. Milli Məclisin Sədri vəzifəsinə namizədliyi Milli Məclisin deputatları irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Milli Məclisin sədrliyinə hər namizəd Hesablayıcı komissiyanın tərkibinə əlavə bir deputat daxil edə bilər. Gizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin Sədri seçilir. Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə heç bir namizəd 63 səs ala bilməzsə, Milli Məclisin Sədrinin birinci müavininin seçkiləri keçirilir. Milli Məclisin Sədrinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir. Bu qərarı Milli Məclisin iclasına sədrlik edən imzalayır.[3]

Milli Məclisin rəhbərliyi 4 nəfərdən ibarətdir:

  • Sədr (spiker)
  • Sədrin birinci müavini (Birinci vitse-spiker)
  • 2 sədr müavini (vitse-spiker)

Komitələr və komissiyalar

[redaktə | mənbəni redaktə et]
Komitə və komissiyalar Sədr Partiya
Ailə, qadın və uşaq məsələləri komitəsi
Aqrar siyasət komitəsi
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi
Elm və təhsil komitəsi
Əmək və sosial siyasət komitəsi
Gənclər və idman komitəsi
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi
İctimai birliklər və dini qurumlar komitəsi
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
İnsan hüquqları komitəsi
Mədəniyyət komitəsi
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi
Regional məsələlər komitəsi
Səhiyyə komitəsi
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi
Hesablayıcı komissiya
İntizam komissiyası

Milli Məclisin Aparatına 1997–2022-ci illərdə Səfa Mirzəyev rəhbərlik etmişdir.[4] 2022-ci ildən isə Aparata Fərid Hacıyev rəhbərlik edir.[5]

Daxili nizamnamə

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsi 17 may 1996-cı il tarixində qəbul edilmişdir. 17 dekabr 2002-ci il, 12 may 2006-cı il, 14 aprel 2009-cu il, 27 noyabr 2018-ci illərdə Daxili Nizamnaməyə dəyişikliklər edilmişdir.[6]

Deputatlıq statusu

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının QanunuQ 17 may 1996-cı il tarixində qəbul edilmişdir. 19 oktyabr 2001-ci il, 15 noyabr 2001-ci il, 29 iyun 2004-cü il, 1 sentyabr 2004-cü il, 1 fevral 2007-ci il, 17 aprel 2007-ci il, 16 iyun 2007-ci il, 19 oktyabr 2007-ci il, 13 iyun 2008-ci il, 2 oktyabr 2008-ci il, 14 aprel 2009-cu il, 5 mart 2010-cu il, 17 dekabr 2013-cü il, 6 mart 2018-ci il, 4 may 2018-ci il, 27 noyabr 2018-ci il, 9 iyul 2019-cu il, 17 aprel 2020-ci il, 19 may 2020-ci il, 3 dekabr 2021-ci il, 22 iyun 2022-ci il, 29 iyun 2022-ci il və 20 dekabr 2022-ci il tarixlərində qanuna dəyişikliklər edilmişdir.[7]

Siyasi partiyaların təmsilçiliyi

[redaktə | mənbəni redaktə et]

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən azı 25 deputat könüllü birləşərək deputat fraksiyaları (qrupları) yarada bilərlər. Deputat fraksiyasının (qruplarının) yaradılması barədə bəyanat Milli Məclisin iclasında elan edilir və deputat fraksiyası (qrupu) Milli Məclisin Aparatında qeydiyyatdan keçirilir. Deputatın fraksiyadan (qrupdan) çıxması nəticəsində deputat fraksiyasının (qrupunun) tərkibi 25 deputatdan az olarsa, deputat fraksiyası (qrupu) ləğv edilmiş sayılır və bu barədə Milli Məclisin iclasında elan edilir. 1995-ci ildən indiyədək Milli Məclisdə heç bir rəsmi fraksiya qurulmamışdır.

Mövcud mandat dağılışı

[redaktə | mənbəni redaktə et]

Çağırışlar

[redaktə | mənbəni redaktə et]
Seçkilər Çağırış İllər Qeyd
1990 Azərbaycan SSR Ali Sovetinin XII çağırışı 1990–1991
18 oktyabr 1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən qazandı.
Keçid dövrü Azərbaycan Ali Sovetinin Milli Şurası 1992–1995 [a]
Azərbaycan Respublikasının Seçki Qanunu və Parlamentlə bağlı qanunlar qəbul edildi.
1995 Azərbaycan Milli Məclisinin I çağırışı 1995–2000
2000 Azərbaycan Milli Məclisinin II çağırışı 2000–2005
2005 Azərbaycan Milli Məclisinin III çağırışı 2005–2010
2010 Azərbaycan Milli Məclisinin IV çağırışı 2010–2015
2015 Azərbaycan Milli Məclisinin V çağırışı 2015–2020
2020 Azərbaycan Milli Məclisinin VI çağırışı 2020–2024 [b]
2024 Azərbaycan Milli Məclisinin VII çağırış 2020– [c]

Maddi-texniki baza

[redaktə | mənbəni redaktə et]

Milli Məclisin binası

[redaktə | mənbəni redaktə et]

Milli Məclisin binası 1970-ci illərdə tikilmişdir. Memar Tahir Abdullayev onu Azərbaycan SSR Ali Soveti üçün hazırlamışdı.[8] 1980-ci illərin sonlarında Tahir Abdullayevin layihəsi əsasında ikinci bina tikildi.

2007-ci il noyabrın 3-də Milli Məclisin deputatlarının iş şəraitinin daha da yaxşılaşdırılması məqsədilə yeni korpusun təməli qoyulub və onbeşmərtəbəli yeni korpusun inşası vaxtından əvvəl memar Musəddin Əhməd oğlu Namazovun layihəsi ilə başa çatdırılıb. Yeni korpusun layihəsini "Azərdövlətlayihə" İnstitutu hazırlayıb, tikinti işlərini əsasən yerli mütəxəssislər həyata keçiriblər. Korpusun tikintisində 700-dək işçi çalışıb. Binanın inşası zamanı milli ornamentlərdən geniş istifadə olunub. Korpusun fasadı Yaponiyadan gətirilmiş alkapon materialı ilə üzlənib. İlk üç mərtəbə qranit tipli, qalan hissə isə metallik rəngli alkaponla örtülüb. Bu da yeni inzibati binanı parlamentin əsas binasının və digər korpusunun ümumi görünüşünə uyğunlaşdırıb. Yeni inzibati binada sürətli liftlər quraşdırılıb.[9] Yeni korpus parlamentin əsas binasının foyesi ilə birləşdirilib. Birinci mərtəbədə korpusları əlaqələndirən şüşəli salon var. Salonda quraşdırılan monitordan Milli Məclisin geniş iclaslarını izləmək mümkündür. Birinci mərtəbədə Milli Məclisin arxivinin saxlanması üçün hər cür şərait yaradılıb, yanğından mühafizə və müasir havalandırma sistemi quraşdırılıb. Binanın ikinci mərtəbəsi müasir kitabxana üçün nəzərdə tutulub. Kompyuterləşdirilmiş iki oxu zalı olan yeni kitabxanada 100 mindən çox kitabın və 2000 qovluğun saxlanması üçün xaricdən zəruri avadanlıq gətirilib.[9] İkinci mərtəbədə Milli Məclisin komitə iclaslarının və müxtəlif görüşlərin keçirilməsi üçün üç salon, üçüncü mərtəbədə isə komitələrin birgə iclaslarının, həmçinin ayrı-ayrı görüşlərin keçirilməsini nəzərdə tutan böyük iclas salonu var. Böyük salonda tədbirlərin sinxron tərcüməsi, videoçəkilişlərin aparılması üçün müasir avadanlıq quraşdırılıb. Bundan əlavə, üçüncü mərtəbədə 13 xidməti otaq var. Bu mərtəbədən də Milli Məclisin əsas binasına və keçmiş deputat korpusuna keçid inşa olunub.[9] Yeni korpusun qalan mərtəbələri isə bütünlüklə deputatlar üçün nəzərdə tutulub. On dörd otaqdan ibarət hər mərtəbədə bir komitə yerləşir və nadir bitkilərlə bəzədilib. İndi binada 125 deputat otağı mövcuddur. Bina "Sovet modernizmi" memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.[10]

Milli Məclisin kitabxanası 1997-ci ilin mart ayından fəaliyyət göstərir. Kitabxana Türkiyə Böyük Millət Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə hədiyyəsidir. Bütün inventar və avadanlıqlar, kitab rəfləri, oxucu stolları və kompüterləri TBMM tərəfindən hədiyyə edilmişdir.[11]

Kitabxananın kitab fondu 6600 nüsxə kitab və kitabçadan ibarətdir. Bunlardan: 3500 nüsxə azərbaycan dilində, 2200 nüsxə rus dilində olan çap məhsullarıdır. Kitab fondunun komplektləşdirilməsi məcburi nüsxələr və yeni ədəbiyyatın alınması yolu ilə aparılır. Kitabxana hər cari ildə 42 adda dövri mətbuata, 77 adda jurnala abunə olunur ki, bütün bu çap məhsulları oxucuların istifadəsinə verilmişdir. Kitabxana fondunun 80% hüquqi ədəbiyyat , qanunvericilik aktları, sorğu ədəbiyyatı təşkil edir. Bundan başqa kitabxananın fonduna bədii ədəbiyyatda öz əksini tapmışdır. Kitab fondu elm sahələri üzrə düzülmüşdür.

Parlament kitabxanası Milli Məclisin rəhbərliyinə, millət vəkillərinə, aparatın əməkdaşlarına xidmət göstərir. Kitabxanaya daxil olan oxucu sorğuları araşdırılır və operativ şəkildə öz həllini tapır. Kitabxana il ərzində 1000–1200 oxucu sorğusu ödəyir. Əlamətdar hadisələrlə əlaqədar kitabxanada tez-tez kitab sərgiləri, stendlər təşkil olunur.

Kitabxana İnternet şəbəkəsinə qoşulmuşdur. Bu məqsədlə oxucu zalında kompüterlər oxucuların istifadəsinə verilmişdir ki, daxil olan sorğunu tam ödəməkdə müsbət rol oynayır.

Parlament kitabxanası öz əlaqələrini daima genişləndirir. MDB respublikaları parlament kitabxana müdirləri 2000-ci il may ayında Sankt-Peterburq şəhərində keçirilən konfransında MDB Parlamentlərarası Assambleyasının rəhbərliyinə "MDB dövlətləri parlament kitabxanaları arasında informasiya kitab mübadiləsinin təmini" üçün müraciət imzalamışlar. Bu məqsədlə MDB dövlətlərinin parlament kitabxanaları arasında rəsmi sənədlərin, kitab və digər çap məhsullarının mübadiləsi üçün koordinasiya mərkəzi yaradılmışdır. Kitabxanam Rusiya Federasiyasının Duma kitabxanası, Ukrayna, Belorus, Moldova, Qazaxıstan, Tacikistan respublikalarının parlament kitabxanaları ilə rəsmi sənədlərin və çap əsərlərinin mübadiləsini həyata keçirir.

Məclisdə çıxış etmiş xarici şəxslərin siyahısı

[redaktə | mənbəni redaktə et]
Tarix Ölkə Çıxışçı Titulu
1 7 mart 2012[12] Gürcüstan Mixeil Saakaşvili Gürcüstan Prezidenti
2 20 oktyabr 2020[13] Türkiyə Mustafa Şəntop TBMM sədri
3 21 iyun 2022[14] Türkiyə Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezidenti
  1. "ADR–100: Muğan Sovet Respublikasının ləğvi və Qarabağdakı hadisələr" (az.). oxu.az. 1 may 2018. 6 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  2. "Arxivlənmiş surət" (PDF). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-22.
  3. 1 2 3 "Arxivlənmiş surət". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
  4. "Arxivlənmiş surət". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
  5. "Arxivlənmiş surət". 2022-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
  6. "Arxivlənmiş surət". 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
  7. "Arxivlənmiş surət". 2022-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
  8. "Arxivlənmiş surət". 2019-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
  9. 1 2 3 "Arxivlənmiş surət". 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
  10. "Arxivlənmiş surət". 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
  11. "Milli Məclis, Kitabxana". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-30.
  12. "M.Saakashvili: «Bir kərə yüksələn bayraq, bir daha enməz!»". www.azadliq.org. 2024-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
  13. "Mustafa Şentop Milli Məclisdə çıxış edib". Qafqazinfo (az.). 2020-10-20. 2024-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
  14. "Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisinin xüsusi iclasında çıxış edib | TRT Azerbaycan". www.trt.net.tr (az.). 2024-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
  1. Azərbaycan SSR Ali Sovetinin XII çağırışının 50 üzvündən təşkil olundu.
  2. İlk dəfə parlament buraxılaraq növbədənkənar seçkilər keçirildi.
  3. İkinci dəfə parlament buraxılaraq növbədənkənar seçkilər keçirildi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]